Millətçilərin Avropa seçkilərində uğuru nə deməkdir?

Şəklin mənbəyi, Getty
- Müəllif, Zülfüqar Rüfətoğlu
- Vəzifə, bbcazeri.com
Avropa Parlamentinə seçkilərin ardınca Britaniyanın əsas üç partiyasının liderləri Birləşmiş Krallıqda millətçi UKİP partiyasının qələbəsini müzakirə etmək üçün bir araya gələcəklər.
Britaniyanın baş naziri David Cameron isə Avropa liderlərini çərşənbə axşamı Brüsseldə keçirilmiş “qeyri-rəsmi şam yeməyi”ndən əvvəl Avropa İttifaqının ciddi islahatı barədə düşünməyə çağırmışdı.
Britaniya mətbuatı yazır ki, cənab Cameron Almaniya kansleri Angela Merkel, İsveçin və Macarıstanın baş nazirləri Fredrik Reinfeldt və Viktor Orbanla təcili telefon danışıqlarında olub.
Baş nazir bu qənaətdədir ki, Brüssel “həddən artıq şişib və ədabaz olub”. O, Avropa boyunca ölkələrinin Brüsseldən müstəqilliyi ideyasını şüar etmiş millətçi və sağçı partiyaların Avropa Parlamentinə seçkilərdə uğurunun əsas səbəbi kimi də elə bunu göstərib.
Aparıcı partiyaları da, hakim Mühafizəkarlar Partiyasının lideri, baş nazir David Cameronu da başa düşmək çətin deyil.
Hələ bir-iki il əvvəl çox az populyar olan millətçi UKİP ötən həftəsonu Britaniyada Avropa Parlamentinə seçkilərin qalibi olub.
Siyasi partiya liderləri UKİP-ə AP-də 24 mandat qazandırmış qələbəni “siyasi zəlzələ” adlandırıblar.
Avroskeptiklərin Avropa uğuru
Avropa Parlamentinə seçkilərdə bütün Avropa boyunca millətçilər və ifrat sağçılar böyük uğur qazanıblar. Paradoksaldır ki, bu seçkilərdə çox yaxşı nəticə göstərmiş partiyalar öz ölkələrində “avroskeptik”, yəni qısaca deyilsə, Avropa İttifaqının gələcəyinə inanmayan siyasi təşkilatlar sayılır. Bu mənada baş verənləri “ümumavropa zəlzələsi” də adlandırmaq olar.
Fransada ifrat sağçı Marine Le Pen-in Front National Partiyası (FN) öz tarixində ilk dəfə olaraq ölkə üzrə keçirilən seçkilərin qalibi olub.

Şəklin mənbəyi, Getty
Ölkəyə immiqrasiyanın dayandırılmasının qızğın tərəfdarı olan FN Fransada keçirilən seçkilərdə bütün səslərin 25 faizini qazanıb və indi AP-də 24 mandata malikdir.
Xanım Le Pen deyib: “Fransa güclü və aydın şəkildə hayqırıb ki, o fransızlar tərəfindən, fransızlar üçün və fransızlarla birlikdə idarə olunmaq istəyir, Brüsseldəki əcnəbi komissarlar tərəfindən yox”…
Mətbuat yazır ki, Fransanın tarixində ilk dəfə olaraq ifrat sağçı partiya seçkilərin qalibi olub.
Prezident Hollande-ın sosialistləri səslərin yalnız 14 faizini qazana biliblər. Bu, 1970-ci ildə təsis olunmuş hakim partiyanın ən pis göstəricisidir.
Əsas müxalifət partiyası olan UMP də Avropa seçkilərində səslərin cəmi 20 faizinə sahib ola bilib.
Bu, 2017-ci ildə Fransanın yeni prezidentini verməli olacaq təşkilat üçün ağır məğlubiyyət sayılır.
Britaniya dördpartiyalı eraya daxil olur?
Təhlilçilər təsəllini bunda tapırlar ki, Avropa Parlamentinə seçkilərdə davamiyyət cəmi 43 faiz olub, halbuki bundan əvvəlki seçkidə bu rəqəm 70 faiz idi.
Ekspertlər bu məqamı iki amillə izah edirlər – avropalıların Avropa İttifaqına etibarı sarsılıb və onlar indi öz ölkələrinin xilasını ifrat millətçilərdə görürlər.
Başqa Avropa ölkələrində də millətçilər yaxşı nəticələr əldə ediblər.
Belçikada separatçı Yeni Flamand Alyansı (New Flemish Alliance) Avropa seçkilərində səslərin üçdə birinə sahib olub.
Ekpertlər Britaniyanın yeni – dördpartiyalı eraya daxil olduğunu bildirirlər.
Leyboristlər, necə deyərlər, pərtliklərini gizlətmək üçün deyirlər ki, Avropa seçkisinin nəticələri milli seçki üçün göstərici və ya proqnoz ola bilməz. Lakin həqiqət bundan ibarətdir ki, David Cameron son 20 ildə partiyası Avropa seçkilərini uduzmuş ilk baş nazirdir.
UKİP-in seçki kampaniyasına rəhbərlıik edən Patrick O’Flynn deyib ki, seçkilər onun partiyasının Britaniya cəmiyyətinin narahatlıq və arzularına ən yaxşı cavab verən təşkilat olduğunu göstərib.
O bəyan edib ki, cəmiyyətin böyük bir qismi Avropa İttifaqında qalıb-qalmamaq barədə referendumun keçirilməsini və ölkənin öz sərhədlərinə nəzarəti təkrar ələ almasını istəyir.
Bununla belə, partiyanın daha bir sözçüsü - Suzanne Evans deyib ki, UKİP-in Avropa deputatları Fransanın Front National millətçi təşkilatı ilə bir fraksiyaya daxil olmayacaqlar. Sözçü aydınlaşdırıb ki, Front Nationaldan fərqli olaraq UKİP özünü ekstremist partiya hesab etmir.
Yeri gəlmişkən, Britaniyanın ən ifrat sağçı və millətçi partiyası olan BNP bu seçkidə yeganə mandatını itirib. Partiyanın lideri Nick Griffin innən belə AP-də oturmayacaq.
Ötən il Azərbaycanda keçirilmiş prezident seçkilərində Avropa müşahidəçisi olmuş Griffin deyib ki, onun elektoratı bu dəfə UKİP-ə səs verib.
“Çünki onlar BNP-dən daha millətçi olmağı bacarıblar” – deyib BNP lideri.
Yeni millətçiliyin siması
Bəs bu günün Avropasında millətçi olmaq nə deməkdir və Avropa Parlamentinə seçkilərdə uğur qazanmış partiyaların nailiyyətinə nə səbəb olub?
Hazırda bütün Avropa boyunca, aydın iqtisadi və siyasi proqrama malik olmayan millətçi partiyaların iki əsas şüarı var. Onlar mühacirətə və homoseksualizmə qarşıdırlar.
Onlar əslində iqtisadi böhranı və cinayətkarlıq kimi əksər problemləri də mühacirət axını ilə izah edirlər.
Əslində bu bir həqiqətdir ki, inkişaf etmiş Qərb ölkələrinə gələn mühacirlərin böyük əksrəyiyyəti dərhal sosial təminat sisteminin istifadəçisinə çevrilir. Adi işsiz və pulsuz yerlilər isə düşdükləri vəziyyətdə mühacirlərin günahkar olduğu barədə iddialara asanlıqla inanırlar.
Qurana düzəliş təklifi
Bu partiyalardan bəzilərinin liderlərinin kəlamlarına diqqət yetirək.
Britaniyada UKİP-in təsisçi liderlərindən Gerard Batten təklif edib ki, ölkədə yaşayan bütün müsəlmanları “davranış məcəlləsini” imzalamağa məcbur etmək lazımdır.
Cənab Batten hələ 2006-cı ildə Quranın bəzi yerlərinə düzəlişlər etmək təklifi ilə çıxış etmişdi.
UKİP-in lideri Nigel Farage isə radio müsahibələrindən birində demişdi ki, şəxsən o, Rumıniya mühacirləri ilə qonşulqda yaşamaq istəməzdi.
UKİP-in başqa bir aparıcı üzvü isə müsəlman mühacirlərini Britaniyanın demokratik seçki sisteminə saxtakarlıq gətirməkdə ittiham edir.
Fransada Avropa seçkilərini qazanmış xanım Le Penin atası Jean Marie Le Pen mühacirlərə ebola virusunun yoluxdurulması ideyasına işarə vurub demişdi ki, “müsyö Ebola Fransanın mühacirət problemini üçcə ayda həll edə bilər”.
Almaniyada neofaşist NPD-nin şüarlarından birində mühacirlərə işarə ilə deyilirdi: “Daha bəsdir, gəmi dolub” və ya “Avropa ağ adamların qitəsidir”.
Yunanıstanda millətçi Qızıl Dan (Golden Dawn) partiyası Avropa Parlamentində ilk mandatını qazanıb. Partiyanın əsas sözçüsünün çiynində döymə svastika şəkli var. Yunan mətbuatı yazır ki, Qızıl Dan fəallarının başlıca mübarizəsi məsçidlərin və sinaqoqların, habelə müsəlman və yəhudi qəbir daşlarının üzərinə təhqiramiz şüarlar yazmaqdan ibarətdir.
Millətçi Danimarka Xalq Partiyası AP seçkilərində səslərin 27 faizini toplayaraq mandatlarının sayını iki dəfədən də çox artırıb. Partiyanın təsisçisi Pia Kjærsgaard bəyanatlarından birində deyib ki, mühacirət onun ölkəsinin ruhuna yaddır. Onu bu bəyanatına görə tənqid edən İsveç barədə isə xanım Kjærsgaard deyib: “Əgər onlar Stokholmu, Gotenburqu və ya Malmönü Skandinaviya Beyrutuna çevirmək istəyirlərsə, bu, onların öz problemidir”.
Hollandiyada ifrat sağçı “Azadlıq Partiyasının” lideri seçkilərin nəticəsindən o qədər razı qalmasa da anti-mühacirət ritorikasından əl çəkmir.
Geert Wilders “Mən müsəlmanlara yox, İslama nifrət edirəm” kəlamı ilə məşhurlaşıb.
Millətçilər bütün partiyaları radikallaşdırırlar
Millətçi partiyalar Avropa boyunca populyarlaşdıqca ənənəvi partiyalar da elektoratın qılığına girmək üçün daha radikal olmağa çalışır.
Məsələn, Fransada “yaxşı demokrat” kimi tanınan keçmiş prezident Sarkozy Avropada sərbəst hərəkətə imkan verən “Şengen vizasının” ləğvinə çağırıb.
Bu da deyilməlidir ki, Britaniya və İsveçrə kimi bir neçə ölkə Şengen razılaşmasının onsuz da üzvü deyillər. Hətta Avropa İttifaqının özündə vahid valyuta məkanına daxil olmaqdan imtina edən ölkələr var.
İndi belə ölkələr, əvvəldən düz mövqe tutduqları barədə qənaətlərində daha möhkəm olacaqlar.
Opponentləri tərəfindən Britaniyanın qapılarını mühacirlərin üzünə taybatay açmaqda ittham olunan müxalif Leyboristlər Partiyası da çətin durumdadır. Partiyanın keçmiş lideri, keçmiş baş nazir Tony Blair öz təşkilatını mühacirət məsələsində daha sərt olmağa çağırıb.
Belə bir şəraitdə Avropanın ən ciddi təsisatları dəyər və sanbalını itirir. Türkiyənin bir çox siyasətçiləri Avropa İttifaqına bir vaxtlar olduğu kimi o qədər də cidd-cəhdlə can atmırlar. Hətta Azərbaycan kimi yeni ölkələr belə Avropa ilə assosiasiya sazişini ciddi hesab etmirlər.
Rəsmi Bakı dəfələrlə bildirib ki, Avropa ilə enerji və iqtisadi əlaqələrə həmişə hazırdır.
Əslində aparıcı Qərb ölkələrinin özləri də Avropanı siyasi ittifaq kimi görmək ideyasından, deyəsən uzaqlaşıblar.
Kəndli qiyamı, yoxsa tarixin əks-sədası?
Hazırda millətçilərin Avropa Parlamenti seçkilərində uğuruna iki daban-dabana zidd münasibət var.
Məsələn, London şəhərinin mühafizəkar meri və iti jurnalist qələminə sahib Boris Johnson millətçilərin uğurunu orta əsr kəndli üsyanları ilə müqayisə edib. Bu üsyanların isə son nəticədə məğlubiyyətlə bitdiyi bəllidir.
Mühafizəkarlar partiyasının aparıcı simalarından, keçmiş baş nazir müavini lord Heseltine deyib ki, millətçilərin uğuru iqtisadi böhranla bağlıdır və davamlı olmayacaq.
Lakin məsələyə son dərəcə ciddi baxan təhlilçilər də var. Onlar daha çox tarixi paralellərə diqqət yetirirlər.
Onlar 1930-cu illərdə bütün Avropada faşizmin necə baş qaldırdığını, Hitlerin hakimiyyətə məhz seçki yolu ilə gəlməsini yada salırlar. Onda uzaq Yaponiyada millətçilər hakimiyyətə gəlmişdilərsə, indi Hindistanda millətçi partiya seçkiləri qazanıb. “Ərəb baharı” hərbi diktaturalarla başa çatır.
O vaxtlar da “əzvay yefreytoru” çoxları dolayır, ciddiyə almırdılar. (Yeri gəlmişkən, Britaniya baş naziri David Cameron UKİP partiyasını “bir qutu meyvə piroqu” adlandırıb).
Lakin 1930-cu illərin axırında Almaniya Polşanı və Çexoslovakiyanı ilhaq edəndə bütün Avropa qəfil yuxudan ayıldı.
Müharibədən ötən 80 ildən sonra yeni əsrin ilhaqı Krımla başlayıb.
Bu ilhaqlar arasında paralel görənlərdən biri də, Britaniya vəliəhdi şahzadə Charles-dır.
O, Kanadaya son səfəri əsnasında Putini Hitlerə bənzətməklə Kremli əməlli-başlı qəzəbləndirib.
Prezident Vladimir Putinin şəxsi sözçüsü Dmitri Peskov şahzadəni tarixi bilməməkdə ittiham edib.




