Nigeriya: oğurlanmış qızların axtarışı kəşfiyyat təyyarəsi vasitəsilə aparılacaq

Britaniya Nigeriyada "Boko haram" islamçı qrup tərəfindən oğurlanmış qızların axtarışı üçün Nigeriyaya kəşfiyyat təyyarəsi göndərib.
Nigeriyada 200-dən çox məktəbli qız ölkənin şimal-şərqində oğurlanmışdı.
ABŞ təyyarələri artıq Nigeriyada havadan müşahidələr həyata keçirir, bir sıra başqa ölkələr də oğurlanmış qızların axtarışına kömək etməyə hazır olduğunu bildiriblər.
Ötən gün Afrika ölkələri liderləri Parisdə görüşərək "Boko Haram" qrupuna qarşı müharibə elan etmək qərarına gəliblər.
Görüşdən sonra Fransa prezidenti bildirib ki, görüş iştirakçıları "qlobal və regional miqyasda hərəkət planını razılaşdırıblar".
Bundan əvvəl isə Nigeriya oğurlanmış 200-dən artıq məktəbli qızın azad olunması üçün Boko Haram təşkilatı ilə danışıqlara hazır olduğunu bildirmişdi.
200-dən artıq qız aprelin 14-də Nigeriyanın şımalındakı Borno ştatında yerləşən məktəbə basqından sonra oğurlanıb.
