Təzə vətən: pasport neçəyədir?

Şəklin mənbəyi, PA
- Müəllif, Dmitri Bulin
- Vəzifə, BBC, Moskva
Dünyada nəzərəçarpacaq məbləğ əvəzində xarici vətəndaşlara təcili qaydada oturaqlıq vəsiqəsi və ya pasport verməyə çalışan ölkələrin sayı durmadan artır. Həm də bu halda pasport üçün müraciət edənlər həmin ölkədə yaşamaq əziyyətini çəkməyə də bilərlər. Yeni vətəndə ildə bir iki dəfə gözə dəymək kifayətdir.
Sürətlə inkişaf edən bu bazar haqqında hamı artıq çoxdan bilir və bu, Aralıq dənizindəki kiçik ada-dövlət – Maltaya yönələn diqqətə görə belə olub.
Yanvar ayında ölkə faktiki olaraq əcnəbilərə öz vətəndaşlığını 1 milyon 570 min dollara almaq imkanı verən qanunvericilik qəbul edib. Bu əlbəttə, kiçik məbləğ deyil, lakin nəzərə alanda ki, Malta Avropa İttifaqına və Şengen zonasına üzv ölkədir, onda bu pasportu əldə etmək cazibədar görünə bilər.
Şengen razılaşmasına üzv Avropa ölkəsinin vətəndaşı olmaq Avropa sərhədləri daxilində sərbəst hərəkət etmək və hətta istənilən Avropa ölkəsində yaşamaq imkanı verir.
Avropa Parlamentinin üzvləri Maltanın niyyətlərindən xəbər tutanda bu ölkəni kəskin tənqid etdilər və bildirdilər ki, belə bir qanunvericilik “Avropa vərtəndaşlığını ucuzlaşdırır”. Avropa Komissiyasının Malta ilə danışıqları nəticəsində belə bir razılaşma əldə edildi ki, bu ölkənin vətəndaşlığını almaq üçün ödənən 1, 57 milyon dolların ödənməsindən əlavə bu vətəndaşlığı alan şəxs bu adada minimum bir il müddətinə yaşamalıdır.
Yeri gəlmişkən, Avropa sərhədləri daxilində sərbəst hərəkət etmək və yaşamaq üçün pasport olmadan belə, yaşayış icazəsi əldə etmək kifayətdir.
Dəniz, pul və şəkər plantasiyası
Ciddi desək, əcnəbiyə yad ölkədə müəyyən imtiyazlar verən oturaqlaşmanın və ya naturalizasiyanın üç dərəcəsi var: müvəqqəti (müddətli) yaşayış hüququ, daimi rezident (və ya daimi yaşayış hüququ) və vətəndaşlıq.
Vətəndaşlığa gəlincə, bu gün çox az ölkə iqtisadiyyata investisiya müqabilində vətəndaşlıq verən qanuni və şəffaf proqrama malikdir.

Malta hökuməti ilə birlikdə bu səs-küylü qanunvericiliyin hazırlanmasında iştirak etmiş “Henley and Partners” şirkəti iki belə ölkənin adını çəkir: onların hər ikisi Karib dənizində yerləşən cırtdan Sent Kits və Nevis, həmçinin Dominikadır (Dominikan Respublikası ilə səhv salmamalı).
Sent Kits və Nevis Federasiyasının vətəndaşı olmaq üçün ölkənin şəkər sənayesini şaxələndirmək fonduna 250 min dollar ianə vermək lazımdır. Əgər siz hər hansı səbəbə görə şəkər sənayesinə investisiya yatırmaq istəmirsinizsə, onda mülkiyyət sektoruna pul qoya bilərsiniz, lakin bu məbləğ 400 min dollardan az olmamalıdır.
Bu proqramdan iranlıları çıxmaq şərtilə bütün planet sakinləri faydalana bilərlər. Məsələ burasındadır ki, bu proqram 2006-cı ildə elan edilən kimi Britaniya konsulluğu iranlıların əsl seli ilə üzləşmişdi (ölkə Britaniya kraliçasının rəhbərlik etdiyi Britaniya Birliyinin üzvüdür). Nəticədə qərara gəldilər ki, adanın vətəndaşlığını almaq istəyən İran vətəndaşlarının sayını süni qaydada azaltsınlar. İsrar edirlər ki, bu məsələnin heç bir siyasi tərəfi yoxdur.
“Bank” pasportları adası
Sent Kits və Nevisin pasportu Avropa ölkələri daxil (lakin ABŞ istisna olunmaqla) 130 ölkəyə vizasız qaydada səfər etmək imkanı verir. Lakin bir çox ekspertlər deyirlər ki, belə vətəndaşlıq çoxlarına gərək deyil.
“Bu pasport heç nə vermir, onunla Avropada yaşamaq olmaz, yalnız Avropa boyunca hərəkət etmək olar. Onda daha bunun nə mənası var?” – deyə Reality Club immiqrasiya agentlyinin rəhbəri Maksim Çernışkov sual edir.
Onun sözlərinə görə bu pasport başqa ölkədə başqa ölkənin vətəndaşı kimi əmanət saxlamaq istəyən zəngin adamları maraqlandırır. Yəni bu yolla Rusiyalı öz kapitalını xarici bankda Rusiya strukturlarından qoruyub saxlaya bilər.
Çernışkov deyir ki, ən optimal yol, hər hansı ölkədə vətəndaşlıq yox, yaşayış hüququ almaqdır. Özləri üçün xaricdə, ələxüsus da Avropada “ehtiyat aerodromu” hazırlayan varlı Rusiyalıların axını azalmaq bilmir.
Bu mənada ən populyar istiqamətlər Latviya, Sloveniya və Macarıstandır. Məlumdur ki, 2013-cü ildə təkcə Latviyada oturaqlıq haqqı alan Rusiyalıların sayı mindən çoxdur.
Avropanın bir qırığını almaq
Dünya boyunca sərbəst hərəkət etmək istəyən biznesmen üçün bu və ya digər ölkənin cazibədarlığını iki kriteriya şərtləndirir. Birincisi oturaqlıq hüququ aldıqdan sonra bu ölkədə yaşamaq tələb olunurmu? İkincisi 5 ildən sonra bu ölkədə daimi yaşayış hüququ almaq nə dərəcədə mürəkkəb olacaq?
Daimi Yaşayış Hüququ vətəndaşlığa yol açır, lakin ən başlıcası budur ki, onu vaxtaşırı təzələnən müvəqqəti yaşayış hüququndan fərqli olaraq birdəfəlik və həmişəlik verirlər.
Məsələn , Polşa və Fransa orada müvəqqəti yaşamaq hüququ olan əcnəbidən ölkə ərazisində daim olmasını tələb etmir, lakin bu ölkələrdə daimi yaşayış hüququ almaq çox mürəkkəbdir. Polşada bu ölkənin tarixindən imtahan vermək və polyak dilində kifayət qədər səlis danışmaq tələb olunur. Fransada isə yerli dili bilməkdən əlavə, həm də ayda 2600 avrodan az olmayaraq gəlirə malik olmaq lazımdır.
Məhz buna görə də daimi yaşayış hüququ almaq üçün nə dil imtahanları, nə də ölkədə daimi yaşamaq şərti tələb etməyən Sloveniya bir çox Rusiyalılar üçün münasib variant sayılır.
Ötən il bu ölkələrin cərgəsinə dövlət istiqrazlarının alınması müqabilində daimi yaşayış hüququ nəzərdə tutan proqram hazırlamış Macarıstan da qoşulub. Ekspertlər deyirlər ki, bu, Avropada investisya müqabilində dərhal oturaqlıq verən yeganə ölkədir.
Pul əsas şərt deyil
“Köhnə Avropa”nın və Şimali Amerikanın ölkələrində də “investisiya müqabilində vətəndaşlıq” proqramları mövcuddur, lakin orada bunun çox sayda şərtləri var.
İtaliya üzrə işləyən miqrasiya agentliklərindən birinin əməkdaşı BBC-yə bildirib ki, bu ölkədə daimi yaşayış hüququ almaq istəyənləri “təpədən-dırnağa” yoxlayırlar, o ki qalmışdı vətəndaşlıq ola.
İnvestisiyalar yatırmaq müqabilində vətəndaşlıq verən ölkələrdən biri də Avstriyadır. “Henley and Partners” agentliyinin məlumatına görə vətəndaşlıq verilməsi barədə qərar ölkə qarşısında həm də iqtisadi formada ola bilən “görkəmli xidmətlər” əsasında qəbul edilir.
Lakin iş təkcə investisiyalarla bitmir: əcnəbi vətəndaş Avstriyaya yeni iş yerləri açmaq və ya onun sənayesinə yeni texnologiyalar gətirməklə töhfə verməlidir.
“Ehtiyat aerodrom”u seçərkən bir mühüm məsələni də unutmaq olmaz. Vətəndaşlıq, həm də vergi ödənməsini tələb edir, “köhnə Avropada” isə bu, xeyli pul edir. Elə həmin Avstriyada fiziki şəxslər üçün vergilər 50 faizə çatır.
Başqa sözlərlə vətəndaşlıq əldə olunması baha başa gələcək. Çünki arzuolunan pasportun daşınması üçün də pul ödəməli olacaqsınız.




