Dünyanın ən nüfuzlu pasportları bilindi

Britaniya pasportu
Şəklin alt yazısı, Britaniya pasportu ilə dünyanın 173 ölkəsinə vizasız səfər etmək mümkündür.
    • Müəllif, Zülfüqar Rüfətoğlu
    • Vəzifə, bbcazeri.com

Sovet şairi Vladimir Mayakovskinin məşhur “Sovet pasportu haqqında seir”ində belə bir misra vardı: “Alın a, yana-yana qalın a – Mən sovet vətəndaşıyam”...

Mayakovskinin fəxrlə göstərdiyi pasportun rəngi şairin özü demişkən “qıpqırmızı” idi. Həmin ölkə daha yoxdur. Lakin indi dünyanın ən keçərli və yeri gəlmişkən, qırmızı rəngli pasportu Böyük Britaniyaya məxsusdur.

Bu pasportla dünyanın 173 ölkəsinə vizasız səfər etmək mümkündür. Pasportu eyni qüdrətdə olan daha iki ölkə var: Finlandiya və İsveç.

Bu məlumat öz əksini məskunluq və vətəndaşlıq planlaşdırması üzrə nüfuzlu Henley & Partners şirkətinin 2013-cü il üçün Viza Məhdudiyyətləri İndeksində (The annual 2013 Henley & Partners Visa Restrictions Index) tapıb.

Avropa İttifaqının xeyri

İndeks üzrə ölkələrin yerləşməsi göstərir ki, Avropa İttifaqının üzvü olan ölkələrin vətəndaşları üçün vizasız gediş-gəliş imkanı başqa ölkələrlə müqayisədə xeyli genişdir.

İndeks reytinqində ilk onluqdakı doqquz ölkə məhz Avropa İttifaqının üzvləridir.

Bu ölkələrin – Danimarka, Almaniya, Lüksemburq, Belçika, İtaliya və Hollandiyanın vətəndaşları üçün 172 ölkənin qapıları açıqdır.

Amerika Birləşmiş Ştatları (172) da ilk onluğa daxildir.

Qlobal miqyasda pasportunun nüfuzu ən az olan ölkə Əfqanıstandır. Əfqanlar yalnız 28 ölkəyə vizasız səfər edə bilərlər.

Pakistan və Somali vətəndaşları 32 ölkəyə, İraq vətəndaşları isə 31 ölkəyə vizasız gedib-gələ bilirlər.

Henley & Partnersin indeksində potensial olaraq ən yüksək göstərici 218-dir, beləki, reytinq cədvəlində 219 ölkə var.

İkinci onluğa 170 balla Kanada, Yaponiya, Norveç, Yeni Zelandiya və İsveçrə kimi ölkələr daxildir.

Qeyri-bərabər dünya

Lakin bu indeks reytinqi həm də dünya ölkələri arasındakı qeyri-mütənasibliyi göstərir. Ən zəngin ölkələrin pasportları çox keçərli olduğu halda, yoxsul ölkələrin pasportları daha az çəkiyə malikdir.

Dünya Turizm Təşkilatının hesabatına görə, planet əhalisinin dörddə üçü Avropaya səfər etmək üçün viza almalıdır.

Henley & Partnersin indeksində isə daha bir bərabərsizlik əks olunub. Bu da “köhnə” və “yeni” Avropa arasında olan fərqdir.

Vaxtilə “Dəmir pərdə” arxasında olan ölkələrdən Macarıstan ən yaxşı vəziyyətdədir. Macar pasportu ilə 157 ölkəyə vizasız səfər etmək olar. Onun ardınca 155 balla Çexiya Respublikası, Slovakiya və Sloveniya gəlirlər.

Avropada yerləşən Bolqarıstan və Rumıniyanın pasportları 141 ölkəyə vizasız səfər imkanı verir.

Lakin 95 ölkəyə vizasız səfər imkanı verən Rusiya və Türkiyə pasportuna baxanda onların vəziyyəti şükrlüdür. Avropada yerləşən Bosniya-Herseqovinanın pasportu 91, Albaniyanın pasportu isə 88 ölkəyə çıxış verir.

Halbuki cırtdan Lixtenşteynin pasportu ilə 159 ölkəyə vizasız səfər etmək olar.

İş böyük olmaqda deyil

Dünyanın iki ən böyük əhaliyə malik ölkəsi – Çin (44) və Hindistanın (52) pasportları da çox az keçərlidir. Bu mənada Çin hətta Vyetnam və Kambocadan da geridədir.

Keçmiş sovet respublikaları arasında ən keçərli pasportlar Ukrayna (77), Belarus (61), Qazaxıstan (61) və Moldovadır (59).

Cənubi Qafqazda ən nüfuzlu pasport Gürcüstana məxsusdur. Bu pasportla 60 ölkəyə vizasız səfər etmək olar. Azərbaycanlılar 56, ermənilər isə 55 ölkəyə vizasız gedə bilirlər.

Bu da qeyd olunmalıdır ki, Cənubi Qafqazda bu nisbətlər yaxın gələcəkdə dəyişə də bilər, beləki Azərbaycan və Gürcüstan Avropa İttifaqı Şərq Partnyorluğu çərçivəsində noyabr ayında Vilnüsdə keçiriləcək sammitdə Assosiasiya Sazişinin bir sıra sənədlərini imzalamalıdırlar. Sənədlərin arasında viza rejiminin asanlaşdırılmasına dair niyyət protokolları da var.

Ermənistan artıq Rusiyanın Gömrük İttifaqına üstünlük verərək, Avropa ilə Assosiasiya Sazişindən imtina edib.

Mərkəzi Asiyada Qırğısıztanın reytinqi Azərbaycanla eynidir.

Bu regiondakı başqa ölkələrin göstəriciləri belədir: Özbəkistan (52), Türkmənistan (46).

Region ölkələrindən olan İranın pasportu 44 ölkəyə vizasız səfər imkanı verir.

Buradaca bir məsələni qeyd etmək yerinə düşərdi. Keçmiş sovet respublikalarının vizasız gediş-gəliş rejiminə malik MDB-yə daxil olduğunu nəzərə alsaq, elə onların da pasportunun çəkisi azalaraq təqribən İran pasportları qədər keçərli olar.