Rusiya ali məktəbi: həm diplom, həm vətəndaşlıq

rusia, miqrasiya, təhsil

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Ekspertlər hesab edirlər ki, qanun dəyişikliyi əsasən keçmiş SSRİ ölkələrindən olan tələbələri maraqlandırar

Rusiya ali məktəbləri və kolleclərini bitirdikdən sonra ölkədə üç il işləmiş əcnəbilər üçün Rusiya Federasiyası vətəndaşlığı almaq prosesi asanlaşdırıla bilər. Qanun layihəsi, Iqtisadiyyat Nazirliyinin iştirakı ilə, Federal Miqrasiya Xidməti tərəfindən hazırlanıb və fevralın sonunda Dövlət Dumasına təqdim edilə bilər, BBC-yə FMX mətbuat xidmətindən bildiriblər.

Dəyişikliklər həmçinin Rusiyada üç ildən artıq fərdi sahibkarlıqla məşğul olan və azı 10 milyon rubl ($294 min) qazanan şəxslərə vətəndaşlığın təqdim olunmasını nəzərdə tutur.

Pasportu nizamnamə kapitalı 100 milyondan artıq olan Rusiya şirkətində 10 faizdən artıq sərmayə yatırımına malik investorlar da ala bilərlər.

Sahibkarların və investorların mənafeyinə toxunan təkliflərlə İqtisadiyyat Nazirliyi məşğul olub, BBC-yə nazirin köməkçisi deyib.

“Kommersant” qəzetinin ekspertləri hesab edirlər ki, yeni qaydalar tək-tük biznesmenləri və milyonlarla, əsasən keçmiş SSRİ ölkələrindən olan, tələbələri maraqlandıra bilər.

Beynəlxalq qeyri-kommersiya “Avrasiya Monitoru” sosioloqlar tərəfdaşlığının təhqiqatları göstərir ki, keçmiş SSRİ ölkələri – Tacikistan (33%), Qırğızıstan (30%), Moldova (29%) - köçüb yaşamaq üçün ilk növbədə Rusiyanı daha cəlbedici hesab edirlər.

Qazaxıstan, Türkmənistan və Özbəkistan sakinləri arasında da 2013-cü ildə Rusiyaya üstünlük verilib.

FMX-nin məlumatına görə, 2013-cü ildə 135 min əcnəbilərə RF vətəndaşlığı verilib. Bu, bir il əvvəlkindən 45 min nəfər artıqdır.

Vətəndaşlıq satışı

Tsirkon (ЦИРКОН) təhqiqat qrupunun rəhbəri İqor Zadorin hesab edir ki, ideyanın özü tamamilə məntiqlidir, lakin onu düzgün tətbiq etmək asan deyil.

”Burada təhsil alıb təhsili əsasında iş tapmış bir kəs ölkə üçün faydalı ola bilər”, - Zadorin BBC-yə deyib.

“Lakin təhsil sisteminin hazırkı vəziyyətində təhsil almaq çox vaxt sadəcə diplom sahibi olmaq deməkdir. Odur ki, bütün bunlar saxta diploma yiyələnməyə və pulla vətəndaşlıq alınmasına çevrilə bilər”, - ekspert hesab edir.

RF Kommunist Partiyası MK sədrinin müavini, Dövlət Dumasının üzvü Valeri Raşkin də eyni fikirdədir.

Rusiya iqtisadiyyatına maliyyə yatırımları edən və Rusiya vətəndaşlığı almaq istəyən imkanlı əcnəbilərin sayı cüzidir, millət vəkili RİA Novosti-yə deyib.

“Eyni zamanda Orta Asiya ölkələrindən olan xarici tələbələrin, Rusiyaya işləməyə gələn qastarbayterlərin sayı ildən ilə artmaqdadır. Vətəndaşlıq haqqında qanunda edilən dəyişiklik onların çoxlarına Rusiya pasportu almaq üçün daha bir [qeyri-qanuni] yol açar”, - o əlavə edib.

Sosial Texnologiyalar İnstitutunun direktoru Vladimir Sokolov hesab edir ki, düzəlişlər Rusiya təhsil sistemi üçün əlverişlidir.

“Ötən il Rusiya ali məktəblərində, o cümlədən, keçmiş sosialist düşərgəsi ölkələrindən olan əcnəbilərin sayı 50 faiz azalıb. Eyni zamanda bir sıra Rusiya ali məktəbləri keyfiyyətcə xeyli yüksək səviyyədə olub. Odur ki, biz yenidən başqa ölkələrdən tələbə cəlb etmək siyasətini yeritməliyik”, - o hesab edir.

“İnvestisiya” vətəndaşlığına aid düzəlişlərin bir qismi də ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir.

“Kommersant”ın məlumatına görə, vətəndaşlıq alındıqdan sonra 10 milyon məbləğində yatırmaların saxlanıb-saxlanılmaması məsələsi düzəlişlərdə dəqiqləşdirilmir.

Bundan başqa, qanun layihəsində milyonçuların Rusiya pasportuna iddia edən ailə üzvləri üçün xüsusi şərtlər təshih edilməyib.