Kipr höküməti pulu batmış əmanətçilərə vətəndaşlıq verəcək

Kipr

Kipr rəsmiləri Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi-maliyyə tədbirləri nəticəsində pulu batan əmanətçilərə vətəndaşlıq təklif etməyə hazırlaşır.

Kipr bu imtiyazı tətbiq edilən sərt iqtisadi tədbirlər nəticəsində azı 3 mln avro itirmiş investorlara təklif etmək niyyətindədir.

Prezident Nicos Anastasiades bildirib ki, yeni təşəbbüs əsasən Rusiya biznes icmasına aid ediləcək.

Gözlənildiyinə görə, bu təşəbbüs hökümət tərəfindən bəyənilərək təsdiqlənəcək.

Rusiyalı biznesmenlərin Kipr banklarında milyardlarla pulu yatırılıb.

Yeni tətbiq olunmuş iqtisadi şərtlər altında əmanətlərinin 60 faizə qədərini itirəcəklərinin məlum olması investorların qəzəbinə səbəb olub.

Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu 10 mlrd avro paketinə təminat kimi Kipri əsas banklardan birini bağlamağa və Kipr Mərkəzi bankının borclarını silməyə məcbur ediblər.

Limassol kurortunda təşkil olunmuş biznes konfransında çıxış edən Kipr prezidenti Anastasiades qeyd edib ki, yeni tədbirlər Rusiya investorlarına dəyən zərəri bir qədər azaldacaq.

Prezident Anastasiadesin sözlərinə görə, martın 15-dək ölkə banklarında depoziti olanlar və ən azı 3 mln avro pulları batanlara Kipr vətəndaşlığını almaq hüququ olacaq.