Lavrov: ABŞ Suriya qətnaməsinin yozumunu dəyişdirmək istəyirdi

Rusiya XİN rəhbəri Sergey Lavrov Suriya qətnaməsilə bağlı BMT Təhlükəsizlik Şurasında debatların 2 həftəyədək uzanması səbəbini ABŞ-ın vəziyyəti dəyişmək və gücdən istifadəyə icazə verən BMT Nizamnaməsinin 7-ci bəndinə qayıtmaq arzusu ilə izah edib.
"Partnyorlarımız buna can atırdı”, Rusiya Xarici İşlər naziri rəhbəri Kommersant qəzetinə bildirib.
Sergey Lavrovun sözlərinə görə, cümə günü BMT-də qəbul olunmuş qətnamə güc tətbiqini nəzərdə tutmur: “Burada heç bir ikili məna ola bilməz”.
Lavrov bəyan edib ki, Moskva Suriyada kimyəvi silah arsenalının təftiş edilməsi üçün müvafiq ekspert heyəti formalaşdırmağa və kimyəvi silahın məhv edilməsində maliyyə cəhətdən də iştirak etməyə hazırdır.
Cümə günü, sentyabrın 27-də BMT TŞ yekdilliklə Suriyada kimyəvi silahın məhv edilməsinə dair qətnaməyə səs verib.
Qətnamədə Suriyadakı kimyəvi silah arsenalının məhv edilməsi və beynəlxalq müfəttişlərə ölkəyə maneəsiz gediş-gəliş haqqının təmin edilməsi nəzərdə tutulur.
Qətnamədə Suriyada kimyəvi silahın tətbiq edilməsi pislənilib, lakin kimyəvi silahın işlədilməsinə görə tərəflərdən hansının məsuliyyət daşıdığı göstərilməyib.
Bazar günü Suriya prezidenti Bəşər Əsəd BMT qətnaməsinə tabe olmağa hazır olduğunu bəyan edib.
Lavrov vurğulayıb kı, qətnamənin yerinə yetirilməsi məsuliyyəti Əsəd ilə bərabər eləcə də Suriya müxalifətinin də üzərinə düşür.




