Suriyada kimyəvi silah iddiaları narahatlığa səbəbdir - Barack Obama

ABŞ prezidenti Barack Obama deyib ki, Suriyada çərşənbə günü baş verən hücumda kimyəvi silahlardan istifadə edildiyi barədə iddialar, "narahatlığa səbəb olan böyük hadisədir".
Cənab Obama ABŞ-ın hələ də bu məlumatların təsdiqinin axtarışında olduğunu, ancaq məlumatlar düzgün olsa, "Amerikadan diqqəti tələb edəyini" deyib.
Eyni zamanda Rusiya iddiaların araşdırılması üçün BMT müfəttişlərinin sözügedən ərazilərə buraxılmasına çağırıb.
Xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry təhqiqatın zəruriliyi barədə razılığa gəliblər.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu məqsədlə Suriyadakı üsyançı qüvvələr BMT müfəttişlərinə araşdırma ərazilərinə getmələri üçün təhlükəsiz keçid verməlidirlər.
İnsan haqları fəalları bildiriblər ki, ötən çərşənbə Dəməşq yaxınlığında edilmiş hücum nəticəsində yüzlərlə insan həlak olub.
Bu arada başqa ölkələrin liderləri də danışıq və məsləhətləşmələr aparıblar.
Britaniyanın xarici işlər naziri William Hague BMT-nin baş katibi Ban Ki-moon, ABŞ dövlət katibi Kerry isə Qətərin xarici işlər naziri ilə BMT müfəttişlərinin əraziyə buraxılması məsələsini müzakirə ediblər.
Britaniya xarici işlər naziri bildirib ki, yoxlamanın gecikdirilməsi dəlillərin gizlədilməsinə imkan verə bilər.




