Misir böhranı: Morsi Həməslə əlaqədə ittiham olunur

Misirin devrilmiş prezidenti Mohammed Morsi Fələstinin silahlı Həməs qruplaşması ilə əlaqələri və 2011-ci ilin üsyanı zamanı həbsxanalara basqın planı hazırlaması ittihamlarına görə həbsdə qalmaqda davam edəcək.
Bu barədə verilmiş sanksiyaya görə Morsi ilk 15 gün müddətində dindirilməlidir.
Cənab Morsinin tərəfdarları Qahirədə böyük mitinq keçirirlər və xəbər verilir ki, bu etiraza qarşı əks-etiraz mitinqinin keçiriləcəyi gözlənilir.
Təhlükəsizlik mənbələri bildiriblər ki, düşmən qruplar arasındakı toqquşmalarda 11 nəfər xəsarət alıb.
Cümə günü verilmiş order cənab Morsi devriləndən bəri onun hüquqi statusunu müəyyən edən ilk rəsmi sənəddir.
O, iyulun 3-də vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, açıqlanmayan məkanda saxlanır.
Orderdə deyilir ki, prezident Həməs qruplaşması ilə qanunsuz əməllərin törədilməsi məqsədilə işbirliyi qurmaqda şübhəli bilinir.
Qəzza zolağına nəzarət edən Həməs və cənab Morsinin Müsəlman Qardaşlığı təşkilatının sıx əlaqələrə malik olduğu bəllidir.
Dövlət xəbər agentliyi Mena bildirib ki, Morsi Fələstin qruplaşması ilə birlikdə polis məntəqələrinə və həbsxanalara hücumlar hazırlamaqda, özünün və başqa dustaqların qaça bilməsi üçün bir həbsxanaya od vurulmasının təşkilində, həmçinin zabitlərin, əsgər və polislərin bilərəkdən öldürülməsində təqsirli bilinir.
2011-ci ilin yanvarında Morsi və Müsəlman Qardaşlığının bir neçə üzvü Qahirədəki həbsxanadan qaça bilmişdilər.
BBC-nin Misir paytaxtındakı müxbiri Jim Muir bildirir ki, hazırkı order Morsinin bundan sonra da həbsdə saxlanmasına hüquqi əsas verir.
Bundan əvvəl BMT və Qərb ölkələri onun ya azad edilməsini, ya da ona qarşı qanuni qaydada ittiham irəli sürülməsini tələb edirdilər.
Müsəlman Qardaşlığının sözçüsü Gehad el-Haddad ittihamları “gülünc” adlandırıb.
O Reuters agentliyinə bildirib ki, bu order “köhnə rejimin” qayıtması deməkdir.
Alovlu ritorika
Müxbirlər deyirlər ki, order Misir böhranında qarşıduran tərəflərin küçələrdə güc sınaması kimi təhlükənin mövcud olduğu bir vaxtda verilib.
Ordu xəbərdarlıq edib ki, zorakılıqlara qarşı ən qəti tədbirlər görüləcək.
Ötən çərşənbə ordu komandanı general Abdel Fattah al-Sisi adamları zorakılılıq və terrorla mübarizədə orduya dəstək vermək üçün küçələrə çağırmışdı.
Cənab Morsi devrildikdən sonra onun tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda onlarca insan həlak olub.
Öz növbəsində silahlılar da həmçinin Sinay yarımadasında ölümcül zərbələr endiriblər.
Bəzi təhlilçilərin fikrincə, hərbiyyə Morsi tərəfdarlarının oturaq mitinqlərini, ələxüsus da Rabaa al-Adawiya məscidinin qarşısındakı etirazı dağıda bilər.
Cümə günü məscidin ətrafındakı küçələr adamlarla dolu idi.
Ordu tərəfdarları da Təhrir meydanına toplaşmağa başlayıbılar.
Keçid dövrü üçün prezident Adly Mansour cənab Morsi tərəfindən təsbit edilmiş konstitusiyanın təftişini və yeni seçkilərin 2014-cü ilin əvvəllərində keçirilməsini nəzərdə tutan yol xəritəsi təklif edib.
Müsəlman Qardaşlığı bu təklifi rədd edir.
Cənab Morsinin vaxtında baş nazir olmuş Hişam Qəndil öz yol xəritəsi ilə çıxış edir.
Bu yol xəritəsində Morsinin devrilməsindən sonra polis tərəfindən həbs edilmiş şəxslərin azad olunması, Morsiyə baş çəkəcək nümayəndə heyətinə görüş üçün imkan yaradılması, bu ayın əvvəlində prezident qvardiyasının qərargahında 51 nəfərin öldürülməsi ilə bağlı istintaqın aparılması tələbləri var.




