Yaponiyada sonuncu nüvə reaktoru müvəqqəti söndürülüb

Tomari

Şəklin mənbəyi, AFP

Ötən il zəlzələ və sunami nəticəsində zədələnmiş Fukusima Atom Elektrik Stansiyasının reaktorundakı qəzadan sonra hökumət əlavə təhlükəsizlik addımları atır.

Xokkaydo adasındakı Tomari Atom Elektrik Stansiyası profilkatik işlərin keçirilməsi üçün işini dayandırılıb.

Bununla da 1970-ci ildən bu yana ilk dəfə olaraq ölkə atom energetikası məhsulundan, müvəqqəti olsa da, məhrum edilib.

Fukusima qəzasından öncə ölkədə istehsal edilən elektrik enerjisinin 30 faizi atom energetikasının payına düşüb.

Yürüş

Tokio küçələrilə yürüşlə keçən minlərlə adam Tomari AES-in işinin dayandırılması barədə xəbəri alqışlayıb.

Yürüş təşkilatçıları tədbirə 5 min adamın qatıldığını deyirlər.

Antinüvə hərəkatının liderlərindən Masasi İsikava tədbir iştirakçılarına müraciətində deyib ki, Yaponiyanın atom stansiyalarından heç birinin yenidən işləmədiyi onların "xidmətidir".

Fukusimadakı qəzadan sonra sunami ilə zəlzələyə qarşı stansiyaların dayanıqlığını yoxlamaq məqsədilə Yaponiyanın bütün reaktorları bağlanılmışdı.

Reaktorlar işə salınmayıb

Ondan bəri heç bir reaktor yenidən sıraya qaytarılmayıb.

Ölkənin qərbindəki Oxi Stansiyasının iki reaktoru təhlükəsiz tanınıb.

Enerjiyə ehtiyacın duyulduğu bir vaxtda hökumət bu stansiyanın işinin bərpasına çalışır. Lakin onun təşəbbüsləri yerli hakimiyyətin etirazlarına dirənir.

BBC müxbirinə əsasən hökumət reaktorların fəaliyyətinin bərpasında daha qərarlı ola bilər, lakin indiyədək o, ictimai rəyin əleyhinə getməyə cürət etməyib.

Yay mövsumunun elektrik təchizatında problemsiz ötüşdüyü təqdirdə Atom Elektrik Stansiyalarının bağlanılmasına dair çağırışlar daha da güclənə bilər.

2011-ci ilin mart ayında Fukusima Atom Stansiyasında baş verən qəza nəticəsində 5 nəfər ölüb və AES ətrafında yaşayan 80 min adam evini tərk etməli olub.