Yaponiya və təmizkarlıq: "Ölkənin DNT-sinə hopmuş kollektivist şüuru"

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Ilgın Yorulmaz
- Vəzifə, Tokio
Yapon futbolçularının Dünya çempionatında Almaniyanı 2:1 hesabı məğlub etməsi, habelə komanda və azarkeşlərin hər oyundan sonra stadionu və paltardəyişmə otağını tər-təmiz halda tərk etməsi təəccüb doğuraraq sosial mediada paylaşımlara səbəb olub.
Rəngarəng geyimləri və nağaraları ilə tribunalarda xoş görüntülər yaradan, bir çoxlarına örnək olan yaponların səliqəliliyi bu xalqın DNT-sinə hopmuş kollektivist şüurdan irəli gələn xüsusiyyətdir.
Yəni fərdlər özlərindən çox cəmiyyətin ümumi rifahını üstün tuturlar. İnsanın yaşadığı və ya başqaları ilə bölüşdüyü yerə hörmət özünə hörmət kimi qiymətləndirilir.
Cəmiyyətə hörmət özünə hörmətdir
Yaponlar üçün "Bir yeri ilk gördüyün kimi, hətta ondan da təmiz halda tərk etmək" vəzifədən daha çox, həm özünə, həm də yerin sahibinə hörmət ifadəsi sayılır. Belə yazılmamış qaydalara riayət etmək yapon dilində "təbii" mənasını verən "atarimae" kimi tanınır.
Təbii ki, yaponiyalı azarkeşlər üçün oyunun nəticəsi də mühümdür. Amma şəxsən özünü və ya xalqını pərt etməmək bundan daha böyük əhəmiyyətə malikdir.
Azarkeşlərə xas fərqlər
Qətərdə keçirilən birinciliyə gələn əcnəbi qonaqlar həm başqa azarkeşləri, həm ev sahibliyi edən ölkəyə xas xüsusiyyətləri maraqla izləyirlər.

Şəklin mənbəyi, Prisma by Dukas
Yaponiyalı azarkeşlərin davranışı alkoqol satışına qadağa qoyulan Qətərdə içkiyə meylli britaniyalıların qarışıqlıq yaratması, habelə Belçikanı məğlub edən mərakeşlilərin Brüsseldə avtomobillərə od vurması kimi hərəkətlərdən kəskin şəkildə fərqlənir.
Yaponlar Almaniya ilə matçdan sonra Kosta-Rika ilə oyunda 1:0 hesabı ilə uduzsalar da, ətrafı təmizləyib, stadionu özlərinə xas səliqəli şəkildə tərk etdilər.
Yaponiyalı azarkeşlər üçün futbol sırf gərginlikdən azad olmaq vasitəsi deyil. Bu daha çox qadın və kişilərin ahəng şəkildə öz millilərinə dəstək ifadəsi və xoş asudə vaxtı hesab olunur.
2020-ci il Tokio Olimpiadasına ev sahibliyi edən Yaponiya paytaxtında zibil qutuları olmasa da, başqa ölkələrdən fərqli olaraq ətrafı zibilləmə problemi yaşanmamışdı. Belə ki, idman yarışları və ya konsert kimi miqyaslı tədbirlərə gələnlər zibili özlərilə evə aparıb gedirlər.
Yaponiyada ətraf mühiti çirkləndirməyə görə cəza 1000 yendən (təxminən 12,5 AZN) başlayır. Lakin küçə və ictimai nəqliyyatda təmizlik cəzalarla deyil, maarifləndirmə və təhsil vasitəsilə təmin edilir.
"Quş tərk etməyə hazırlaşdığı yuvanı çirkləndirməz"
Belə ki, Yaponiyada şagirdlər müəllim və müdiriyyətlə birlikdə öz məktəblərinin təmizliyinə görə məsuliyyət daşıyırlar. Yəni gənc yaşlarından başlayaraq uşaqlara həyat bacarıqları, ətraf mühit haqqında məlumat verilir, başqalarına qarşı hörmət hissi aşılanır.
Osakada yaşayan tərcüməçi Makiko Takahaşi məşhur atalar sözü olan "Tatsu tori ato vo niqasazu" (Quş tərk etməyə hazırlaşdığı yuvanı çirkləndirməz) deyimini xatırladıb əlavə edir: "Bizdən sonrakı adam gəlib iyrənməsin deyə, təmizləyib arxamızda zibil qoymamalıyıq. Və əlbəttə ki, işi gözəl başa vurmaq arxada çirkab qoyub getməkdən daha məqbuldur".
Yaponiyada hər gün minlərlə sərnişini daşıyan sürətli qatarlar (şinkansen) terminalda cəmi 3 dəqiqə ərzində təmizlənir. Adətən əcnəbilər təmizləyici qrupların necə işlədiyini heyrətlə izləyirlər.







