Ukrayna böhranı: Rusiya hələ də Kiyevi tuta bilməyib

Şəklin mənbəyi, Getty Images
Rusiya Ukraynada başlatdığı müharibənin ilk günündən paytaxtı hədəfə alsa da, döyüşlərin 5-ci günündə Moskva hələ də Kiyevi ələ keçirə bilməyib.
Rusiyanın Ukraynaya ötən həftə genişmiqyaslı hərbi müdaxiləsindən sonra beynəlxalq media bir çox ekspertə istinadən yazmışdı ki, Kiyevin işğalı 72 saat çəkər.
Rusiyanın Ukraynaya hücumunun 5-ci günündə Kiyev, eləcə də ölkənin digər əsas şəhərləri Ukraynanın nəzarətindədir.
Bazar ertəsi səhəri şəhərdə həyəcan siqnalı verilərək Kiyevin atəşə tutulacağı barədə xəbərdarlıq olunsa da, hələlik yeni hücum qeydə alınmayıb. Hazırda Kiyevdə iki gündür ki, tətbiq olunan komendant saatı ləğv edilib.
Lakin gecə saatlarında Ukraynanın Xüsusi Əlaqələr üzrə Dövlət Xidmətinin Teleqram kanalı xəbər verib ki, Kiyev və Xarkovda bir neçə saatlıq sakitlikdən sonra yenidən partlayış səsləri gəlməyə başlayıb. Lakin məsələ ilə bağlı ətraflı məlumat yoxdur.
Ukrayna tərəfinin məlumatına görə, Sumidə bütün gecə döyüşlər davam edib və Ukrayna ordusu şəhərə yenidən nəzarət edir.
Ölkənin şimal-şərqində yerləşən Çerniqov şəhəri gecə ərzində rus qoşunlarının güclü atəşi ilə üzləşsə də şəhər Ukraynanın nəzarətindədir.
Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı açıqlamada bildirilir ki, rus ordusu bütün Ukrayna üzərində hava üstünlüyünü əldə edib.
"Rus hərbçiləri Zaporojye Atom Elekstrik Stansiyası (AES) ətrafındakı əraziyə nəzarəti ələ keçirib (AES personalı xidmət obyektlərində işləməyə davam edir, radiasiya fonu normaldır). Rus bölmələri Berdyansk və Enerqodar şəhərlərini nəzarətə götürüb", - qurumun məlumatında bildirilib.
Ukrayna yetkililəri bunu təkzib edib. Dövlətə aid nüvə şirkəti olan Energoatom İnterfax-a bu iddianın "saxta xəbər" olduğunu açıqlayıb.
Rusiyada ATM-lər qarşısında uzun növbələr yaranıb
BBC News-un Moskvada olan müxbiri Jenny Hill-in Ukraynaya hücum etməsindən sonra sanksiyalarla üzləşən Rusiyadakı iqtisadi vəziyyəti belə şərh edir:
"Kreml rəhbərliyi istəmir ki, Rusiya xalqı ölkəyə qarşı tətbiq olunan sanksiyaların onlara təsir edəcəyini düşünsün.
Bununla belə, beynəlxalq ekspertlər Rusiyaya yönələn iqtisadi qadağaların böyük təsir göstərəcəyini bildirirlər.
Biz artıq bu gündən həmin təsirlərdən bəzilərini müşahidə edirik. Rubl record səviyyədə azalıb. Məlumata görə, bu gün səhm bazarı açılmayıb və Rusiya Mərkəzi Bankı faiz dərəcəsini iki dəfədən çox artırıb.
Bunlara baxmayaraq, rəsmi Moskva sanksiyaların gözlənilən olduğunu bildirib və iqtisadi təzyiqlərə qarşı hazır olduğunu açıqlayıb.
Təbii ki, baş verənlər Kremldə narahatlıqlara yol açıb və Vladimir Putinin gün ərzində iqtisadi müşavirlərlə görüşəcəyi gözlənilir.
İnsanlar da artıq fərqi görməyə başlayıblar. Bankomatların qarşısında, banklarda uzun növbələr yaranıb.
Böyük ehtimalla, növbəti günlərdə insanlar maliyyə ehtiyatlarının daha da dəyərdən düşdüyünü görəcəklər.
Bu tendensiya iş yerlərinin itirilməsi ilə də yekunlaşa bilər".

Şəklin mənbəyi, Getty Images
Bu gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri sülh danışıqları üçün Belarus-Ukrayna sərhədində görüşürlər. Hərçənd Ukrayna Prezidenti Zelenski müzakirələrin nəticəsiz olacağını ehtimal edir.
Zelenski Rusiyanın Ukraynada başlatdığı müharibənin 5-ci günündə xalqına müraciətində deyib ki, onlar "möhkəm dayanırlar".
Prezident həmçinin əlavə edib ki, ukraynalılar özlərini "bütün gücü ilə göstərdilər və dövlətlərini müdafiə etməkdə nəyə qadir olduqlarını nümayiş etdirdilər".
İndiyədək Ukrayna Müdafiə Nazirliyi Rusiyanın 5300 hərbçinin öldüyünü açıqlayıb.
Rusiya MN itkilərinin olduğunu təsdiqləsə də, onların sayını açıqlamayıb.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner-in təhlili
Rusiyanın hücumu tam şəkildə plana uyğun getmir.
Dördüncü gün ərzində Rusiya heç bir Ukrayna şəhərini ələ keçirə bilməyib və görünür ki, ruslar ağır itkilər verir.
Bu, Moskvada müəyyən məyusluq və hövsələsizlik doğuracaq.
Belarus sərhədində təklif olunan sülh danışıqlarının həm Moskvanı, həm də Kiyevi razı salacaq sövdələşmə ilə nəticələnəcəyini təsəvvür etmək çətindir.
Putin Ukraynanın tamamilə öz nəzarət dairəsinə qayıtmasını, Zelenski hökuməti isə müstəqil qalmağı istəyir. Bu, kompromis üçün elə də çox yer qoymur.
Putinin bugünki nüvə xəbərdarlığını da nəzərə alanda isə, çox ehtimal ki, yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı hücumu intensivləşəcək, mülki əhali arasında itkilərə isə indikindən hətta daha da az əhəmiyyət veriləcək.


Şəklin mənbəyi, Getty Images
Türkiyə Qara dənizə çıxışı bağlaya biləcəyinə işarə edib
Türkiyə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dənizə çıxışını əngəlləyə biləcək beynəlxalq müqavilənin şərtlərini tətbiq edəcəyini bildirib.
1936-cı il Montreux Konvensiyasına əsasən, Türkiyə Ukraynanın cənub sahilində yerləşən Qara dənizi Aralıq dənizi ilə birləşdirən iki boğaza nəzarət edir.
Konvensiya Rusiya və digər Qara dəniz sahilində yerləşən ölkələrə məxsus gəmilərin sülh dövründə boğazlardan sərbəst keçidinə zəmanət verir, lakin müharibə zamanı və ya Türkiyənin özü təhlükə altında olarsa, Türkiyəyə boğazları bütün xarici hərbi gəmilər üçün bağlamağa icazə verir.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ukraynadakı vəziyyətin "müharibəyə çevrildiyini" və "Montreux Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəklərini" bildirib.
Türkiyədəki CNN Türk televiziyasında canlı yayımda danışan Çavuşoğlu, "Tərəflər arasında ciddi qarşıdurma var. Bu, hərbi əməliyyat deyil, müvəqqəti bir-iki hava hücumu deyil, hazırda rəsmi müharibə vəziyyəti var" deyib.
Türkiyənin bu günə qədər Montreux Konvensiyasına ciddi əməl etdiyini bildirən Çavuşoğlu, "Bu şərtlər daxilində əlbəttə ki, Montreux Konvensiyasını həyata keçirəcəyik. Türkiyənin iştirakçı olmadığı bir müharibədə Türkiyə Boğazları gəmilərin keçidinə bağlaya bilər".
O deyib ki, bu şərtlər "Montreux Konvensiyasının 19-cu maddəsi çox aydın" göstərilib.
Çavuşoğlu Ukrayna ilə Rusiya arasında baş tutan görüşün atəşkəslə yekunlaşmasını arzulayıb.
NATO müttəfiqi olan, lakin enerji və turizm baxımından Rusiyadan da asılı olan Türkiyə daha əvvəl Rusiyanın hücumunu qəbuledilməz adlandırsa da, vəziyyəti müharibə adlandırmaqdan çəkinmişdi.

Şəklin mənbəyi, Zhitomir.info
Belarusdan atılan "İsgəndər"lər Jitomir Aeroportunda
Ukrayna daxili işlər nazirinin bir məşvərətçisi Anton Herashchenko Telegram kanalından bildirib ki, "Belarusdan atılmış "İsgəndər"lərin saat 17:00 radələrində vurduğu yer buradır... Rus və Belarus faşistləri Jitomir Aeroportunu hədəf alıb".
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin daha əvvəlki açıqlamasına görə, bu gün Ukrayna və Rusiya səlahiyyətliləri Ukrayna və Belarus sərhədində danışıqlar aparmaq üçün görüşəcəklər.
Açıqlamada "Belarusun Ukrayna nümayəndə heyətinin bu ölkəyə səfəri, görüşləri və dönüşü zamanı öz ərazisində yerləşdirilmiş bütün təyyarələrin, vertolyotların və raketlərin yerində qalmasını təmin etməyi öhdəsinə götürdüyü" bildirilir.
Ukraynaya "İsgəndər" atılması xəbəri ilə bağlı Belarusun münasibəti bəlli deyil.

Şəklin mənbəyi, Getty Images
Zelenski orduda əmək haqqını 100 min qrivnayadək artıracağını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin maaşını 100 min qrivnayadək (5650 AZN) artıracağına söz verib.
"Bu gün ən vacib iş əsgər olmaq, vətəni müdafiə etməkdir. İstəyirəm, dövlət bu işi yerinə yetirənlərin əməyini yüksək qiymətləndirsin. Hərbiçilərin aylıq ödənişini 100 min qrivnaya qaldıracağıq. Quru təşəkkür etmək lazım deyil, bu yolla onlara həqiqətən də minnətdarlığımızı bildirməliyik", Prezident Zelenski deyib.
Ukranya lideri bu qərarın müharibənin sonunadək qüvvədə olacağını bildirib.
Müharibə zamanı Ukraynada 16 uşaq öldürülüb.
Rusiya Müdafiə Nazirliyi hərbçilər arasında itkilərin olduğunu təsdiqləsə də, onların sayı barədə məlumat verməyib.
Ukraynalı rəsmilərin sözlərinə görə, müharibə başlayandan bu günə kimi Rusiyanın 4300 hərbçisi öldürülüb.







