Bakı: ABŞ-ın Ermənistandakı səfirinin Qarabağa dair açıqlaması "qəbuledilməzdir"

Leyla Abdullayeva

Şəklin mənbəyi, AZertag

Bakı ABŞ-ın Ermənistandakı səfirinin Qarabağa dair açıqlamasını "qəbuledilməz" adlandırıb,ABŞ-ın Ermənistandakı səfiri Qarabağın statusundan danışıb, ABŞ-da 20 il əvvəl 11 sentyabr hücumunda həlak olanların xatirəsini yad etmək üçün anım mərasimləri keçirilib, BBC News Azərbaycancanın icmalında oxuyun.

Rəsmi Bakı ABŞ-ın Ermənistandakı səfirinin "Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik" deməsini "qəbuledilməz" adlandırıb.

Bunu ötən gün Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in sorğusuna cavab olaraq söyləyib.

"ABŞ-ın Ermənistandakı səfiri "Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir" söyləyib. ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir," - Leyla Abdullayeva bəyan edib.

"Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb," - XİN-in mətbuat katibi vurğulayıb.

"Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir", - Leyla Abdullayeva qeyd edib.

ABŞ səfiri Qarabağın statusundan danışıb

Lynne Tracy

Şəklin mənbəyi, NEWS.AM

Şənbə günü Yerevanda jurnalistlərlə görüşən ABŞ-ın Ermənistandakı səfiri Dağlıq Qarabağın statusu barədə danışıb.

"30 illik müharibə və gərginlik bir gecədə həll oluna bilməz. Ancaq başa düşürük ki, burada həll edilməli olan bəzi təməl məsələlər var. Onlardan biri də, artıq dediyim kimi, budur ki, biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk qrupunun gündəliyində saxlamağa davam edəcəyik", - Lynne Tracy deyib.

Amerikalı diplomatının sözlərinə görə, ABŞ tərəfləri masa arxasına qaytarmaq üçün səylərini əsirgəmir. Lynne Tracy danışıqlar üçün "mükəmməl platformanın" mövcud olmadığını deyib. Hərçənd ki, onun sözlərinə görə, Minsk Qrupunun müvafiq "mandatı" və "legitimliyi" var və bu danışıqlara gəlincə "çox vacibdir".

Azərbaycan Dağlıq Qarabağ kimi ərazi vahidinin və onun status məsələsinin mövcud olmadığını bildirir.

ABŞ-da 11 sentyabr hücumlarının 20-ci ildönümü

Anım mərasimi

Şəklin mənbəyi, EPA

Şənbə günü ABŞ-da 11 sentyabr hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimləri keçirilib.

New Yorkda ilk təyyarənin Dünya Ticarət Mərkəzinə çırpıldığı anda bir dəqiqəlik sükut elan olundu. Bundan sonra əkiz qüllələrin yerində açılan 11 Sentyabr Xatirə Muzeyində ucadan qurbanların adları oxunmağa başlayıb. Hadisələrin 20-ci ildönümünə həsr edilən mərasimlərə Prezident Joe Biden və birinci xanım Jill Biden-lə yanaşı keçmiş prezidentlər də qatılıb.

New Yorkdakı 9/11 abidəsi

Şəklin mənbəyi, Getty Images

New Yorkdakı 9/11 abidəsi

Şəklin mənbəyi, EPA

20 il əvvəl Əfqanıstandakı əl-Qaidə tərəfindən planlaşdırılan həmlələlər vaxtı intiharçı hücumçuların qaçırdığı dörd ABŞ sərnişin təyyarəsindən ikisi New Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə, daha bir təyyarə isə Washington yaxınlığındakı Pentaqon binasına çırpılıb. Pensilvaniya ştatına yönlənən dördüncü təyyarədəki sərnişinlərin müqavimətindən sonra, o, qəzaya uğrayıb.

Bu basqınlardan sonra, ABŞ qoşunları Əfqanıstan və İraqa yeridilib.

New Yorkdakı 9/11 abidəsi yaxınlığında ABŞ bayrağını dalğalandıran şəxs

Şəklin mənbəyi, Anadolu Agency

Şəklin alt yazısı, New Yorkdakı 9/11 abidəsi yaxınlığında ABŞ bayrağını dalğalandıran şəxs

ABŞ Prezidenti 2001-ci il 11 sentyabr hücumları qurbanlarının xatirəsini anarkən ölkəni birliyə çağırıb.

Hadisənin 20-ci ildönümü ərəfəsində yayımlanan videoda Joe Biden həyatını itirən 2977 insanın xatirəsinin əziz olduğunu deyib.

"Nə qədər vaxt keçməsindən asılı olmayaraq, bu anımlar hər şeyi ağrılı şəkildə geri qaytarır, sanki xəbəri bir neçə saniyə əvvəl eşitmisən", - Joe Biden deyib.

Anım mərasimi

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Anım mərasiminə gələnlər həlak olan yaxınlarının şəkillərini gətiriblər