Paşinyan Zəngəzurda fit və təhqiredici çağırışlarla qarşılanıb, Rusiya-Gürcüstan sərhədində minlərlə türk maşını qalıb

Etiraz

Şəklin mənbəyi, news.am

Paşinyanı Zəngəzurda fitlərlə və təhqiredici çağırışlarla qarşılayıblar, Rusiya-Gürcüstan sərhədində minlərlə türk maşını qalıb, Azərbaycanda mədəniyyət naziri koronavirusa yoluxub, ötən həftə Avropanın aparıcı futbol gücləri sayılan İngiltərə, İspaniya və İtaliyadan olan 12 klub futbol Super Liqası yaratmaq qərarına gəliblər, amma artıq 6 klub geri addım ataraq tənqidlərdən nəticə çıxardığını elan edib, - daha ətraflı BBC News Azərbaycancanın icmalında

Paşinyan Zəngəzurda fitlərlə və təhqiredici çağırışlarla qarşılanıb

Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə axşamı günün sonunda Ermənistanın cənubunda yerləşən Sünik vilayətinin (Zəngəzur ərazisində) bir neçə kəndinə baş çəkib və vilayətin mərkəzi şəhəri Qafanda gecələyib.

Son vaxtlar o, belə səfərlər tez-tez edir. Qabaqcadan elan etməyib, rayonlara baş çəkir. Müxalifət bu səfərləri vaxtından əvvəl qeyri-qanuni başlanmış seçkiqabağı təşviqat kampaniyası hesab edir.

Çərşənbə günü Qafandan Nikol Paşinyan Meğri şəhərinə baş çəkib və burada onu qəzəbli sakinlər fitlərlə və təhqirlərlə qarşılayıb.

Paşinyanın mühafizəçiləri, xüsusi təyinatlı polis və Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının əhatəsində şəhərin mərkəzidəki meydana çıxmaq cəhdi baş tutmayıb.

İzdiham onu "Nikol satqın", "Kapitulyant", "Sən Qarabağı satmısan, indi Süniki satmağa gəlmisən", "Sünik bizim vətənimizdir, onu heç kəsə vermərik" çağırışları ilə qarşılayıblar.

Paşinyanın tərəfdarları və onu həqarətlə qarşılayanlar arasında toqquşma baş verib, hüquq-mühafizə əməkdaşları onları aralayıb. Bundan sonra Paşinyan şəhəri tərk edib.

Yerli sakinlər Ermənistan hökuməti və şəxsən Baş nazir Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin onların təbirincə, "mütəmadi hədələmələrinə" cavab verməməsindən narazıdırlar.

Prezident İlham Əliyev ötən gün bəyan edib ki, "Ermənistan istəsə də, istəməsə də", Bakı "Zəngəzur dəhlizini icra edəcək". Azərbaycan Prezidenti həmçinin məsələni "zorla" həll etməyə hazır olduğunu bildirib.

Avtomobil arxiv şəkli

Şəklin mənbəyi, Getty Images

Rusiya-Gürcüstan sərhədində minlərlə türk maşını qalıb

Rusiyadan Gürcüstana yollanan türk yük avtomobillərinin sürücüləri həftələrdir ki, sərhəddə ilişib qalıb. İki ölkə arasındakı Kazbeqi-Yuxarı Lars sərhəd keçidində gözləyən nəqliyyat vasitələrindən ibarət növbənin 75 kilometrə uzandığı bildirilir. Bu barədə Türkiyənin Dünya qəzeti xəbər verir.

Məlumata əsasən, təxminən 4 min yük maşını Rusiya sərhədini artıq bir aya yaxındır ki, keçə bilmir.

Koronavirus pandemiyasından əvvəl Türkiyə ilə Mərkəzi Asiya arasındakı avtomobil daşımalarının 90 faizi İran və Türkmənistan üzərindən aparılıb. Lakin Türkmənistanda sərhəd keçidinin bağlanılmasından sonra yük maşınları Gürcüstandan Azərbaycana və oradan Qazaxıstana keçməyə başlayıblar.

Amma Azərbaycanda bir nəqliyyat vasitəsi üçün 500 dollardan artıq ödəniş alındığı üçün nəqliyyatçılar daha çox Gürcüstan-Rusiya-Qazaxıstan yoluna üstünlük verirlər, məlumatda deyilir.

Hazırda Kazbeqi-Yuxarı Lars sərhədindən hər gün ən çox 30 türk nəqliyyat vasitəsinin keçməsinə icazə verilirsə, erməni və gürcü sürücülərə gəldikdə, bu rəqəm 500-ə çatır.

Məlumata görə, xüsusilə də Ramazan ayının başlaması ilə bağlı yerli sakinlər oruc tutan sürücülərə su və yemək gətirirlər.

"Keçən həftə 40 km olan növbə bu həftə 75 km-ə çatdı. 5 gündə 4 km məsafəni qət edə bilməmişik. Xəstəyəm, avtomobili tərk edib xəstəxanaya gedə bilmirəm. Ürək xəstəliyi olan və dərmanı tükənən sürücülər var. 22 gündür ki, duş ala bilmirik. Yemək, içki və dizel yanacağı ilə bağlı problemimiz var. Şirkətlər "özünüzə baxın" deyirlər. Hökumətimizdən hələ dəstək almamışıq. Heç kim səsimizi eşitmir," - məlumatda vəziyyəti şərh edən türk sürücüsü Mehmet Şerif Hacıoğlunun sözləri iqtibas olunur.

Anar Kerimov

Şəklin mənbəyi, Azertac

Nazir Anar Kərimov karantinə alınıb

Azərbaycan mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, karantinə alınan Anar Kərimov aprelin 16-dan müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilir.

Bir müddətdir ki, Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, indiyədək ölkədə ümumilikdə 301 min 661 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, onlardan 4 mindən çoxu vəfat edib.

Hazırda 32 minə yaxın xəstə müalicə olunur.

Yeni yaranan Avropa Super Liqası dağılırmı?

Avropa Super Liqası

Şəklin mənbəyi, Getty Images

Avropa Super Liqasında iştirak edən altı Premyer Liqa komandasının hamısı hazırda yarışdan çıxdığını bəyan edib

Manchester City Chelsea-nin geri çəkilmək üçün sənədlər hazırlamaq xəbərindən sonra sazişdən çıxan ilk klub oldu.

Digər dörd tərəf - Arsenal, Liverpool, Manchester United və Tottenham - hamısı bu addımı atıb.

Super Liqa elan edib ki, layihəni yenidən formalaşdırmaq üçün "ən uyğun addımları" yenidən nəzərdən keçirəcək.

12 komandadan ibarət Avropa Super Liqası bazar günü geniş tənqidlərə baxmayaraq elan edilib. Tənqidçilərin arasında beynəlxalq futbol təşkilatları, dövlət rəsmiləri və azarkeş qrupları olub.

Manchester City Super Liqadan "çəkilmə prosedurlarını rəsmi olaraq təsdiqlədiklərini" bildirib.

Liverpool yeni elan olunan liqadakı iştiraklarının "dayandırıldığını" söyləyib.

Manchester United, iştirak etməmək qərarını verərkən "azarkeşlərimizin, İngiltərə hökumətinin və digər əsas maraqlı tərəflərin reaksiyasını diqqətlə dinlədiklərini" bildirib.

Arsenal öz tərəfdarlarına açıq bir məktubla müraciət edib üzr istəyib və "səhv etdiklərini" söyləyərək, "daha geniş futbol ictimaiyyətini" dinlədikdən sonra geri çəkildiklərini elan edib.

Tottenham sədri Daniel Levy klubun Super Liqaya qoşulmaq təklifin yaratdığı "narahatlıq və kədərlənməyə" görə peşman olduğunu söyləyib.

Chelsea "qrupdan çıxma üçün rəsmi prosedurlara başladıqlarını" bəyan edib.

Uefa prezidenti Aleksander Ceferin geri dönüşü məmnuniyyətlə qarşılayıb və bunları deyib: "Onlar indi geri döndülər və bilirəm ki, yalnız yarışlarımıza deyil, bütün Avropa oyunlarına təqdim edəcəkləri çox şey var".