"Qoy min avtomaşın olsun. Qoy düşmən görsün ki, xalqımız Sünik üçün sinə gərməyə hazırdır",- Ermənistan müxalifəti Azərbaycanla sərhədə yürüşə hazırlaşır

"Qoy min avtomaşın olsun. Qoy düşmən görsün ki, xalqımız Sünik üçün sinə gərməyə hazırdır",- Ermənistan müxalifəti Azərbaycanla sərhədə yürüşə hazırlaşır, Prezident İlham Əliyev cümə günü bir neçə dövlət qurumunun Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi barədə sərəncam imzalayıb. TƏBİB rəsmisi deyib ki, açıq havada maska taxmaq "məntiqə əsaslanmalıdır". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "hazırda Qarabağın azərbaycanlı əhalisinin geri qaytarılması ilə bağlı işlərin görülüb-görülmədiyi" sualına cavab verib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistanın paytaxtında Paşinyana müxalif hərəkatın lideri Vazgen Manukyanın çağırışı ilə cümə günü "təcili mitinq" keçirilib. "Vətənin xilası" hərəkatının baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan Azadlıq meydanına toplaşmış yüzə yaxın tərəfdarları qarşısında meydanı müxalifətin qərargahı elan edib.
"Bu meydan bizim qərargahımızdır, və biz bu qərargahdan Nikol Paşinyan vəzifədən getdikdən sonra gedəcəyik", - deyə Vazgen Manukyan hər gün burada vətəndaşlarla görüşlər keçirəcəyini bildirib.
"Mən özüm gündə ən azı iki saat, məsələn, 17-dən 19-dək həmkarlarımla burada olacağam. Gəlin toplaşıb birgə müzakirələr keçirək. Mütləq mitinq keçirmək vacib deyil. Bura - qanı bir, ürəyi bir, ideyası bir insanların görüş yeri, bir-birinə qüvvət verdiyi yerdir", - o deyib.
Daha əvvəl müxalifət fevralın 20-də Yerevanın Azadlıq meydanında "ümumrespublika" mitinq təyin edib, bu "təcili mitinq"in başlıca məqsədi isə son vaxtlar sosial şəbəkələrin erməni dilli seqmentində "məxfi sənəd" haqqında məlumat kontekstində müxalifətin gələcək fəaliyyətini əlaqələndirməkdir.
Mitinq ərəfəsində Vazgen Manukyan xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, sözügedən məxfi sənədə əsasən, Sünikin sərhədləri və Ermənistanın bu bölgəsi üzərindən keçən kommunikasiyalar Ermənistanın ərazi itkiləri nəticəsində müəyyən edilir.
Onun sözlərinə görə, mövcud hakimiyyət nümayəndələri tərəfindən başqa məxfi sənədlərin imzalanması da mümkündür.
Manukyan Ermənistan ərazisinin günü-gündən daha da kiçildiyini və Ermənistan ərazilərinin taleyini yadların həll etdiyini bildirib.
Naməlum mənbələrdən yayılan "məxfi sənədlərdə" Ermənistan rəhbərliyinin Sünik bölgəsində Azərbaycana ərazi güzəştləri vədindən bəhs edilir.
Manukyan həmçinin "Vətənin xilası" hərəkatına yaxın həftələrdə Yerevandan "yüzlərlə avtomobil karvanı ilə sünikli qardaşlarımızla görüşə" yollanmaq xahişi ilə müraciət edəcəyini bildirib.
"Qoy min avtomaşın olsun. Qoy düşmən görsün ki, xalqımız Sünik üçün sinə gərməyə hazırdır", - o deyib.

Şəklin mənbəyi, Azertag
"Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz"- TƏBİB rəsmisi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva cümə günü REAL TV-yə müsahibəsində deyib ki, "açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur".
O, aparıcının maska taxmağın ciyərlərə təsiri ilə bağlı sualında deyib ki, maska taxmaq "məntiqə əsaslanmalıdır və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz".
Nəzrin Mustafayeva açıqlamasında Nazirlər Kabinetinin qərarında açıq hava yox, "sosial məkanlarda" maska taxmağın qeyd olunduğunu söyləyib.
"Əgər biz sosial ərazilərdəyiksə, o zaman təbii ki, maska taxmalıyıq. Əgər siz tək gəzirsinizsə və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur", - həkim-infeksionist söyləyib.
TƏBİB-in Nəzrin Mustafayevanın adından yaydığı açıqlamada deyilir ki, verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək qərara "həkim kimi mövqeyi" istəyib.
"Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir", - qurum Nəzrin Mustafayevaya istinadən açıqlayıb.
Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, onun səsləndirdikləri fikirlər "yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil".
Həkim-infeksionist əlavə edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi hər bir qərara əməl etmək "hər birimizin borcudur".
Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub. Bu qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunurlar.

Şəklin mənbəyi, President.az
Bir neçə qurumun idarəetməsi dəyişib
Prezident İlham Əliyev cümə günü bir neçə dövlət qurumunun Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları", "Bakı Metropoliteni", Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" MMC-nin adları yer alıb.
Bundan əvvəl, İlham Əliyevin noyabrın 6-da verdiyi sərəncamla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilmişdi.

Şəklin mənbəyi, RIA Novosti/Rusiya Xarici İşlər Nazirliyi
Rusiya XİN sözçüsü azərbaycanlı köçkünlər barədə
Üçtərəfli bəyanatın 7-ci bəndi əvvəlki yaşayış yerini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur, - bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirilən brifinqdə "hazırda Qarabağın azərbaycanlı əhalisinin geri qaytarılması ilə bağlı işlər görülüb-görülmədiyi" sualına cavabında deyib.
O söyləyib ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi birgə bəyanat Dağlıq Qarabağ və ətraf rayonlardan olan "bütün məcburi köçkünlərin" BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılmasını qeyd edir.
Rusiya rəsmisi hazırda hərbi əsirlərin geri qaytarılması üzrə işlərin davam etdiyini bildirib.










