Karantin cəriməsinin yerində ödənilməsinə etiraz edənlər: “Yaxınlarımıza zəng edib gətizdirməyimizi istədilər"

Polis Azərbaycan Vətəndaş İnzibati Xəta cərimələr

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda bəzi vətəndaşlar karantin qaydalarının pozulmasına görə, polisin cəriməni yerində ödəmək və bəzi hallarda polis idarəsinə aparılmaq tələbindən şikayətçidirlər.

Onlar deyirlər ki, karantindən öncə yerində protokollaşdırmaq və cəriməni sonradan ödəmə praktikası olsa da, bu tələblər bəzi hallarda dəyişdirilir.

Vəkil Əsabəli Mustafayev izah edir ki, inzibati xəta törətmiş şəxsi "yalnız onun şəxsiyyətini müəyyən etmək mümkün olmadığı hallarda bölməyə aparmaq olar".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya xəta törətmiş bəzi vətəndaşların "sənədləri üstündə olsa belə polisə aparıla biləcəklərini" vurğulayır.

İnzibati xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, Azərbaycanda vətəndaş törətdiyi xətaya görə aldığı "cəriməni 30 gün müddətində ödəməlidir".

Nazirlər Kabineti yanında operativ qərargah martın 24-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib.

"Axşam 9-dan səhər 9-dək bölmədə saxladılar"

Ötən ilin dekabrında işdən sonra futbol oynayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmış Sənan Məlikov BBC News Azərbaycancaya deyir ki, futbol oynayarkən cərimə olunub və "cərimənin protokollaşdırılması və ödənməsi üçün" polisə aparılıb.

"Cərimənin yerində yazılmalı olduğunu deyib, tələb etsək də məhəl qoymadılar. Polis İdarəsində bizə 200 manat cərimə yazdıqdan sonra yerində ödəniş etməyi, əgər üstümüzdə o qədər məbləğ yoxdursa, yaxınlarımıza zəng edib gətizdirməyimizi istədilər".

Sənan Məlikov deyir ki, "onları 2 saatdan çox Suraxanı Polis İdarəsində saxladıqdan sonra yerində ödəniş etmədikləri üçün bölməyə aparıblar".

"Biz 16 nəfər idik. Bəziləri səhər saat 4-ə qədər soyuğa dözməyib yaxınlarını çağırdılar və çek almadan ödəniş edib, bölməni tərk etdilər. Biz 6 nəfəri isə ödəniş etmədiyimiz üçün səhər saat 9-a qədər açıq havada, soyuqda saxlayaraq işgəncə verdilər. Səhər saat 9-da özünü bölmənin rəis müavini kimi təqdim edən şəxs bizi sərbəst buraxdı," - o hadisənin necə nəticələndiyini deyir.

Məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 12-ci bölməsindən BBC News Azərbaycancaya şərh verilməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya "soyuqda saxlanılamaqla işgəncə vermək" iddiasını qətiyyətlə təkzib edib.

Cənab Hacıyev vətəndaşın "belə bir iddiası varsa, Daxili İşlər Nazirliyinə şikayət edə biləcəyini" deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yerində cərimə ödəmədiyi üçün sakinlərin bölməyə aparılması və bölmədə saatlarla soyuqda saxlanması ilə bağlı bildirib ki, "vətəndaşlar bəzən qərəzli ola bilirlər və hər şey qanunamüvafiq şəkildə həyata keçirilib".

Lakin DİN rəsmisi bildirir ki, vətəndaş bu məsələ ilə bağlı quruma şikayət edərsə, bu məsələ "araşdırıla bilər".

"Dedilər ki, kiməsə de gətirsin cəriməni ödəsin"

Adının çəkilməsini istəməyən digər bir vətəndaş isə avtobusa maskasız mindiyi üçün polis nəfərlərinin şəxsiyyət vəsiqəsi üstündə olmasına baxmayaraq, onu Sumqayıt şəhər Polis Bölməsinə apardığını bildirir.

O, deyir ki, səhər tezdən işə gedərkən, yaxınlıqda aptek olmadığı üçün avtobusa maskasız minməyə məcbur olub.

"İşə gedirdim. Avtobusdan düşürtdülər. Dedim ki, protokol yazın, buraxın gedim, işə gecikirəm. Qulaq asmadılar. Mən də düşündüm ki, etiraz etsəm, başqa cür davranarlar, ona görə də getdim onlarla. İlk dəfə idi xəta törədirdim. Əslində mənə töhmət də verə bilərdilər. Üstəlik nə üçün maskamın olmadığını müstəntiqə izah etdim, amma xeyri olmadı. 100 manat yazdılar. Dedillər ki, kiməsə de gətirsin cəriməni ödəsin. Dedim yoxumdur. Gətirən də olmayacaq. Bir az gözlətdilər, gördülər heç kimə zəng-filan da etməyə hazırlaşmıram. Hardasa, bir saat saxlayıb, buraxdılar".

Sumqayıt polisindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Vətəndaşı nə zaman polis şöbəsinə aparmaq olar, cərimə necə yazılmalıdır?

Vəkil Əsabəli Mustafayev izah edir ki, "yalnız şəxsin sənədləri üstündə deyilsə və şəxsiyyətini müəyyən etmək mümkün deyilsə, o zaman onu bölməyə aparmaq və yalnız üç saat saxlamaq olar".

Onun sözlərinə görə, bir çox hallarda, məsələn, maska taxılmaması kimi xətalarda yerində protokol tərtib olunub cərimə tətbiq edilməlidir.

"Yəni, protokol tərtib olunub, surəti cərimələnən vətəndaşa verilməlidir. Cərimə isə yerində alınmamalıdırlar," - o vurğulayır.

Əsabəli Mustafayev qeyd edir ki, qanunvericiliyə görə araşdırma aparılmasına ehtiyac olmayan bütün xətalar yerində rəsmiləşdirilməli və protokol tərtib olunmalıdır.

Digər hallarda vətəndaşın polisə aparılmasını "qanun pozuntusu" adlandıran vəkil deyir ki, "protokol tərtib olunması vətəndaşa imkan verir ki, poçt və ya ödəmə terminalları vasitəsilə ödəniş etsin və ya onu mübahisələndirsin".

Onun sözlərinə görə, protokoldan şikayət verilməyibsə, sənəd 10 gündən sonra qüvvəyə minir: "Ondan sonra artıq icra prosesi baş verməlidir. İcra olunmadığı halda bu məsələ icraya yönəldilə bilir".

Bəzi şəxslərin 3 saatdan çox polis idarəsində və bölmələrdə saxlanılması iddialarla bağlı Əsabəli Mustafayev deyir ki, "üç saatdan çox saxlanmış şəxs barəsində inzibati qaydada tutulma haqda protokol tərtib olunmalıdır".

"Əks təqdirdə, bu, həmin şəxsin bölmədə rəsmi qərar olmadan saxlanması kimi qiymətləndirilə biləcək və bu, qanun pozuntusudur və bundan azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozuntusu kimi məhkəməyə şikayət vermək olar" - o deyir.

Vətəndaşlar nə zaman polis şöbəsinə aparılır, nə vaxt yerində cərimə istənilir?

Polisə aparılarkən sənədlərinin üzərində və qaydasında olduğunu və orada saatlarla saxlandıqlarını deyən şəxslərin iddiası ilə bağlı Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deyir ki, "heç kim cərimə olunmaq istəməz": "Ona görə də cərimə olunan şəxs qərəzindənmi, ya nədənsə özünü tamamilə haqlı çıxartmağa, günahsız olduğunu sübut etməyə çalışır".

Şəxslərin qanundan göstəriləndən artıq saatda polis idarələrində saxlanması məsələsinə gəlincə, DİN rəsmisi "hər şeyin qanunamüvafiq şəkildə həyata keçirildiyini" bildirir.

Ehsan Zahidov BBC News Azərbaycancaya bildirir ki, polislərin xəta törətmiş vətəndaşları idarəyə və ya bölməyə aparmasının "bir çox səbəbləri olur".

"Vətəndaş sənəd təqdim etmir, bir neçə dəfə karantin rejimi qaydalarını pozur və xəbərdarlıq edilməsi üçün aparılır ora. Bunlar tam qanunamüvafiq və qanunauyğun hərəkətlərdir. Ona görə də vətəndaşlarımızı karantin rejiminin tələblərinə ciddi və mütləq şəkildə əməl etməyə çağırıram," - o bildirir.

Daxili İşlər Nazirliyindən cərimələrin yerində ödənilməsi tələbi ilə bağlı Ehsan Zahidov deyir ki, "bu, yalnız vətəndaşa təklif olunur".

"Protokol tərtib olunur və vətəndaşdan soruşulur ki, yerində ödəmək imkanı varmı? Varsa, ödəyir. Yoxdursa, xəbərdarlıq olunur ki, qısa zaman ərzində cəriməni ödəmək lazımdır."

DİN rəsmisi "cərimələrdən yığılan vəsaitlər koronavirus infeksiyasından müalicə olunanların sağlamlığına yönəldildiyini" bildirir.

Azərbaycanda ilk dəfə karantin rejimi 2020-ci ilin martın 24-də tətbiq olunub.

Elə 2020-ci ilin iyun ayının əvvəlində maska taxmaq məcburiləşdirilib, qaydanı pozanlara isə cərimələr tətbiq olunmağa başlayıb. İyunun sonunda isə cərimələrin məbləğləri artırılıb.

Ölkədə xüsusi karantin rejimi 2021-ci ilin aprelin 1-dək uzadılıb. Hazırda bəzi məhdudiyyətlər aradan qaldırılıb, lakin açıq və qapalı məkanlarda maska taxmaq məcburidir.