Dünya boyu sökülən heykəllər - şəkillərdə

Şəklin mənbəyi, PA Media
ABŞ-da həbs edilərkən həyatını itirən George Floydun ölümündən sonra "Qara həyatlar vacibdir" hərəkatının fəalları qul ticarəti və irqçiliklə əlaqəli olan tarixi şəxslərə qoyulan abidələrin yığışdırılmasını tələb edirlər.
Ötən ay Britaniyanın Bristol şəhərində qul taciri Edward Colstonun heykəlinin kütlə tərəfindən sökülməsi ilə bağlı cinayət işi açılıb. Bir nəfərin saxlandığı bildirilir.
Müxtəlif dövrlərdə siyasi baxışların dəyişməsi, keçmişin yenidən dəyərləndirilməsi kimi amillər, abidə, heykəl və başqa rəmzlərin aqibətinə təsirsiz ötüşmür. BBC News Azərbaycanca dünya boyunca heykəllərin sökülməsi hallarına nəzər salıb.

Şəklin mənbəyi, Reuters
İyun ayında Britaniyanın Bristol şəhərində Edward Colstonun heykəlinin sökülməsindən sonra Yamaykada əkin sahələrinin sahibi olan qul taciri Robert Milligan-ın Lonondakı abidəsi götürülüb.
Lakin iyun ayında baş verən etirazlar vaxtı Winston Churchill-in heykəli qorunub. London meri deyib ki, məktəblilər Churchill, Qandi və Malcolm X daxil olmaqla məşhur tarixi şəxsiyyətlər barədə məlumatı "onların bütün çatışmazlıqları ilə öyrənməlidirlər".

Şəklin mənbəyi, EPA
ABŞ-da və Avropada quldarlıq və müstəmləkəçiliklə bağlı abidələrin yığışdırılması üçün hakimiyyətə təzyiq artmaqdadır.
Ötən ay Fransa parlamentinin qarşısında 17-ci əsrin siyasi xadimi Jean-Baptiste Colbert-in heykəlinə qırmızı boya vurulub.
Onu müstəmləkəçilik illərinin rəmzi hesab edən fəallar abidənin yığışdırılmasını tələb edirlər.

Şəklin mənbəyi, Tass
Lakin heykəllərlə mübarizə dalğası indi başlamayıb və yalnız irqçiliklə məhdudlaşmır.
Hələ aprel ayında Çexiyanın paytaxtı Praqada sovet marşalı İvan Konevə qoyulan abidə sökülüb. O, anbara göndəriləcək və sonradan heykəl 20-ci əsrin xatirəsi muzeyinin ekspozisiyasının bir hissəsinə çevrilməlidir.
Rusiyanın Çexiyadakı səfirliyi abidənin sökülməsinə etiraz edir.

2018-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində Yuri Qaqarinin abidəsi sökülüb.
Sovet kosmonavtının adını daşıyan küçədə qoyulmuş büst 2017-ci ildə sifariş edilmişdir.

Şəklin mənbəyi, Emmanuel Dzivenu/JoyNews
2018-ci ildə Qananın paytaxtı Akkradakı Universitet şəhərciyində Hindistanın müstəqillik hərəkatının lideri Mahatma Qandinin heykəli sökülüb.
İrqçilikdə ittiham olunan Qandinin abidəsi 2016-ci ildə qoyulmuşdu.

2018-ci ildə Rusiyanın Kurqan vilayətində "Vətənə xidmət" heykəltəraşlıq kompozisiyası açıldı. İlkin planlara görə, abidənin mərkəzində prezident Vladimir Putinin heykəli olmalı idi. Ancaq son anda ondan imtina etmək qərarına gəldilər.
Yerli sakinlər iddia edir ki, Putinin heykəli qoyulmuşdu, amma dərhal da götürüldü.

Şəklin mənbəyi, Thomas Nugent (cc-by-sa/2.0)
2017-ci ildə Şotlandiyanın Kilmarnock şəhərində 1990-cı illərin əvvəllərində baş verən silahlı qarşıdurma vaxtı Gürcüstandan qopmuş Abxaziyanın Suxumi şəhərində ölənlərin xatirəsinə qoyulan abidə yığışdırılıb.
İddialara görə, bu, Gürcüstan tərəfinin müraciətindən sonra baş verib. Abxazlar abidənin götürülməsinə etiraz ediblər.

Şəklin mənbəyi, RIA NOVOSTI
2015-ci ildə Rusiyanın Vladivostok şəhərində tanınmış yazıçı Aleksandr Soljenitsına qoyulan abidənin üzərinə "İyuda" sözü ilə lövhə asan kommunist fəalın hərəkəti böyük əks-səda doğurmuşdu.

Şəklin mənbəyi, Reuters
2013-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin Mexikodakı heykəli yığışdırılıb. Heykəl Meksika paytaxtındakı "Dostluq" parkının Azərbaycan-Meksika hissəsində bir il qalmışdı.

Şəklin mənbəyi, UNIAN
2013-cü ildə Ukraynada Avromaydan adıyla tanınan kütləvi etirazlardan sonra heykəllər də daxil, bir çox kommunist abidələri yığışdırılıb.






