Şimali Koreya heykəl ixracatçısıdır

Şəklin mənbəyi, Alamy
Şimali Koreya dünyada çoxlarının almaq istəmədiyi məhsulun ən böyük istehsalçısı və ixracatçısıdır.
BBC müxbiri Lawrence Pollard yazır ki, Şimali Koreyanın Afrika qitəsində bir xeyli müştərisi var.
Bunun əsas səbəbi odur ki, Şimali Koreya istənilən diktatorun və ya “xilaskar”ın nəhəng bürünc heykəlini hazırlaya bilər. Təki Mansuday İncəsənət Emalatxanasına sifariş edilsin.
1959-cu ildə yaradılandan bəri bu emalatxana Şimali Koreyanın tükənmək bilməyən təbliğat ehtiyaclarını təmin edir. İstər nəhəng heykəllər, istərsə divar rəsmləri və ya freskalar olsun.
Şimali Koreyanın gündəlik həyatında böyük rol oynayan bu təbliğat abidələrini emalatxananın 4 min işçisi hazırlayır.

Şəklin mənbəyi, EPA

"Emalatxana Pxenyanın göbəyində yerləşir. Mansuday şəhərin bir rayonunun adıdır, - deyir Pyer Luici Sessioni. Bu italiyalı Mansuday fabrikinin xaricdəki yeganə nümayəndəsidir, - Bu, əslində fabrik və ya emalatxanadan daha çox düşərgəyə bənzəyir. Dünyada ən böyük bu tipli müəssisədir”.
Onlar bu yaxınlarda Benetton moda ailəsi üçün böyük naxıştikmə sifarişini yerinə yetiriblər və Kambocada bir muzeyin bəzək işlərini görüblər. Amma hər halda ən böyük müştəri Afrika olaraq qalır.
Bu cəsarətli, qatı avtoritar üslubun eksportu 1980-ci illərdən başlanıb. Amma indi bu sənət ölkəyə xarici valyuta gətirən bəlkə də yeganə vasitədir. Onun işçiləri Anqola, Benin, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Efiopiya və Toqoda sifarişlərin yerinə yetirilməsi ilə məşğuldurlar. Deyilənlərə görə, Zimbabve lideri Robert Muqabenin iki nəhəng heykəli onun ölümünü gözləyir.
Seneqaldakı nəhəng Afrika İntibahı Abidəsini isə Mansuday işçiləri elə yerində işləyib hazırlayıblar.
Bəzi təxminlərlə görə müəssisə ölkəyə on milyonlarla dollar gəlir gətirib.
Şimali Koreya sənətkarlarının işləri iki əsas səbəbə görə Afrika liderlərinin döşünə yatır. Birincisi, qiyməti münasibdir. Məsələn, Seneqaldakı 49 metrlik abidənin haqqı kimi bir neçə şimali koreyalıya torpaq sahəsi verilib. Onlar da dərhal bu torpağı satıblar.

Şəklin mənbəyi, Getty Images
İkinci səbəb üslubdur. “Ruslar və çinlilər daha belə şeyləri istehsal etmirlər, - deyir incəsənət tənqidçisi William Feaver, - Belə abidələrdən məqsəd aydındır və nəhəng ölçülər də buna görə lazımdır”.
Feaver deyir ki, bir vaxtlar Amerikadakı Rushmore dağı abidəsi belə bir simvolik məna daşıyıb.
Namibiya paytaxtı Vindhukdakı Qəhrəmanlar Tağı da şimali koreyalıların əl işidir. Bu abidə müstəqillik mübarizəsinin iştirakçılarına həsr olunub.
"Bu, Naməlum əsgərin 11 metr hündürlüyü olan nəhəng obeliskidir, amma Namibiyanın birinci prezidenti Sam Nujomaya yamanca bənzəyir – deyib BBC müxbiri Frauke Jensen, - Bura nə turistlər, nə də qonaqlar gəlir…Bomboş bir yerdir. Mən gedəndə orada bircə pavian meymunu oturmuşdu, o da məni görüb qaçdı…”

Şəklin mənbəyi, Rex Features
Prezident Nujoma, heç şübhəsiz Naməlum əsgər abidəsi təşəbbüsünün arxasında dura bilərdi. Bu, əslində bir bürünc güllə ilə iki dovşan vurmaq kimi bir iş idi.
Amma kimə oxmasından asılı olmayaraq, Naməlum əsgər hər halda afrikalıya oxşayır. O vaxtkı Seneqal prezidenti Abdulaye Vade gileylənirmiş ki, Dakardakı bütün heykəllər sifətdən asiyalıya oxşayır. Prezident onlara “düzəliş” edilməsi göstərişini vermişdi.
Amma Mozambikin Maputo şəhərindəki Samora Maşel heykəli o qədər də uğurlu alınmayıb.
Konqo Demokratik Respublikasındakı Laurent Kabilanın kostyumunu isə elə bil Kimin dərzisinə tikdiriblər.

"Bu heykəllər sanki yıxılmaq üçün hazırlanıb, - deyir tarixçi Adrian Tinniswood, - Üstəlik də onlar Afrika yox, Şimali Koreya üslubunda hazırlanıb. Bunlar azadlıq heykəllərdir, lakin onlarda cəsarətin ifadəsi çatışmır. Hanı Afrika şüurunu daha yaxşı təcəssüm etdirə biləcək Afrika heykəltəraşları?”
Bəs Şimali Koreya heykəltəraşları haqqında nə demək olar? Bəlkə onlar partiya tapşırığı yerinə yetirməyə məcbur edilmiş Pikassolardır?
Pyer Luici Sessioni deyir ki, bəzi Şimali Koreya sənətkarlarını İtaliyanın təsviri incəsənət qalereyalarında gəzdirib.
“Onlar klassika haqqında çox şey bilirlər. Mücərrəd və konseptual sənət onları heyran edir” – deyir Luici Sessioni.
O vurğulayır ki, Qərb sənətkarlarından fərqli olaraq onlar əqidəli insanlardır. Onları əsərlərinin satılması, maaş kimi şeylər narahat etmir. Onlar öz ölkələrində tanınmış və nüfuzlu insanlardır.
“Mənim tanıdıqlarım çox xoşbəxt adamlardır. Bilirsiniz, onlar özlərini nəyinsə bir parçası hesab edirlər” – deyir italiyalı.

Bu sənət dünyası barədə məlumatı Sessioninin idarə etdiyi internet saytından almaq olar. Bu saytda yer almış sənət nümunələrinin əksəriyyətinin müəllifi bilinmir. Lakin bu o demək deyildir ki, onların istedadı və ya qabiliyyəti yoxdur. Əksinə, bu emalatxanada çalışanlar üçün pul yox, yüksək amallar vacibdir.
BBC müxbiri Lawrence Pollard yazır ki, “belə bir sənətə lağ-lağı edə bilərsiniz, lakin əgər sizə taksiyə əl edən adam pozasında dayanmış nəhəng heykəl lazımdırsa, zəng edəcəyiniz bircə yer var: Mansuday”.




