SpaceX: NASA astronavtlarının özəl kosmik gəmidə tarixi missiyası başlayıb

Şəklin mənbəyi, NASA
ABŞ-da doqquz il əvvəl pilotlar heyəti tərəfindən idarə olunan Shuttle kosmik uçuşlar proqramı başa çatdıqdan sonra ilk dəfədir ki, amerikalı astronavtlar ABŞ ərazisindən kosmik fəzaya yollanıblar.
Doug Hurley və Bob Behnken kosmik gəminin yeni kapsul sistemini sınamaqla yanaşı, eyni zamanda NASA üçün yeni biznes modelini də sınaqdan keçirirlər.
NASA artıq istifadə etdiyi kosmik nəqliyyat vasitələrinə sahiblik etməyəcək və sadəcə SpaceX tərəfindən təklif olunan "taksi" xidmətindən ödənişli əsasda istifadə edəcək.

Şəklin mənbəyi, Getty Images
Ümid edilir ki, texnologiya milyarder Elon Musk-ın SpaceX şirkətiylə yanaşı bu sahəyə digər şirkətlər də gələrək bazarı genişləndirəcəklər. Aerokosmik nəhəng Boeing şirkətinin artıq NASA ilə belə bir müqaviləsi mövcuddur.
Elon Musk-ın özü, onun raketinin kosmik orbitə astronavtları necə çıxardığını müşahidə edərkən duyğulandığını söyləyib.
"Düşünürəm ki, bu hadisə tədqiqatçı ruhu olan hər bir insanı ilhamlandıracaq. ABŞ tədqiqat ruhunun cövhəridir", - Musk jurnalistlərə bildirib.

Şəklin mənbəyi, Reuters
SpaceX şirkətinin təklif etdiyi yeni xidmət Beynəlxalq Kosmik Stansiyaya (ISS) öz astronavtlarını çatdırmaq üçün NASA-nın Rusiya raketləri və kosmik gəmilərindən asılılğını aradan götürür.
Raketin startını müşahidə etmək üçün Floridaya gələn prezident Donald Trump bu məsələyə diqqət yetirib.
"Keçmiş liderlər astronavtlarımızı orbitə göndərmək üçün ABŞ-ı xarici dövlətlərdən asılı vəziyyətə salmışdıalr. Daha belə olmayacaq, - o deyib. - Bu gün biz Amerika astronavtlarını - dünyanın ən yaxşı raketlərində - birbaşa buradan, Amerika torpağından yola salırıq".
Falcon raketi kosmik fəzaya Atlantika üzərindən uçub. Astronavtlar yola düşdükdən 2,5 dəqiqə sonra raketin alt pilləsi gəmidən ayrılaraq dənizdə üzən platformaya dik enib. Daha 6 dəqiqədən sonra isə astronavtlar heyəti kosmik orbitə çatıb.







