Belarus xaricdə qalmış ukraynalılar üçün necə xilas keçidinə çevrildi?

Belavia aviaşirkətinin təyyarəsi

Şəklin mənbəyi, GETTY IMAGES

    • Müəllif, Vitali Çervonenko
    • Vəzifə, BBC News Ukrayna

Bir çox ukraynalı koronavirus pandemiyasına görə uzaq xaricdə ilişib qalıb. Ukrayna səmasının bağlanmasından sonra, onların evə qayıtması daha da çətinləşib.

Xarici İşlər Nazirliyi dünyanın hər tərəfindən xüsusi çarter reysləri təşkil etməyə çalışır, lakin bir çox adamın onlardan faydalanmaq imkanı yoxdur.

Bu yaxınlarda hətta məlum olub ki, Niderlandda gözlədiyi çarterin ləğv edildiyini öyrənən ukraynalı qadın intihar edib.

Belə bir şəraitdə, Ukraynanın bacarıqlı vətəndaşları dünyanın demək olar ki, hər yerindən vətənə qayıtmağın tez və nisbətən ucuz yolunu tapıblar. Onlar Minsk üzərindən qayıdır.

Məsələ bundadır ki, Belarus öz hava əlaqələrini dayandırmayıb və Belavia aviaşirkəti dünyanın bir sıra şəhərinə kifayət qədər çox uçuşlar həyata keçirir.

Eyni zamanda, Belarus Ukrayna vətəndaşlarına tranzit sərnişinlər kimi, Minsk aeroportuna gəlməyə izn verir. Lakin bir şərtlə - onlar 48 saat ərzində Belarus ərazisini tərk etməlidir.

Bəs, görəsən başqa qitələrdən tranzitlə gələn ukraynalılar vətənə necə çata bilir və bu nə dərəcədə çətindir?

BBC News Ukrayna vətənə qayıtmağı bacaran Ukrayna sakinlərinin səyahət hekayələrini bir araya gətirib.

Tailand-Amsterdam-Minsk-Kiyev

Anton Zayats öz xanımı ilə birlikdə dekabrın ortalarından səyahətə çıxıb. Ukrayna hava məkanının bağlanması barədə xəbər onlara Tailandda çatıb.

Bir qədər keçmiş cütlük başa düşüb ki, qabaqcadan adi reysə alınmış biletləriylə evə qayıtmaq mümkün olmayacaq. Antonun sözlərinə görə, onlar öncədən xüsusi "təxliyə" uçuşlarına ümid bağlayıblar.

Lakin 27 və 29 mart tarixlərindəki reyslərlə uçmaq alınmadı - biletlər tez satıldı və qiymət o qədər də əlçatan deyildi.

"Ukraynanın Tailanddakı səfirliyinin elanına əsasən, növbəti uçuş aprelin 7-də olmalı idi, daha sonra bunu 8-nə və 14-nə keçirdilər. Amma iş uzandı və sonda tam dondu" - Anton deyir.

Banqkokda olan Anton və Oksana Amsterdam üzərindən Minskə və oradan da Ukraynaya qayıdıblar.

Şəklin mənbəyi, Andrej Stryzhak

Şəklin alt yazısı, Banqkokda olan Anton və Oksana Amsterdam üzərindən Minskə və oradan da Ukraynaya qayıdıblar.

Bundan sonra cütlük belə qərara gəldi ki, evə yol axtarmağa başlasınlar. Onların səyahət təcrübəsi var idi və buna görə, yeni marşrut tapmaqda çətinliklər yaranmadı.

"Ukraynanın Hollandiyadakı səfirliyi Amsterdam üzərindən uçmaq imkanının olduğunu bildirdi və Belarusun "hələ də" açıq qaldığını nəzərə alaraq, Amsterdam və Minskdən tranzit fürsətini axtarmağa qərar verdim", - Anton xatırlayır.

Onlar bütün marşrutu üç hissəyə ayırdı: KLM-lə - Banqkokdan Amsterdama, Belaviya ilə Amsterdamdan Minskə və oradan Kiyevə. Aprelin 24-də Tailanddan yola düşən cütlük iki gündən sonra artıq Kiyevdə idi.

Amsterdama çatmaq üçün adambaşı 500 dollar ödəyən cütlük, altı saatlıq tranzitdən sonra daha 280 dollar ödəyərək Belavia ilə Minskə gəlib.

koronavirus
xətt

Minskə çatarkən onlardan xahiş olunub ki, 48 saat ərzində ölkəni tərk edə bilməsələr, özünütəcrid barədə sənədi doldursunlar.

"Müvəqqəti olaraq Ukraynaya yalnız maşınla gəlməyə icazə verilir və bizi sərhəddə qarşı tərəfə keçirməyi təklif edən çoxsaylı daşıyıcılar qarşıladı", - deyə Anton xatırlayır.

Sərhədi keçmək əvvəlcədən təşkil oluna bilər - müvafiq xidmət göstərənlərin əlaqə nömrələrini həm internet, həm də Ukrayna səfirliyinin saytında tapmaq olar.

Minsk hava limanından Kiyevə gediş haqqı 90 dollardan başlayır, Anton deyir.

Bu ödənişin müqabilində sərnişini sərhədə aparırlar, pasport nəzarətindən sonra onu bufer zonasında qarşılayıb (başqa bir maşınla) Ukrayna nəzarət-keçid məntəqəsinə çatdırırlar. Buradan isə onu Ukraynaya aparacaq daha bir maşın işə salınır.

Lakin cütlük bu sxemdən imtina etməyi qərara aldı. Onlar Minskdə gecələyib, ertəsi gün qatarla Qomel şəhərinə getdilər. Qomeldən sərhədə qədər isə onları tanışları apardı.

Belarusdan Ukraynaya açılan qapı - Belarusun "Yeni Quta" keçid məntəqəsi

Şəklin mənbəyi, HTTPS://GPK.GOV.BY

Şəklin alt yazısı, Belarusdan Ukraynaya açılan qapı - Belarusun "Yeni Quta" keçid məntəqəsi

Onlar bufer zonasından maşınsız keçməyin mümkün olmadığını görəndə, sürücülərlə qiymət kəsməli oldular - gediş haqqı adambaşına 100 qrivnaya (6,36 AZN) başa gəldi.

"Pasport nəzarəti vaxtı Ukrayna sərhədçiləri "Diy Vdoma" smartfon tətbiqini quraşdırıb aktivləşdirməyi xahiş etdilər. Bu, xaricdən qayıdan hər bir şəxs üçün mütləq şərtdir", - Anton söyləyir.

Tanışlar onu Kiyevə gətirdi və burada o, öz xanımı ilə birlikdə iki həftəlik müşahidə altına alındı.

Antonun sözlərinə görə, indi bir çox ukraynalı geri qayıtmaq üçün belə sxemdən faydalanır. Onun özü də bu sxemin necə işləməsini bir neçə ukraynalıya izah edib və onlar evə qayıtmağa müvəffəq olublar.

Tbilisi-Minsk-Kiyev

Pandemiya elan olunanda Oksana öz işləri ilə bağlı Tbilisidə idi və Ukraynaya uçuşlar dayandırılana kimi geri qayıda bilmədi. Evə qayıtmağın vaxtı gəlib çatanda isə, o, dostlarının məsləhəti ilə Minsk marşrutunu seçdi, çünki logistika baxımından bu ən etibarlı variant idi.

"Belavianın xüsusi reysilə uçurdum və ekipaj üzvlərinin maskalarından başqa heç bir xüsusi tədbir əlaməti gözümə dəymədi. Hər təsadüfə qarşı özümlə xeyli rezin əlcək, dezinfeksiyaedici maddə və tibbi maska ehtiyatı aparırdm. Onları evimin qapısına çatana kimi hər 2 saatdan biri dəyişdirirdim", - BBC News Ukraynaya danışan Oksana deyir.

O, təhlükəsizlik tədbirlərinə çox məsuliyyətlə yanaşıb, bütün tövsiyələrə əməl etməyə çalışırdı.

Təyyarə göyərtəsində olan sərnişinlərdən karantin və özünü izolyasiya şəraitində işləmək qaydaları haqqında sənədləri imzalamağı istədilər. Təyyarəni tərk edən sərnişinlərin temperaturu ölçüləndən sonra, onlar adi üzü maskalı sərhədçilərə doğru yönləndirildilər.

літак

Şəklin mənbəyi, Getty Images

Sərhədçilər daimi yaşayış yeri olan Ukraynaya yollanan Oksanaya giriş icazəsini verdilər. Onun dediyinə görə, "səyahətin məqsədi və ya sənədlərin təsdiqlənməsini istəyən olmadı".

Mürəkkəb sxemlərdən kənar durmağı qərara alan Oksana Kiyevdəki daşıyıcılardan birinin transfer xidmətini sifariş etdi. Uçuş bir saat geciksə də, hava limanı önündəki sürücü hələ də onu gözləyirdi. Maşında daha üç ukraynalı var idi, onlar da Minsk üzərindən evə qayıdırdılar.

Yolda ikən sürücü sərnişinlərə "Yeni Quta" məntəqəsində sərhədi keçməyin xüsusiyyətləri barədə təlimat verdi.

Sxem belə idi: o, Belarus sərhədindəki keçidə çatdırır və neytral zolaqda onları telefonla çağırılan başqa bir sürücü qarşılayır. "Neytral" zolaqdan sonra isə, başqa bir maşın onları Kiyevə aparır.

Oksana pulun bir hissəsini sərhəddə, qalanını isə Kiyevə ödəyib. "Nəticədə, Minskdəki hava limanından Kiyevdəki " Levoberejnaya"metro stansiyasına qədər bütün səyahət təxminən 100 dollara başa gəldi", - deyə Oksana xatırlayır.

O deyir ki, bəzi sərnişinlərin smartfonlarında " Diy Vdoma" proqram əlavəsi quraşdırılmamışdı, birində isə qeydiyyatı təsdiqləmək üçün Ukrayna SİM kartı yox idi. Sürücü öz SİM kartını ona 5 dollara satandan sonra, Ukrayna sərhədçiləri smartfonda proqram əlavəsi olan bütün sərnişinləri buraxdılar.

Boliviya-Paris-Minsk-Kiyev

Daria Krutenyuk karantin və pandemiya elan edilərkən Boliviyada könüllü fəaliyyətlə məşğul idi.

Ukrayna oradan müntəzəm çarter təşkil etməmişdi, lakin Daria La-Pasdan Parisə uçmaq imkanı tapdı və oradan da Belarusa bilet ala bildi.

O, "Blablacar" xidmətiylə sərhədə yollandı.

Neytral zolağa çatdıqdan sonra, Kiyevə yollanan başqa bir maşına mindi.

Kiyevdən Vinnitsa şəhərinə taksi ilə gələn Daria evə çatarkən özünü izolyasiya etdi.