Britaniyada koronavirus: "Özümüzü itirmiş kimi hiss edirik" - Gənclər iş tapacaqlarına ümidsizdirlər

Şəklin mənbəyi, Jared Thomas
- Müəllif, Kevin Peachy və Szu Ping Chan
- Vəzifə, BBC
Jared Thomas deyir ki, mətbəxə gedib dadlı yemək hazırlamaqla həyatına ürəkaçıcı bir rəng verməyə çalışır.
26 yaşlı Thomas bağbandır, lakin koronavirus karantininə görə çətin maliyyə durumuna düşən müştərilərinin indi belə xidmətə həvəsləri azalıb.
"Hamının həyatı alt-üst olub", - o deyir.
"İşimə nə vaxt davam edə biləcəyimi həqiqətən, bilmirəm. Bu, növbəti bir-iki ay müddətində baş versə, təəccüblənərdim".
Bir çox digər gənc işçi kimi, o da, bu iqtisadi böhran dövründə unulduğunu hiss edə bilər.

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- KORONAVİRUS VƏ ORUCLUQ -Ramazanda koronavirus tədbirləri: Ümumdünya Səhiyyə Təşkilatı nələri tövsiyə edir?

Jared Uelsin cənubundandır, o deyir ki, müstəqil sahibkarlar üçün hökumətin maliyyə dəstəyi ona düşmür, çünki bu yaxınlarda işləməyə başlayıb və iş stajı kifayət qədər böyük deyil.
Bunun əvəzində, o, ilk dəfə universal kredit imtiyazından faydalanıb - bu, ona kirayə haqqını ödəməyə imkan verib.
Amma müəyyən mənada onun bəxti gətirib, çünki iş ahəngi bərpa olunarsa, o öz işini davam etdirə biləcək.
Fleet şəhərindən olan 16 yaşlı Jemma isə fərqli vəziyyətdədir.
O, iş yerini gözəllik salonunda saç ustasının şagirdi kimi işlədiyi dövrdə itirib.
İşin olmaması ixtisasın olmaması deməkdir, bu isə ona ürək ağrısı verir, Jemma deyir.

O, avtomobil idarə etmək üçün də hələ çox gəncdir və yaxın ətrafda bir iş tapmaq şansı getdikcə azalır.
"Onlar bütün diqqəti salonun fəaliyyətinin bərpasına verəcək, yeni işçi qəbul etməyə vaxtları qalmayacaq, - Jemma BBC-yə bildirib. - Mən daha nə edəcəyimi bilmirəm".
Onun kimi gənclər hətta virus yoxa çıxandan sonra da özlərini "itirilmiş" hiss edə bilər. Jemma psixi sağlamlığından narahatdır.
Keçmişdən dərslər
Tarix göstərir ki, onun kimi məktəb məzunları, adətən, maliyyə tənəzzülündən sonra ən çox əziyyət çəkənlər arasında olurlar.
Bir çoxları uzun müddət işsiz qaldıqlarına görə əziyyət çəkirlər. Elmi dərəcələri olanlarla müqayisədə onların əmək haqqı artma sürəti azdır.
Məsələn, 2008-ci ilin maliyyə böhranından sonra GCSE səviyyəli məktəb məzunları arasında işsizlik 32,3 faiz həddinə çatdığı halda, magistr dərəcəsi olan məzunlar arasında həmin göstərici 13,4 faiz təkil edib.
Resolution Foundation Analitik Mərkəzinin məlumatına görə, Britaniyada işsizliyin ümumi səviyyəsi hazırkı 4 faizdən 10 faizə qədər artarsa, bu zaman bir milyondan çox gənc işsiz qala bilər.
Daha aşağı ixtisasa malik olan gənclərin iş tapmaq şansları üçdə bir qədər azalacaq.
Məktəbi bu yaxınlarda bitirən məzunlar üçün isə azalma 13 faiz təşkil edəcək.
Resolution Foundation fondunun tədqiqatçısı Kathleen Henehan deyir ki, son maliyyə böhranı zamanı bir çox məzunlar pərakəndə ticarət, otelçilik və turizm sənayesində "aşağı səviyyəli" iş yerlərinə razılaşmalı olublar.
Nəticədə, bəzi məktəb məzunları günəmuzd işə və ya irəli çəkilmək şansı az olan iş yerlərində işləməyə məcbur olublar.
Lakin Kathleen Henehan deyir ki, bu sektorların bir çoxu indi bağlıdır və nəticədə, hər kəsin seçim imkanları daralıb.
"Başqa sözlə, məşğulluq nərdivanının ilk pilləsi qırılıb", - o deyir.
Ekspertlər deyirlər ki, hökumət yenidən diqqəti kadrların ibtidai hazırlıq səviyyəsinə yönəltməlidir.
19 yaşınadək texniki peşə şagirdlərinin sayı azalmağda davam edir.
Kathleen Henehan deyir ki, gəncləri bu böhrandan xilas edə biləcək yollardan biri məktəbdə qalmaq və ya təhsili davam etdirməkdir.
Məsələn, 21 yaşdan 23 yaşa qədər gənclər arasında əlavə təhsil alan şəxslərin sayı 2008-2009-cu illərdə 7 faiz artıb.
Kathleen Henehan bu il bənzər nəticə gözləyir və hökuməti iş yerində təhsil almaq istəyən məktəb məzunlarına daha çox maliyyə dəstəyi verməyə çağırır.
Son tədqiqatlar da göstərir ki, gənclər hər hansı bir böhranlı maliyyə vəziyyətini yumşaltmaq üçün valideynləri ilə daha uzun müddət ərzində birgə yaşayacaqlar.
Fiskal Tədqiqatlar İnstitutunun (IFS) iqtisadçılarının məlumatına görə, bağlanmış sektorlarda işləyən yaşı 25-dək olan gənclərin təxminən 61 faizi hazırda valideynləri ilə yaşayır.
Universiteti tezliklə bitirəcək tələbələr də bundan sonra nə edəcəklərini düşünürlər.
ABŞ-da keçirilmiş bir araşdırmaya əsasən, məşğulluq perspektivlərinə və əmək haqqına mənfi təsir illərlə uzana bilər, bəxtləri gətirməyən məzunlar isə gəlirlərinin aşağı olmasından daim əziyyət çəkə bilərlər.
Eyni zamanda, tələbələrə yardım məqsədli bir vebsaytın keçirdiyi sorğuya əsasən, üçüncü kurs tələbələrinin 77 faizi və dördüncü kursda təhsil alanların 74 faizi koronavirus epidemiyasının onların iş tapmaq imkanlarına təsir göstərəcəyindən narahatdırlar.
Onların arasında Warwick Universitetinin qlobal media və kommunikasiya ixtisası üzrə təhsil alan Adele də var.
22 yaşlı qız magistr dərəcəsini almaq üçün təhsilini davam edib. O, ümid edirdi ki, bu yolla iş axtaran digər namizədlərlə müqayisədə üstünlük əldə edəcək. Lakin indi baxıb görüb ki, keçən il təhsilini başa vurmuş dostları iş tapıb, Adele isə təhsilini bitirəndən sonra iş tapacağına əmin deyil.

Şəklin mənbəyi, Adele
Onun ərizə verdiyi vakansiyalar artıq mövcud deyil və ya şirkətlər hazırkı böhran zamanı işə götürmə prosesini dayandırıblar. Məktubları cavabsız qalıb və iş yerlərinə dair elanların vaxtı artıq bitib.
"Hər şey asılı vəziyyətdə qalıb", - o deyir.
"Rəqabət olan iş yerlərinə ərizə vermək üzücü bir işdir. Yeni iş yerləri yaradılmasa, rəqabət daha da kəskinləşəcək".
O deyir ki, dostları ilə yaşamaq və Londonda işləmək əvəzinə, o, Edinburq şəhərində valideynlərinin yanında qala və elə oradaca özünə bir günəmuzd iş tapa bilər.







