Koronavirus Yaxın Şərqdəki qaynar nöqtələri qızışdırır

Beyrutda etirazçı və təhlükəsizlik qüvvələri (21/04/20)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Koronavirus Livanda və digər ölkələrdə etirazlara yeni təkan verib
    • Müəllif, Jeremy Bowen
    • Vəzifə, BBC-nin Yaxın Şərq redaktoru

Yaxın Şərqin koronavirus pandemiyasından ehtiyat etməyə bir çox səbəbləri var, amma bura bu xəstəliyə qarşı müqavimətə gəldikdə böyük üstünlüyə də malikdir. Bu bölgənin sakinlərinin əksəriyyəti gənclərdir.

Bölgə əhalisinin orta hesabla 60 faizinin yaşı 30-dan aşağıdır. Bu xüsusiyyətə görə, onlarda Covid-19-un inkişaf etməsi ehtimalı nisbətən aşağıdır, halbuki yaşlı əhalisi olan ölkələrdə koronavirus səbəbindən ölənlərin statistikası çox yüksəkdir.

Bölgədəki hökumətlərin əksəriyyətinin digər yerlərdə baş verənləri nəzərə alaraq, komendant saatı və sosial məsafə tədbirlərini tətbiq etmək üçün daha çox vaxtı olub.

Lakin Yaxın Şərqin üstünlükləri bununla da bitir. Dünyanın ən az sabit olan bölgəsində illərlə davam edən ixtilaflar zəiflik ocaqları yaradıb və pandemiya şübhəsiz ki, həmin zəiflikləri daha da dərinləşdirəcək.

Ölkələrin tibbi imkanları çox fərqlidir. İsrailin ən yaxşı xəstəxanaları dünyanın digər yerlərindəki xəstəxanalarından heç geri qalmır.

Yəmən, Suriya və Liviyada isə heç vaxt güclü olmayan səhiyyə sistemləri uzun illər davam edən müharibə nəticəsində ciddi şəkildə zədələnib, bəzi yerlərdə isə dağıdılıb.

BMT-nin məlumatına görə, Yəmən dünyanın ən ağır humanitar böhranı ilə üzləşib. İndi isə orada Covid-19 halları da qeydə alınıb, bu da yoxsul, yüksək sıxlıq şəraitində yaşayan icmalarda koronavirusun tez bir zamanda yayılması ehtimalını gücləndirir.

Ölkənin cənubunda, Adendə siyasi qarışıqlıq hökm sürür. Ötən həftə Covid-19 səbəbindən iki nəfərin öldüyü elan edildikdən sonra, xəbərlərə görə, yerli sakinlər komendant saatına məhəl qoymur və hələ də bazarlara və məscidlərə axın edirlər.

Narahatedici perspektiv

Virusa qarşı müqavimət göstərmək üçün ən yaxşı şansları olan həmin gənclər hələ epidemiya ora çatmamışdan hökumətlərinə qarşı nümayişlərə rəhbərlik edirdilər.

Hər bir ölkədə etirazların öz xüsusiyyəti var, lakin Ərəb Yaxın Şərqində etirazların mərkəzində duran mövzular əsasən korrupsiya, qohumbazlıq və islahatlarla bağlı olub. Korrupsiyaya uğramış cəmiyyətin elit təbəqəsi dövlət pullarını sosial xidmətlərə və xəstəxanalara xərcləmək əvəzinə onları mənimsəməkdə ittiham olunur.

Əlcəzair, Livan və İraqda onlar prezidenti və iki baş naziri vəzifələrindən getməyə məcbur etdilər. Güzəştə getməyən etirazçılar paytaxt şəhərlərdə əsas meydanları tutublar.

İraqda 600-ə yaxın etirazçının güllələnməsindən və minlərlə insanın yaralanmasından sonra belə, etirazçı kütlə geri çəkilməyib.

Aylarla küçələri təmizləmək əmrini yerinə yetirməkdən imtina edən gənclər koronavirusun onları evlərinə qayıtmalarına məcbur etməsi istehzası ilə barışmayacaqlar.

Onlar yenidən evlərindən bayıra çıxa biləcəyi zaman iqtisadiyyatın onlar üçün iş yerləri yaratmaq gücündə olmadığını, iqtisadi durumun əvvəlkindən indi daha pis vəziyyətdə olacağını görəcəklər.

Nəticədə, onların qəzəbi daha da artacaq. Pandemiya ilə bağlı təhlükə və məyusluq bu qəzəbi dərinləşdirsə də, onun doğuran pandemiya olmayıb. Liderlərin isə imkanları daha da daralacaq.

İqtisadi təsir

Qlobal miqyasda karantin rejimi artıq Yaxın Şərq iqtisadiyyatına ciddi zərbə vurub.

Livanda pandemiya hələ bu ölkəyə çatmamışdan çökmüş vəziyyətdə olan iqtisadiyyat etirazçıları az qala dilənçi vəziyyətinə salarkən camaat banklara hücum çəkərək onlara od vurublar.

Yaxın Şərqdə daha böyük oyunçular iddialı, bəzən təhlükəli və həmişə baha başa gələn xarici siyasətlərini yenidən nəzərdən keçirməlidirlər.

Məsafədən müharibələr aparmaq və nüfuz və təsir dairəsini pul hesabına genişləndirilməsi mümkün olan günlər ola bilsin ki, artıq keçmişdə qalıb.

Bağlı mağazalar, Səudiyyə Ərəbistanı (02/04/20)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ciddədə komendant saatı kimi məhdudiyyətlər ticarətin dayanmasına gətirib çıxarıb

Chatham House təhlil mərkəzinin Yaxın Şərq Proqramının rəhbəri Lina Khatib hesab edir ki, Səudiyyə Ərəbistanı və İran kimi regionun aparıcı dövlətləri "Yaxın Şərqdə nüfuz dairələrinin genişlənməsi ilə bağlı öz planlarına yenidən baxmalı olacaqlar".

“Onlar seçim etməyə məcbur olacaqlar... əvvəllər ağıllarına belə gəlməyən güzəştlərə getməli olacaqlar, məsələn, Yəməndə və ya Suriyada", - o deyir.

Koronavirusun iqtisadi fəsadları Fars körfəzində neft milyarderlərindən tutmuş Misirdəki günəmuzd fəhlələrədək hər kəsə təsir göstərir.

Daha yoxsul ölkələrdə milyonlarla insan gündəlik qazandığı qəpik-quruşa dolanır. Onlar komendant saatına görə işləyə bilməsələr, ərzaq almaq üçün pulları olmayacaq.

Tehran küçələrində qadınlar (21/04/20)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Koronavirusun təsirindən əvvəl İran iqtisadiyyatı ABŞ-ın sanksiyalarından artıq çox zərər görüb

İranda koronavirus epidemiyası 6000-dən çox insanın ölümünə və 97 000 nəfərin bu xəstəliyə yoluxmasına səbəb olub.

Bu ölkə indi ticarət aparmaq üçün sərhədlərini yenidən açır. Bu virus artıq ABŞ sanksiyalarına görə çətin vəziyyətdə olan İran iqtisadiyyatı üçün əlavə problemlər yaradıb.

Yaxın Şərq iqtisadiyyatlarında dini ziyarətlər mühüm iqtisadi çəkiyə malikdir.

Milyardlarla dollar neft pulu itirən İraq da milyonlarla şiə zəvvarın ziyarətinə ümid edir. Həmin zəvvarların əksəriyyəti İrandandır.

Səudiyyə Ərəbistanında Məkkə şəhərində komendant saatı tətbiq olunur və gözlənildiyinə görə, iyul ayına təsadüf edəcək Həcc ziyarəti təxirə salına bilər.

Artan qəzəb

Neft qiymətlərinin kəskin düşməsi bir vaxtlar maliyyə baxımından yenilməz görünən ölkələrin gəlirlərində böyük itkilərin baş verəcəyini ehtimal etməyə əsas verir.

Səudiyyə Ərəbistanının öz iqtisadiyyatını islahatlar nəticəsində diversifikasiya etməklə bağlı olduqca bahalı planlarının gərçəkləşməsi artıq real görünmür.

Əlcəzairin bir ölkə kimi qazancının 60 faizini neft-qaz sektoru təmin edir. Bu ölkə sosial sahəyə ayrılan xərcləri üçdə bir qədər ixtisar edib.

Əlcəzairin "Hirak" adlı etiraz hərəkatı virusa görə mart ayında bir ildən çox davam etmiş həftəlik etirazlara ara verib. Amma ixtisarların təsiri dözülməz olsa, onlar geri dönə bilərlər.

2011-ci ildə Ərəb Baharının üsyanlarını alovlandıran gələcəklərinin oğurlandığını düşünən gənclərin qəzəbi olmuşdu.

Onların dəyişikliklərin baş verəcəyinə olan ümidləri əsasən heçə enib və ya puç olub. Amma pandemiya hələ başlamamışdan onların qəzəbi yenidən közərməyə başlamışdı.

Virusun vurduğu zərər isə daha bir siyasi parlayışa səbəb ola bilər.

koronavirus
xətt