Koronavirus izləmələri: “böyük qardaş” karantindən necə çıxır

- Müəllif, Qriqor Atanesyan
- Vəzifə, BBC
Kütləvi özünütəcrid xəstəlikdən qoruyur, ancaq həm də milyonlarla insanı gəlirsiz qoyur, şirkətləri iflas həddinə çatdırır.
Alimlər normal həyatı bərpa etməyin kütləvi yoluxmalara səbəb olmayacaq üsullarını tapmağa çalışırlar.
Karantindən çıxma variantlarından biri kimi mobil telefonların siqnalları vasitəsilə insanların rəqəmsal izlənməsi (digital contact tracing) ola bilər - xüsusi proqramların tətbiqi və ya mobil operatorların dəstəyi sayəsində. Sinqapur, Cənubi Koreya və Tayvanın təcrübəsi göstərdi ki, bu üsulla hökumət xəstələrlə ünsiyyətdə olanları tezcə tapa və izolyasiya edə bilir.
Ancaq o da var ki, karantin bitəndən - insanlar normal həyatlarına qayıdandan sonra da hakimiyyət onların hər addımından xəbərdar olacaq.
Hazırda Qərb ölkələrində də analoji sistemlər hazırlanır və bu ölkələrdə də insanlar vətəndaş haqlarını qurban verməli olacaqlar.
Asiyadan öyrənən Avropa
"Səhər 8:15-də - mən hələ yuxudaykən iki polis gəlib qapımın zəngini çaldı," - tayvanlı tələbə Milo belə deyir. Martın 19-da Belçikadan qayıdan Miloya iki həftəlik karantin tətbiq edilib.
Tayvanın vitse-prezidenti epidemioloqdur və bu ölkə Uhandan gələn sərnişinləri hələ dekabr ayında - Çin kütləvi pnevmoniya faktları haqqında açıqlama verəndən dərhal sonra, yəni dünya yeni koronavirus haqqında eşitməzdən əvvəl izləməyə başlayıb.
Tayvanda karantinin icrasına yerli hakimiyyətin "elektron hasar" adlandırdığı rəqəmsal izləmə sistemi nəzarət edir. Təcrid rejimində olan şəxsin telefonu 15 dəqiqədən çox siqnal ötürməyəndə onu axtarmağa başlayırlar.
Milonun telefonu 7:30-da sönüb, sonrakı bir saat ərzində dörd hakimiyyət orqanı onunla əlaqə yaratmağa çalışıb. Buna nail ola bilmədikləri üçün tələbənin evinə polis göndərilib və xəbərdarlıq edilib ki, karantini pozmaq cəhdi həbslə nəticələnə bilər.
"Elektron hasar"dan başqa, Tayvanda əlaqələrin rəqəmsal izlənməsi sistemi də fəaliyyət göstərib. Bu, çox sadə ideyadır: hökumət mobil operatorların məlumatları sayəsində vətəndaşların yerdəyişmələrinə nəzarət edir və biri xəstələnən kimi, ailə üzvlərini, iş yoldaşlarını və hətta onunla eyni ictimai nəqliyyatda olmuş şəxsləri də təsbit edərək karantinə yerləşdirir.
Epidemiologiyada bu üsuldan onillərdir ki, istifadə olunur. Rəqəmsal nəzarət 2000-ci illərin əvvəlindəki SARS epidemiyası zamanı da tətbiq edilib.
Əvvəllər pasientin ünsiyyətdə olduğu şəxsləri həkimlər soruşub öyrənir və onlara nəzarət edirdilər. Bu gün rəqəmsal alətlər bu işi bir neçə dəqiqəyə icra edərək yoluxanların yerdəyişmələri və görüşləri haqqında dəqiq və detallı məlumat təqdim edirlər.
Əlaqələrin rəqəmsal izlənməsi Sinqapurda və Cənubi Koreyada müsbət nəticə verib və bu metod artıq İndoneziya və Hindistanda da tətbiq edilir. Asiyadakı nümunələrdən həvəslənən Britaniya və Avropa Birliyi ölkələri də oxşar üsulları nəzərdən keçirirlər.
Britaniyada layihəni Milli Səhiyyə Xidməti, AB-də isə 130 iştirakçıdan ibarət şirkətlər və institutlar qrupu hazırlayır. Reuters agentliyinin xəbərinə görə, "effektli və könüllü" olması şərtilə, bu proqramı Almaniya kansleri Angela Merkel də dəstəkləyib. Proqramı Almaniya ordusunun könüllüləri üzərində sınaqdan keçiriblər.
Ötən həftə məlum olub ki, Fransanın Səhiyyə Nazirliyi də oxşar proqram üzərində işləyir. Rusiyanın analoji bir sistem hazırladığı deyilir, ancaq nəticələri hələ ki, məlum deyil.
Aprelin 10-da ABŞ prezidenti Donald Trump administrasiyanın bu texnologiyanı araşdırdığını və onun çox maraqlı olduğunu demiş, ancaq "fərdi azadlıqlar baxımından təhlükə" məsələsini də qeyd etmişdi.
Bundan bir neçə saat əvvəlsə Apple və Google şirkətləri izləmə proqramı hazırlamaq üçün səylərini birləşdirdiklərini açıqlamışdılar.
Əhalinin böyük hissəsini izləmək
Covid-19-un digər viruslardan fərqi bir çox hallarda simptomsuz keçməsidir və virus aşkar olunmuş şəxslərə karantin tətbiq edilməsi bütün daşıyıcıların tapılması və təcrid edilməsiylə nəticələnmir.
İnsanların çoxu daşıyıcı olduqlarını bilmirlər. Dünya üzrə xəstələnənlərin yarıdan çoxuna virus məhz belə şəxslər vasitəsiylə yoluxub.
Ona görə də alimlər rəqəmsal izləmə texnologiyasının tətbiqinə tərəfdardırlar. Ancaq bu, hökumətlərin az qala bütün vətəndaşları (onların yerdəyişmələrini) telefonlardakı proqramlar vasitəsilə izləməsi və ya geolokasiya məlumatlarının açıq olması deməkdir.
Oxford Universiteti alimlərinin qiymətləndirməsinə görə, effektli nəticələr əldə etmək üçün əhalinin 60 faizi belə proqramları telefonlarına yükləməlidir.
Universitetin səhiyyə fakültəsi Britaniya Milli Səhiyyə Xidmətinin hazırladığı proqramdan istifadənin perspektivlərini araşdırıb (araşdırmanın nəticələri "Science" jurnalının 31 mart tarixli nömrəsində dərc olunub).
Araşdırmanın rəhbərlərindən biri olan professor Christophe Fraser-in sözlərinə görə, proqram sərt karantini əvəz edə və insanların həyatını xilas edə bilər. Britaniya hökumətinin fikirlərinə xüsusi önəm verdiyi alimlər kütləvi izolyasiyadan normal həyata keçmək üçün bu proqramdan istifadəni məsləhət görürlər.

Sinqapur modeli
İzləməni dəstəkləyənlərin ən populyar arqumentlərindən biri Sinqapur nümunəsidir. Bu şəhər-dövlətdə kütləvi izolyasiyanı hökumətin hazırladığı TraceTogether proqramı əvəz edib. Çinlə sıx əlaqələrinə baxmayaraq, burda yoluxanların sayı 3 min nəfərdən az olub.
TraceTogether proqramı Bluetooth bağlantısı vasitəsiylə işləyir və şəxsin bütün yerdəyişmələrini yox, ancaq ən yaxın əlaqələrini izləyir. Proqramdan istifadə edən iki şəxs bir-birinə 2 metr məsafədə olanda telefonları arasında əlaqə yaranır. Görüş yarım saatdan çox davam edərsə, hər iki telefonda bununla bağlı qeyd yaranır. Həmin şəxslərdən biri virusa yoluxanda hökumət son 14 gündə onunla əlaqədə olmuş bütün şəxsləri xəbərdar edir.
Pandemiyayla mübarizədə uğur qazanmış daha bir ölkə Cənubi Koreyadır. İlkin mərhələdə yoluxmaların sayı kəskin artsa da, orda 10 mindən bir qədər çox adam xəsətlənib, cəmi 211 nəfər ölüb (Danimarkadan az). Bu ölkədə ümumi karantin elan olunmayıb, ancaq hökumət virus daşıyıcılarının əlaqələrinə aqressiv izləmə üsulu tətbiq edib: orda mobil operatorlardan GPS məlumatlarını, bank kartları üzrə əməliyyat göstəricilərini götürür, hətta videomüşahidə kameralarının çəkdiyi görüntülərə də baxırlar.
Çin hökumətinin hazırladığı Health Check sistemi Alipay və WeChat platformaları vasitəsiylə fəaliyyət göstərir. Sistem üç rənglə fərqləndirilən xüsusi QR kodları yaradır: yaşıl (hərəkət azadlığı), narıncı (7 günlük karantin) və qırmızı (14 günlük karantin). Yaşıl rəngli QR kodu olan şəxslər sərbəst hərəkət edə və ictimai nəqliyyatdan istifadə edə bilərlər.
Sinqapur və Cənubi Koreya təcrübəsindən nümunə götürən ölkələr var. İsrail Səhiyyə Nazirliyinin hazırladığı proqram virusa yoluxanlarla əlaqədə olmuş şəxslərə xəbərdarlıq göndərir. Bundan başqa, polisə və ŞABAK əks-kəşfiyyat xidmətinə əhalinin yerdəyişmələrini izləmək və yoluxanlarla ünsiyyətdə olan şəxsləri aşkarlamaq hüququ verilib.
Köhnə texnologiyaların təzə həyatı
Müasir izləmə texnologiyalarının prototipi hələ 2011-ci ildə - FluPhone layihəsi çərçivəsində, Cambridge Universitetinin kompüter laboratoriyasında hazırlanıb. Proqramın könüllülər üzərində sınaqdan keçirilməsi donuz qripi dövrünə təsadüf edib, texnologiyanın effektli olduğu təsbit olunub.
Karantinə əməl edilməsinin izlənməsi də daxil olmaqla, hökumətlər aktiv şəkildə başqa proqramlardan da istifadə edirlər. Paytaxtların çoxunda üztanıma kameraları quraşdırılıb, mobil operatorlar hökumətlərə abonentlər haqqında, sosial şəbəkələrsə istifadəçilərlə bağlı informasiya verir (bəzi ölkələrdə məhkəmə qərarı olmadan da).
"Bu proqramların əksəriyyəti yeni deyil və əgər hökumətlər onlardan istifadə etmək istəsələr, hardan əldə edəcəklərini bilirlər," - ABŞ-ın Freedom House qeyri-hökumət təşkilatının analitiki Elli Frank belə deyir.
Pandemiya dövründə dəyişən tək şey bu üsullarla bağlı diskussiyaların olmamasıdır. Avtoritar və ya hibrid rejimli ölkələrdəki izləmə formaları əvvəllər vətəndaş cəmiyyətinin müqavimətiylə üzləşirdisə, qlobal pandemiya şəraitində hamının düqqəti virusla mübarizəyə yönəlib.
Frank deyir ki, "İndiki metodların ləğvinə nail olmaq çox çətin olacaq. Biz pandemiyanın qarşısının alınacağına inanırıq və bu metodların gələcəkdə ləğv edilməsi istiqamətində fəaliyyət göstəririk".
ABŞ-ın insan haqları müdafiəçiləri 11 sentyabr 2001-ci ildəki terror aktından sonra xüsusi xidmət orqanlarına yeni səlahiyyətlərin verilməsini xatırladırlar. Terror təhlükəsi əsasən sovuşmuş olsa da, səlahiyyətlər artırılmaqda davam edir.
Ekspertlər və aktivistlər bu texnologiyalardan pandemiyadan sonra da istifadə ediləcəyindən narahatdırlar. Vaşinqtondakı Milli Müdafiə Universitetinin professoru Erika Mart hesab edir ki, yeni üsullar postsovet məkanında normaya çevrilə bilər:
"Səhiyyə sistemlərindəki böhranın nə vaxt bitəcəyi və kütləvi izləmədən imtinanın nə vaxt mümkün olacağı bəlli deyil. İzləmə tədbirləri uzun müddət davam edə bilər. Avtoritar rejimlər onlardan öz opponentlərinə nəzarət etmək üçün istifadə edəcəklərmi?"
Vətəndaşlar üzərində kütləvi izləmə faktlarını açıqlamış keçmiş xüsusi xidmət işçisi Edward Snowden (ABŞ) də hesab edir ki, indiki texnologiyaların pandemiyadan sonra da tətbiqi mümkündür.
Snowden Kopenhagendə keçirilən sənədli film festivalı çərçivəsindəki videoçxışında deyib ki, "5 il sonra pandemiya artıq bitmiş olacaq, ancaq indiki məlumatlar hökumətlərin ixtiyarında qalacaq və onların içindən yeni məlumatlar axtarmağa başlayacaqlar".
Rusiyada rəqəmsal azadlıqları Roskomsvoboda layihəsi müdafiə edir. Bu platforma Belarusun Human Constansa təşkilatıyla birlikdə izləmə və rəqəmsal hüquqların pozulması sistemləri barədə "Pandemic Big Brother" adlı interaktiv xəritə hazırlayıb. Resursda materiallar rus, ingilis, fransız və alman dillərində təqdim olunur.
Roskomsvobodanın rəhbəri Artyom Kozlyuk BBC-yə müsahibəsində deyib ki, interaktiv xəritənin əsas məqsədlərindən biri pandemiya bitəndən sonra rəqəmsal izləmənin dayandırılmasına nəzarət etməkdir. Aktivistlər avtoritar rejimlərin yeni nəzarət üsullarından vaz keçəcəyinə şübhəylə yanaşırlar.
Kozlyuk, həmçinin qeyd edir ki, hökumətlərin topladığı məlumatlar çox vaxt fırıldaqçıların və korporasiyaların əlinə keçir:
"Dövlət strukturlarının topladıqları məlumat bazalarının qara bazarda peyda olması hallarına tez-tez rast gəlirik. Nə qədər ki, haqlarımıza toxunmurlar, söz azadlığı, əlaqələrin və şəxsi həyatın gizliliyi kimi hüquqlarımızın olduğunu dərk etmirik. Ancaq senzura tətbiq olunanda, izləmə başlayanda, xidmətlər bloklananda və ya həssas məlumatlar qara bazara sızanda belə hüquqlarının olduğunu getdikcə daha çox insan anlamağa başlayır. Pandemiya bitəndən sonra biz hamımız Qara güzgü serialına və Orwell-in təsvir etdiyi dünyaya düşə bilərik".

İfrat sərtlik
Aktivistlərin və ekspertlərin narahatlığı artıq qismən də olsa, özünü doğruldur. Pandemiyayla mübarizə üçün yeni metodların tətbiqinə çalışan hökumətlər (Hindistandan Çernoqoriyaya qədər) alimlərin məsləhət gördüyü və epidemiologiya baxımından məqbul çərçivələri ciddi şəkildə aşmaqdadırlar.
Bəzi ölkələrdə hökumətlər vətəndaşların telefon zənglərini yoxlamaq fikrinə düşüb. Alimlər bu məlumatları əlaqələrin rəqəmsal izlənməsi üçün əhəmiyyətli hesab etməsələr də, Ermənistan, Bolqarıstan və Hindistanda (Kerala ştatında) artıq bu üsuldan istifadə olunur.
Moskva bələdiyyəsinin hazırladığı Sosial monitorinq proqramı nəinki geolokasiya göstəricilərinə, o cümlədən kameraya və daşınan qurğuların göstəricilərinə (məsələn, nəbz və ürək döyüntüsüylə bağlı məlumatlara) girişə də icazə istəyir. Ötən şənbə Moskva hökuməti şəhərə QR kodla giriş sisteminin işə salındığını açıqlayıb. Sistemdən Rusiyanın digər regionlarında da istifadə olunur. Çernoqoriyada isə karantinə yerləşdirilən şəxslərin adları və soyadları hökumət saytına yerləşdirilib.
Vətəndaşlardan adları, cinsiyyətləri, telefon nömrələri, boyları və çəkiləri barədə məlumat toplaması və sonra bu məlumatları proqramın istehsalçısı olan şirkətə ötürməsi aşkara çıxandan sonra İran hakimiyyətinin hazırladığı və hər kəsdən telefona yükləməyi tələb etdiyi AC19 proqramı Google Play platformasından çıxarılıb.

Hətta etik izləmə nümunəsi kimi göstərilən Sinqapurda da Səhiyyə Nazirliyi Covid-19 xəstələri haqqında ətraflı məlumat dərc edib və yerli proqramçı yoluxma hallarıyla bağlı interaktiv xəritə hazırlayıb. Bu xəritənin köməyilə pasiyentlərin kimliyini asanlıqla müəyyənləşdirmək olur.
Azadlıqla güclü əl arasında
Washington Post qəzetinin köşə yazarı David İgnatius BBC Rusiya xidmətinə verdiyi müsahibədə cəmiyyətlər üzərində nəzarətin güclənəcəyini istisna etmədiyini, ancaq elm və demokratiyanın dəyərdən düşməyəcəyinə inandığını deyib.
Harvard Universitetinin böyük elmi işçisi olan İgnatius universitetdəki həmkarlarıyla birlikdə dünyanın koronavirusdan sonrakı mənzərəsini müzakirə edir.
"İnsanlar qorxu içindədirlər və belə hallarda dövlət nəzarətinin güclənməsi onlarda ümid yaradır. Ancaq indiki metodların bəziləri çox qorxulu nəticələrə gətirib çıxara bilər. Hakimiyyətin hər bir vətəndaşı izləməsi səhiyyə sistemi üçün əlverişli olsa da, şəxsi həyatın gizliliyi baxımından nəticəsi pis olacaq".
Digər tərəfdən, avtoritar liderlərin hakimiyyətini möhkəmləndirən böhran alimlərin və ekspertlərin proseslərə təsirini artıra bilər.
"Maraqlıdır ki, Si Tsinpinin güclü lider kimi tərifləndiyi Çində insanlar cəsarətli həkim Vi Venlyana (koronavirus haqqında ilk məlumat verənlərdən birinə) daha emosional reaksiya verdilər. Onun sözləri cəmiyyətə elə görünməmiş səviyyədə təsir etdi ki, əvvəlcə onu tənqid edən hakim kommunist partiyası da sonradan tərifləməli oldu. Böhran dövründə dövlət nəzarətinin öz üstünlükləri var, ancaq şəffaflıq, aşkarlıq və həqiqi informasiyaya əlçatanlıq daha vacibdir. Çin, Rusiya və İran kimi avtoritar rejimlərin problemi insanların rəsmi məlumatlara inanmamasıdır," - İgnatius belə deyir.
İllüstrasiyaların müəllifi Olesya Volkovadır.
"Getty Images"-in şəkillərindən istifadə olunub.








