İtaliyada koronavirusdan ölənlərin sayı 366-ya çatıb

Şəklin mənbəyi, Getty Images
İtaliya II Dünya Müharibəsindən bəri ilk dəfə tətbiq edilən ən ciddi karantin rejimi üçün əlava maliyyə lazım olduğunu açıqlayıb.
Hökumət bazar günü koronavirus epidemiyasının qeydə alındığı ölkənin şimal bölgələrində karantin rejimi elan edib.
Azı 16 milyonluq əhalini əhatə edən karantin zonasına giriş və çıxış faktiki olaraq bağlanıb.
Hazırda bu ölkədə 366 nəfər koronavirusdan ölüb. İtaliya Çindən sonra koronavirusdan ən çox zərər görən ölkədir.
İtaliyanın 20 bölgəsində koronavirusa yoluxma halları qeydə alınıb, yoluxanların sayı 6387-yə çatıb.
Bazar günü məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini İtaliyanın Baş naziri Giuseppe Conte elan edib.
Görüləcək tədbirlər nəticəsində karantin zonasına turistlər arasında məşhur olan Milan və Venesiya şəhərləri də düşüb.

Şəklin mənbəyi, Reuters
Conte-nin sözlərinə görə, söhbət yalnız bu regionlara daxil olmaq və çıxmaq qadağasından getmir, karantin zonasının özündə də hərəkət məhdudlaşdırılıb.
Həmçinin muzeylər, dağ-xizək kurortları, hovuzlar, idman zalları, gecə klubları və kütləvi və ya mədəni tədbirlərin keçirildiyi digər yerlər də bağlanıb.
Restoranlar və kafelərə müştərilərin bir-birindən ən azı bir metr aralıda oturması məsləhət görülüb.

Şəklin mənbəyi, Getty Images
Karantin zonasına düşmüş insanlara imkan daxilində küçəyə çıxmamaq tövsiyə olunur. Karantin rejiminin pozulmasına görə üç aya qədər həbs nəzərdə tutulur.
Karantin zonasında bütün idman tədbirlərinin tamaşaçı olmadan keçirilməsi planlaşdırılır.
Məhdudiyyətlər ən azı 3 aprel tarixinə qədər davam edəcək.









