Koronavirus: Azərbaycanda buraxılmış dərslərə görə tədris ili uzadılacaqmı?

məktəb

Şəklin mənbəyi, bakuoxfordschool

    • Müəllif, Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca

Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur, Təhsil Nazirliyi açıqlayıb.

Təhsil Nazirliyi bildirib ki, koronavirusa görə buraxılmış dərslərin kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır.

"Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur", - nazirlik bildirib.

Nazirliyin məlumatında qeyd olunur ki, kompensasiya Novruz bayramı ilə əlaqədar istirahət günlərinin hesabına edilməyəcək.

Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, bu qərar koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verilib.

line

Azərbaycanda valideynlər və müəllimlər koronavirus təhlükəsinə görə təhsil müəssisələrinin bağlanması tələblərini səsləndirmişdilər.

Bundan sonra Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılmasına qərar vermişdi.

Ölkədə 3 koronavirusa yoluxma halı qeydə alınıb, eləcə də Gürcüstanda və Belarusda İrandan gəlib Azərbaycana keçməklə bu ölkələrə gedən şəxslərdə virusa yoluxma halı aşkar olunub.

Azərbaycan Səhiyyə Nazirliyi Belarusdakı yoluxma faktı barədə bildirib ki, Belarus Səhiyyə Nazirliyi bununla bağlı onlara rəsmi məlumat verməyib.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya demişdi ki, quruma edilən bütün müraciət və məsələlər "mütəmadi olaraq izlənir və müzakirə olunur".

məktəb

Şəklin mənbəyi, Təhsil Nazirliyi

"Məktəbə göndərmirəm"

Sosial mediada valideynlər öz narahatlıqlarını bildirərək ən azı məktəb və uşaq bağçalarının bağlanmasını istəyirlər.

Onlar etirazlarını məktəblərin bağlanılması barədə çağırış həştəqlərində birləşdirirlər.

İki uşağı Bakı məktəblərindən birində oxuyan Fidan Quluzadə deyir ki, uşaqlarını məktəbə göndərə bilmir, çünki həm özü, həm də uşaqları virusa yoluxmaqdan qorxur.

O təklif edir ki, məktəblərdə azı bir həftəlik tətil elan olunsun, həmin günlər isə problem sovuşandan sonra şənbə günləri ilə kompensasiya olunsun.

"Əvvəl məktəbə göndərirdim, sonra gördüm bizdə də virus tapmağa başladılar, göndərmirəm. Nə bilirəm ki, gedib xəstələnməyəcək?"

Məktəblərin bağlanılmasını istəyən valideyn Fidan Quluzadə tək deyil. 10 yaşlı qızını Bakının Xırdalan qəsəbəsində məktəbə göndərən Valeh Məmmədov bütün təhsil müəssisələrinin bir müddətlik bağlanılmasını gözləyir.

Koronavirus

"Təkcə məktəblər yox, bağçalar, universitetlər, kurslar, hamısı bağlanmalıdır. Bir-iki həftə dərslə heç nə olmaz, amma insan həyatına təhlükə ola bilər".

Valeh Məmmədov aidiyyəti qurumları "məsələyə ciddi yanaşmağa" çağırdığını bildirib.

"Qızılca, malyariya, suçiçəyi"

Təhsil məsələləri üzrə təhlilçi, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov koronavirusun yayılma ehtimalına görə Baş nazir Əli Əsədova müraciət edərək məktəblərin bağlanılmasını istəyib.

O təklif edib ki, mart ayının ikinci yarısında olan qeyri-iş günləri ayın ilk yarısında dərs günlərilə əvəz olunsun.

"Xatırladım ki, mart ayında fəsil dəyişməsi ilə əlaqədar olaraq, qızılca, malyariya, suçiçəyi kimi yoluxucu xəstəliklər də təbii olaraq artır, xüsusilə məktəbyaşlıların orqanizmində zəifləmə halları baş verir ki, adi zamanlarda da müxtəlif infeksiyaların təsiri özünü daha aşkar, geniş şəkildə göstərir. Düşünürəm ki, koronovirusun ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz", - Kamran Əsədov müraciətində deyir.

Cəsarət Valehov Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında yaradılan qərargahda bütün məsələlərin detallı müzakirə edildiyini söyləyib.

"Qaynar xətt bütün rəyləri və müraciətləri aidiyyati səlahiyyətli şəxslərə çatdırır, eləcə də Nazirlər Kabineti yanında qərargah fəaliyyət göstərir. Aidiyyəti qurumlar müştərək işləməkdədirlər. Proses saatbasaat izlənir, müzakirə olunur. Qərar olacaqsa, açıqlayacağıq," - nazirliyin sözçüsü söyləyib.

Koronavirus

Arayış tələb olunurmu?

Cəsarət Valehov deyir ki, əgər uşaq xəstədirsə, Təhsil Nazirliyinin məktəblərə müraciət məktubunda da qeyd olunduğu kimi, dərsə getməməlidir.

O, məktəblərdə davamiyyətin adi qaydada yoxlanıldığını bildirib.

Nazirliyin sözçüsü övladlarını məktəbə göndərməkdən narahat olan valideynlərin "həssaslığının nəzərə alınmalı olduğunu" deyib.

"Əgər valideyn doğrudan da bu məsələyə qorxu və həssaslıqla yanaşırsa, bu barədə məktəb direktoruna və rəhbərliyinə məlumat verməlidir".

Koronavirus

"Dezinfeksiya işləri aparılır"

Təhsil Nazirliyi fevralın 24-də rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı tapşırıqlar vermişdi.

Tapşırıqda deyilirdi ki, "son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir".

Qurum bu baxımdan ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığını bildirmişdi.

Təhsil Nazirliyinin verdiyi tapşırıqlar arasında ümumi təhsil müəssisələrinin "dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması" və müəssisələrdə "sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması" yer alırdı.

Nazirliyin sözçüsü Cəsarət Valehov deyir ki, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən məktəblərdə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

O, artıq yüzlərlə məktəbdə dezinfeksiya işlərinin aparıldığını, prosesin davam etdiyi üçün dəqiq rəqəmin olmadığını bildirib.

Bundan əvvəl Azərbaycanda 224 nəfərin koronavirus şübhəsilə həkim nəzarəti altında olduğu deyilirdi.

Çərşənbə günü İrandan təxliyə edilən 276 Azərbaycan vətəndaşı da karantinə götürülüb.