Hindistan hökuməti müsəlmanlara qarşı ayrı-seçkilikdə ittiham olunur

hindistan

Şəklin mənbəyi, AFP

Hindistan hökuməti Pakistan, Əfqanıstan və Banqladeşdən qaçaq yollarla bu ölkəyə keçmiş qeyri-müsəlman şəxslərə əfv və vətəndaşlıq hüququ verən mübahisəli layihəni parlamentə təqdim edib.

Layihənin şərtləri İslam dini mənsublarına aid olmadığı üçün hindu millətçilərinin hakimiyyətdə olan sağçı Hindistan Xalq Partiyası (BJP) müsəlmanlara qarşı ayrı-seçkilik etməkdə ittiham olunur.

BJP isə iddia edir ki, layihə inancına görə istintaqa cəlb edilmiş şəxsləri qorumaq məqsədi güdür.

Layihənin parlamentdən keçib-keçməməsi hökumət üçün sınaq olacaq. BJP bu orqanın alt qatı olan Əyalətlər Şurasında səs çoxluğuna sahib olsa da, üst qatda - Xalq Məclisində azlıqdadır. Qanun status alması üçün layihənin hər iki palatada qəbul edilməsi tələb olunur.

hindistan

Şəklin mənbəyi, Getty Images

Layihə niyə mübahisə doğurur?

Layihə 64 ildir ki, ölkəyə qanunsuz girənləri vətəndaşlıq hüququndan məhrum edən qanunu dəyişməyi nəzərdə tutur.

Bu qanuna görə Hindistana pasportsuz və ya səyəhət sənədi olmadan, ya da ölkədə qanunla icazə verilən müddətdən artıq qalan şəxslər qeyri-leqal mühacir hesab olunurlar. Belələri ya həbs edilir, ya da ölkədən çıxarılır.

Layihədə nəzərdə tutulan dəyişiklik onlara vətəndaşlıq verilməsini qadağan edən maddələri aradan qaldırır.

Daha bir vacib dəyişiklik Pakistan, Əfqanıstan və Banqladeşdə azlıqda olan dini qrup nümayəndələrinin Hindistan vətəndaşı olması üçün bu ölkədə yaşamaq və ya federal hökumətlə əməkdaşlıq etmək müddətinin 6 ilə endirilməsidir.

Layihəyə qarşı çıxanlar bildirirlər ki, dini mənsubiyyət vətəndaşlıq üçün şərt olmamalıdır, yeni qaydalar sekulyarizm prinsiplərinə ziddir və ayrı-seçkilik yaradır.