London körpüsündə hücumu törədən şəxs əvvəllər terrorçuluq ittihamı ilə həbsdə olub

London körpüsündə terror

Şəklin mənbəyi, DANIEL SORABJI/AFP via Getty Images

Cümə günü London körpüsündə bıçaqlama hadisəsini törədən şəxs terrorçuluq əməllərində təqsirləndirilmiş keçmiş məhkum olub.

London polisi hücum edən şəxsin 28 yaşlı Usman Khan olduğunu açıqlayıb.

Polis bildirib ki, o, hücum zamanı lisenziya ilə həbsxanadan kənarda olub.

İnsident nəticəsində iki nəfər öldürülüb, üç nəfər yaralanıb.

28 yaşlı Usman Khan

Şəklin mənbəyi, West Midlands Police

Şəklin alt yazısı, Usman Khan-ın 2012-ci ildə həbsi zamanı fotosu

Usman Khan hadisə yerində polis tərəfindən öldürülüb.

Polis hadisəni "terrorla əlaqəli" adlandırıb.

London Şəhər Polisinin köməkçisi komissar Neil Basu deyib ki, Usman Khan onlara 2012-ci ildə terrorçuluq əməllərində ittiham olunması ilə bəlli olub.

"O, həbsdən 2018-ci ilin dekabrında lisenziya ilə buraxılmışdı və indi əsas məsələ onun bu hücumu həyata keçirmək fikrinə necə gəlib çıxdığını araşdırmaqdır", - Neil Basu söyləyib.

The Times qəzeti bildirib ki, Usman Khan keçən il elektron qolbaq taxmaq və hərəkətlərinin izlənilməsi razılığı ilə həbsdən buraxılmışdı.

Birləşmiş Krallığın kraliçası II Elizabeth hücumdan "kədərləndiyini" bildirib.

O, təcili tibbi yardım xidmətini, eləcə də "başqalarına fədakarcasına kömək etmək və onları qorumaq üçün öz həyatlarını riskə atan şəxslərə" təşəkkürünü bildirib.

London

Şəklin mənbəyi, PA MEDIA

London

Şəklin mənbəyi, AFP/GETTY IMAGES

Cümə günü BBC müxbiri John McManus deyib ki, o, körpüdə bir qrup şəxsin dalaşdığını görüb.

Daha sonra isə polis gəlib və atışma səsi eşidilib.

London

Şəklin mənbəyi, Reuters