Pişiyinə görə cəzalandırılmış təyyarə sərnişini

упитанный кот

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu, həmin pişik deyil

"Aeroflot" aviaşirkəti 8 kq-dan ağır olan pişiyini təyyarəyə keçirməklə heyvandaşıma qaydalarını pozmuş sərnişinin bonus millərini ləğv edib. Bu hadisə haqda həmin sərnişin öz "Facebook" profilində yazıbmış.

Bazar ertəsi aviaşirkət xidməti yoxlama nəticəsində aşkar edilən faktla bağlı açıqlama verib: məlum olub ki, qeydiyyat zamanı sərnişin öz pişiyini baqaja verməmək üçün onu daha yüngül olan başqasıyla əvəz edib və bu, videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

"Aeroflot"un qaydalarına görə, daşıma qabıyla birlikdə 8 kq-dan ağır gələn heyvanlar təyyarənin baqaj bölümünə yerləşdirilməlidirlər.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, "Hava daşıması qaydalarını bir neçə dəfə və bilərəkdən pozduğuna görə şirkət həmin sərnişini "Aeroflot Bonus" proqramından çıxarıb, layihədə iştirak zamanı topladığı bütün millərsə ləğv ediləcək və hesabı bağlanacaq".

Noyabrın 6-sında "Facebook" istifadəçisi Mixail Qalin pişiyi Viktorla Riqadan Vladivostoka necə uçması barədə status yazıb.

O qeyd edib ki, çox yediyi üçün 10 kq-a qədər kökəlmiş pişiyi təyyarənin salonuna buraxılma həddini keçib, amma onu baqaj bölümünə vermək istəməyib, qorxub ki, uzun uçuş Viktora pis təsir edər:

"O, hətta qısa uçuşlarda da özünü piss hiss edir. Viktorun səkkiz saat ərzində baqaj bölümündə saxlanmasına mənəvi haqqım yoxdur. Orda heyvanların ölməsi halları tez-tez baş verir".

"Aeroflot"un əməkdaşları pişiyi təyyarəyə buraxmadığı üçün Qalin başqa reyslə uçmaq qərarına gəlib və qeydiyyat masasına tanışları vasitəsilə tapdığı başqa bir pişiyi təqdim edib.

"Gombul Viktorun miniatür Fibiylə əvəz edilməsi əməliyyatı uğurla başa çatdı - tərəzi icazə verilən çəkini göstərdi, aviaşirkətin əməkdaşı nəzakətlə giriş kartı verdi" - Qalin belə yazıb.

Bununla yanaşı, Qalin bonus milləri hesabına yeni biznes-klas bileti də ala bilib.

Onun statusunu 16 mindən çox adam bəyənib.

"Aeroflot" Qalinin neçə bonus mili olduğunu açıqlamayıb. "Dojd" telekanalına müsahibəsində o, 370 min mil bonusunun silindiyini deyib.

Cəza - bonusun ləğvi

Sosial şəbəkələrdəki statusa görə sərnişinin bonus millərini ləğv etmək taktikasını "Aeroflot" əvvəllər də tətbiq edib. Ötən ilin noyabr ayında jurnalist və "Kömək lazımdır" xeyriyyə fondunun həmtəsisçisi Mitya Aleşkovski də öz millərindən və "platin" statusundan məhrum edilib.

Onu Twitter-də yazdıqlarına görə cəzalandırmışdılar - "Aeroflot"un baş direktoru Vitali Solovyovun qərarını dərc edib top-menecerin psixi sağlamlığıyla bağlı şərh yazdığı üçün. Aleşkovski millərinin geri qaytarılması tələbiylə məhkəməyə müraciət etmiş, amma şikayəti təmin olunmamışdı.

"Aeroflot Bonus" loyallıq proqramının qaydalarında bildirilir ki, bəzi hallarda şirkət proqram iştirakçısının hesabını blok etmək və ya bağlamaq, yığılmış milləri, elit səviyyəni və digər üstünlükləri hər hansı xərcləri, ziyanı və kompensasiyanı ödəmədən ləğv etmək hüququna malikdir.

Məsələn, "internetdə və/və ya nəşr KİV-ində "Aeroflot"un işgüzar imicinə xələl gətirən yalan informasiyanı dərc etdiyinə görə", o cümlədən, "həm şəxsən, həm də internet və/və ya nəşr KİV-i vasitəsilə şirkətin əməkdaşlarına qarşı yönələn, insanın şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətinə, xarici görünüşünə və keyfiyyərlərinə yönəlmiş ədəbsiz və ya neqativ şərhlərə və ya materiallara; qəbul edilmiş ümumi davranış qaydalarına zidd hərəkətlərə görə "Aeroflot" qazanılmış status və milləri ləğv edə bilər.