İran prezidenti Səudiyyə və Bəhreyn krallarına məktubunda nə yazıb?

Şəklin mənbəyi, Getty/ ATTA KENARE
İran hökumətinin sözçüsü Əli Rabiyenin bildirdiyinə görə, Prezident Həsən Ruhani Səudiyyə və Bəhreyn krallarına məktub yazıb.
"Hökumətimiz həmişə regionda sülh və sabitlik axtarışında olduğunu bildirib", cənab Rabiye mətbuata açıqlayıb. "Bu yanaşma Səudiyyə və Behreyn krallarına məktubun əsasını təşkil edir", o əlavə edib.
İran hökumətinin sözçüsü bölgədə sülh üçün əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Bizim region dövlətləri arasında bir çox iqtisadi və gömrük problemlərimiz var və ABŞ-ın təzyiqi qonşu dövlətlər arasında soyuqluq yaratmamalıdır", o əlavə edib.
Cənab Rabiye ABŞ sanksiyalarının təsirindən danışıb və bildirib ki, eyni şəraitdə başqa bir hökumət olsaydı, "vəziyyət daha da pis olardı".
O, ABŞ sanksiyalarını "misli görünməmiş" adlandırıb.
"Biz 2017-ci ildən bəri tətbiq olunmuş sanskiyaları ona görə misli görünməmiş adlandırırıq ki, o, İran cəmiyyətinin gündəlik həyatını hədəf alıb", İran hökumətinin sözçüsü deyib.
Əli Rabiye eyni zamanda rəsmi ritorikada "Amerikan" etiketindən istifadəni də tənqid edib. "Biz başqalarını istisna etmək, kənarlaşdırmaq üçün "Amerikan" terminindən istəfadə etməməliyik. Əgər belə desək bu, yeni nəslin tarixi təcrübəni daşımasına qarşı ədalətsizlik və böyük xəyanət olardı", o deyib.
Küveytin Al-Jarida qəzeti İranın Ruhaninin məktubunu Bəhreyn və Səudiyyə Ərəbistanına göndərməsini "görünməmiş" hərəkət adlandırıb.
İki güclü qonşu - Səudiyyə Ərəbistanı və İran regionda hegemonluq uğrunda mübarizə aparırlar.
Onilliklərdir davam edən bu qarşıdurmanı dini fikir ayrılıqları daha da sərtləşdirir. Bu iki ölkə islamdakı iki fərqli cərəyanı təmsil edir - İran əsasən şiələrdən ibarətdir, Səudiyyə Ərəbistanı isə sünnilərin lider ölkələrindən biri hesab olunur.
Çoxdan bir-birlərini düşmən hesab edilən bu iki ölkə arasında münasibətlər son vaxtlar daha da pisləşmişdi.





