Səudiyyənin neft obyektlərinə hücumlar: İran ABŞ-ı "təhrifə" görə ittiham edir

Səudiyyə

Şəklin mənbəyi, Reuters

ABŞ dövlət katibi Mike Pompeo Səudiyyə Ərəbistanının iki neft obyektinə dronlar vasitəsiylə edilmiş dağıdıcı hücumun arxasında İranın durduğunu söylədikdən sonra İran ABŞ-ı "təhrifdə" ittiham edib.

Mike Pompeo hücumların Yəmənin İran tərəfindən dəstəklənən Husi üsyançılarının həyata keçirdiyi barədə iddiaları rədd etmişdi.

İranın Xarici İşlər naziri Cavad Zərif bəyan edib ki, "günahın İranın üzərinə atılması Yəməndəki fəlakətə son qoymayacaq".

Səudiyyə Ərəbistanı tərəfinin bildirdiyinə görə, şənbə hücumları nəticəsində neft hasilatı ikiqat azalaraq gündəlik 5,7 milyon barrelə düşüb.

Nəticədə, ekspertlər dünya bazarlarında neftin bahalaşmasını proqnozlaşdırırlar, odur ki, bazar ertəsi günü neft birjalarında vəziyyət dünyanın diqqət mərkəzində olacaq.

2015-ci ildə Yəmən prezidentini devirəndən bəri husilər Qərbin dəstəklədiyi və Səduyyənin baçılıq etdiyi koalisiya ilə döyüşlər aparır.

Onlar Əbkeykdə və Xureysdə yerləşən neft obyektlərinə şənbə günü 10 dronla hücum edildiyini bəyan ediblər.

Lakin Mike Pompeo deyib ki, hücumun Yəmən tərəfindən edildiyinə dair "sübut yoxdur".

ABŞ dövlət katibi Mike Pompeo, şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən dron hücumlarına görə İranı günahlandırıb.

İranın Xarici İşlər naziri Cavad Zərif özünün Twitter səhifəsində ABŞ dövlət katibinə lağ edərək yazıb ki, "maksimal təzyiq siyasəti iflasa uğrayandan sonra, dövlət katibi Pompeo indi də maksimal təhrifə əl atıb".

Bu zaman İran diplomatiyasının başçısı Trump administrasiyasının İrana qarşı sanksiyalar tətbiq edərkən elan olunan "maksimal təzyiq kampaniyasını" nəzərdə tutub.

Cavad Zərif qeyd edib ki, ABŞ və onun müttəfiqlərinin "Yəməndə ilişib qalmasının səbəbi silah üstünlüyünün onlara hərbi üstünlük verəcəyi barədə illüziyalarıdır".

"Bölgədə bu gün baş verən və dünyanı narahat edən hadisələr əslində ABŞ-ın yürütdüyü səhv siyasətin və hazırladığı qəsd planlarının nəticəsidir", - İran XİN-in rəhbəri qeyd edib.

NASA

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Nasa peykinin kosmosdan çəkdiyi fotoda dron hücumu nəticəsində başlamış yanğın və neft mədənlərinin tüstüləndiyi görünür.

Səudiyyənin Aramco dövlət neft şirkətinin iki obyektinə edilmiş hücüma görə məsuliyyəti üzərinə Yəmənin İran tərəfindən dəstəklənən Husi üsyançıları götürüb.

ABŞ dövlət katibi Mike Pompeo Husi üsyançılarının bu iddiasını rədd edib.

İran ABŞ-ın ittihamlarını "'əsassız, anlaşılmaz və mənasız olduğunu" bildirib.

Səudiyyə Ərəbistanının enerji nazirinin bildirdiyinə görə, hücumlar nəticəsində gündəlik neft hasilatı 5,7 milyon barrel azalıb - bu isə krallığın neft hasilatının təxminən yarısını təşkil edir.

Müxbirlərə görə, bu hadisə dünya neft bazarında qiymətlərə əhəmiyyətli təsir göstərə bilər.

Televiziya görüntülərindən Aramco-nun ən böyük neft emalı zavodunun yerləşdiyi Əbkeykdə böyük bir yanğının baş verdiyi aydın olur.

Daha bir dron hücumu isə Xureys neft mədənində yanğına səbəb olub.

Səudiyyə Ərəbistanı Yəməndə Husi üsyançı hərəkatına qarşı yaradılmış, Yəmən hökumətini dəstəkləyən və Qərb tərəfindən dəstəklənən hərbi koalisiyaya rəhbərlik edir.

Səudiyyənin neft obyektlərinə hücumlar Donald Trump-ın İranın nüvə fəaliyyətini məhdudlaşdıran nüvə razılaşmasından imtina etməsindən sonra və Irana qarşı ABŞ sanksiyalarının bərpası nəticəsində ABŞ-İran münasibətlərindəki artmış və davam edən gərginlik fonunda baş verib.

ABŞ Səudiyyənin neft obyektlərinə hücumlara görə İranı günahlandırır.