Netanyahu yenidən seçilərsə, Qərb Sahilindəki məskənləri ilhaq edəcəyinə söz verib

Şəklin mənbəyi, AFP
Israilin Baş naziri Benjamin Netanyahu deyib ki, Baş nazir vəzifəsinə yenidən seçiləcəyi halda İsrail işğal etdiyi Qərb Sahilində yəhudi məskənlərini ilhaq edəcək.
İsraildə seçkilər çərşənbə axşamı keçiriləcək və Benjamin Netanyahu Qərb Sahilinin bir qisminin ilhaqına çağıran sağçı partiyalarla rəqabət aparacaq.
Beynəlxalq qanunvericiliyə görə, həmin yəhudi məskənlər qanunsuzdur, lakin İsrail bunu qəbul etmir.
Ötən ay ABŞ İsrailin 1967-ci ildə Suriyadan qoparıb işğal etdiyi Colan təpələrini İsrail ərazisi kimi tanıyıb.
Qərb Sahili məskənlərində Israil təxminən 400000-dək yəhudi yerləşdirib. Daha 200000 yəhudi Şərqi Yerusəlimdə (Qüds) yaşayır.
Qərb Sahilində 2,5 milyonadək fələstinli yaşayır.
Fələstinlilər işğal olunmuş Qərb Sahilində, Şərqi Qüdsdə və Qəzza Zolağında Fələstin dövləti yaratmaq istəyirlər.
Yəhudi məskənlərilə bağlı məsələ İsraillə fələstinlilər arasında ən ziddiyyətli problemlərdən biri sayılır - fələstinlilər qeyd edir ki, məskənlərin mövcudluğu gələcək müstəqil dövlətin yaradılmasını mümkünsüz edir.
İsrail isə bildirir ki, fələstinlilər məskənlərlə bağlı məsələdən sülh danışıqlarından yayınmaq üçün istifadə edirlər.

Şəklin mənbəyi, Reuters
İsrail televiziyasına müsahibə verən Benjamin Netanyahu-ya Qərb sahilindəki məskənlərə nəyə görə İsrail suverenliyi şamil edilmir sualı verilərkən, onun cavabı belə olub: "Siz məndən növbəti mərhələyə keçəcəyimizi soruşursunuz - buna "bəli, keçəcəyik" deyərək cavab verirəm".
Yüksəkvəzifəli Fələstin rəsmisi Saib Ərəkat Benjamin Netanyahu-nun cavabının "sürpriz" olmadığını qeyd edib.
Fələstin lideri Mahmud Abbasın rəsmi nümayəndəsi isə Reuters-ə deyib ki, bu cür hərəkətlər və bəyanatlar faktları dəyişməyəcək.
"Məskənlər qanunsuzdur və onlar ləğv olunacaq", - Fələstin liderinin sözçüsü bildirib.






