Rusiyada zoopark bayram günlərində maral kirayəsi təklif edir

Marallar insanların ətrafda olmasına öyrəncəlidir

Şəklin mənbəyi, roev.ru

Şəklin alt yazısı, Marallar insanların ətrafda olmasına vərdiş edib
    • Müəllif, Dünya xəbərləri medianın gözü ilə
    • Vəzifə, BBC Monitoring

Rusiyada bir zoopark Milad və Yeni il bayramlarında camaatı sevindirmək üçün maral, tülkü və haski iti kimi zooparkda saxlanan heyvanları əhaliyə kirayə verir.

Sibirin Krasnoyarsk şəhərində yerləşən Royev Ruchey adlı zoopark Rusiyanın ən iri zooparklarından sayılır.

Rusiya mediasının yazdığına görə, "Heyvanlar evdə" adlı zooparkın əhaliyə göstərdiyi yeni xidmət zoopark sakinlərinin uşaq şənliklərində, şəhərdə keçirilən digər tədbir və bayram məclislərinə gətirilib şəkillərinin çəkilməsini nəzərdə tutur.

Krasnoyarsk

Şəklin mənbəyi, Royev Ruchei/Facebook

Şəklin alt yazısı, Krasnoyarsk şəhərində Yeni İl və Milad bayramları mövsümündə bol qar olur

Zoopark eləcə də bildirib ki, marallara tələbat daha çoxdur, xüsusilə də Şaxta Babalar uşaq tədbirlərinə yollananda bu tələbat artır.

Bayram tədbirlərində iştirak etmək məqsədilə seçilən heyvanlar bunun üçün yaxşıca hazırlanır, zoopark vurğulayıb.

Maralları zoopark əməkdaşları müşayiət edirlər

Şəklin mənbəyi, Krasnoyarsk Channel 7

Şəklin alt yazısı, Maralları zoopark əməkdaşları müşayiət edirlər

"Heyvanları tədbirlərdə zoopark əməkdaşları müşayiət edir, onlar heyvanlarla düzgün rəftar qaydalarını yaxşı bilir, odur ki, camaat üçün təhlükəli hallar yaranmır", - zooparkın sözçüsü Yekaterina Mixaylova Rusiyanın 7-ci Kanal televiziya şirkətinə bildirib.

Ev şəraitində keçirilən tədbirlərə yalnız marallar göndərilir, çünki onlar insanların yaxınlıqda olmasına öyrəşib.

"Balaca uşaqlar olan yerlərə isə marallardan özünü ən sakit aparanlar göndərilir", - Yekaterina Mixaylova qeyd edib.