Rza Zərrabın ifadəsi: keçmiş türk nazirə "45-50 milyon avro rüşvət verdim"

Rza Zərrab

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Rza Zərrab ABŞ-dakı məhkəmədə ifadə verməyə başlayıb

Əslən azərbaycanlı, Türkiyənin tanınmış iş adamı Rza Zərrab ABŞ-da keçirilən məhkəmə prosesində türkiyəli nazirə rüşvət verdiyini etiraf edib, New York Times yazıb.

BBC xəbər verir ki, məhkəməni New York Times və Daily Beast də daxil olmaqla bir çox media nümayəndəsi izləyib və prosesin gedişatı barədə məlumatları dərhal Twitter-dən paylaşıblar.

Məhkəmədə şahid kimi çıxış edən Rza Zərrab 2011-2013-cü illərdə Türkiyədə iqtisadiyyat naziri Zafer Çağlayana 45-50 milyon avroluq rüşvət verdiyini açıqlayıb və ödəmələrin sübutunu məhkəmə heyətinə təqdim edib.

Bu etirafın geniş yayılmasına baxmayaraq, nə Türkiyənin dövlət xəbər agentliyi - Anadolu Ajansı, nə də ki, dövlət televiziyası - TRT Rza Zərrabın ifadəsi barədə xəbər verməyiblər.

Rəsmi Türk mənbələrindəki səssizliyə baxmayaraq, məhkəmənin gedişini başqa mənbələrdən izləyən türkiyəlilər Twitter-də Rza Zərrabı ən müzakirə edilən mövzuya çeviriblər.

line

Həmçinin oxuyun:

line

Məhkəməyə ifadəsində Rza Zərrab "ABŞ hokuməti ilə əməkdaşlığa getmək və məsuliyyəti qəbul etməyin həbsxanadan çıxmağın ən sürətli yolu" olduğunu anladığını bildirib.

Məhkəmə prosesini izləyən jurnalistlər Rza Zərrabın "təraş olduğunu, sakit göründüyünü, suallara cavab verərkən ittihamçının gözlərinə baxdığını, tərcüməçi vasitəsilə sualları aram-aram cavablandırdığını" bildiriblər.

Türkiyənin hazırkı iqtisadiyyat naziri Nihat Zeybekci bildirib ki, "türk naziri haqqında başqa bir ölkənin qaldırdığı iddia sübuta yetirilməlidir".

Rza Zərrab

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rza Zərrab şahid kürsüsündə əyləşib

Məhkəmə prosesinə çıxarılanlar aşağıdakı ittihamlarda təqsirləndirilirlər:

  • ABŞ və xüsusilə də ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq
  • Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmağa cəhd
  • Bank sistemində saxtakarlıq
  • Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq
  • Pul yuyulması
  • Pul yuyulması üçün plan qurmaq

İttihamnamədə ilk sistem olan "neft qarşılığı qızıl" üsulunun ən az 2010-cu ildən bəri tətbiq olunması barəsində məlumat yer alır və sistemin necə işləndiyi göstərilir.

Sanksiyalar ucbatından Türkiyə aldığı neft və təbii qaz üçün ödəməli olduğu məbləği İrana birbaşa göndərə bilməyib. Buna uyğun olaraq İran, Türkiyədə yerləşən Halkbank adlı bankda bir hesab açıb. Türkiyə də ödəmələri bu hesaba yatırıb.

Rza Zərrab məhkəmədə qızılı nağd pula necə çevirdiyini göstərmək üçün sxem cızıb və detalları göstərib.

Şəklin mənbəyi, Reuters

Daha sonra, bu hesabdakı pullar Zərrabın şirkətlərinə köçürülüb və bu şirkətlər üzərindən qızıl alınıb. Həmin qızıllar Türkiyədən Dubaya ixrac olunub və burada yenidən pula çevrilib və çantalarda İrana aparılıb.

Rza Zərrab məhkəmədə qızılı nağd pula necə çevirdiyini göstərmək üçün sxem cızıb və detalları göstərib.

Bekir Bozdağ

Şəklin mənbəyi, DHA

Məhkəməylə bağlı Türkiyə dövlət xəbər agentliyinə müsahibə verən Türkiyə Baş nazir müavini Bekir Bozdağ Rza Zərrabın "etiraf" ifadəsini "təzyiqlərlə" verməyə məcbur edildiyini iddia edib.

Məhkəməni "bir tamaşa" adlandıran nazir məhkəmə işinin Fethullah Gülenin tərəfdarları tərəfindən quraşdırıldığını iddia edib.