Britaniya mətbuatı: Erdoğanın "Zərrab problemi" böyüyür

Rza Zərrab

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, New York prokurorları Türkiyənin keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi qaldırıblar.

Erdoğanın "Zərrab problemi" böyüyür

"Financial Times" yazır ki, New York prokurorları Türkiyənin keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi qaldırıblar. Zafer Çağlayan, İranın beynəlxalq qızıl ticarətinin ABŞ sanksiyalarından yan keçirilməsini ört-basdır etmək məqsədilə milyonlarla dollar rüşvət almaqda ittiham edilir.

Məqalədə deyilir ki, cənab Çağlayan İran qızılı ilə milyardlarla dollarlıq beynəlxalq ticarətdə iştirakının müqabilində pul və cəvahirat şəkilndə rüşvət almaqda günahlandırılır.

Bu iddialar 33 yaşlı İran azərbaycanlısı Rza Zərrabın işinin araşdırılması gedişatında ortaya çıxıb. İranın adından qızıl ticarəti ilə məşğul olan Zərrab ötən il Miami-də həbs edilib. Bu işlə əlaqədar Türkiyənin ən böyük banklarından biri olan Halkbankın direktor müavini Mehmet Hakan Atilla isə ABŞ hakimiyyət orqanları tərəfindən ötən mart ayında həbs olunub.

FT yazır ki, cənab Çağlayan bu məsələ ilə əlaqədar barəsində cinayət işi qaldırılan ilk keçmiş siyasətçidir.

Məqalədə deyilir ki, cinayət ittihamlarının ABŞ və Türkiyə arasındakı gərginliyi artıracağı düşünülür.

İddia edilən cinayət əməlinin törədildiyi vaxt Çağlayan, Recep Tayyip Erdoğanın hökumət kabinetinə daxil idi. O sonralar bu iddialarla bağlı vəzifəsindən və millət vəkilliyindən istefa vermişdi. Bununla belə o iddiaları rədd edirdi.

Türkiyə Zərrabın həbsinə və mühakiməsinə güclü etiraz edirdi. Onun sözü gedən sxemdəki rolu 2013-cü ildə Türkiyədə başlanmış böyük korrupsiya araşdırması zamanı üzə çıxmışdı. Bu araşdırma az qala Erdoğanın devrilməsi ilə nəticələnə bilərdi. Türkiyə prezidenti iddia edir ki, ABŞ-ın keçmiş qızıl ticarətçisini mühakimə etməsinin "gizli motivləri" var.

Zərrab özünə qarşı ittihamlara xitam verdirmək ümidi ilə keçmiş New York meri Rudy Giuliani-ni vəkil tutub.

FT yazır ki, ABŞ prezidenti Donald Trump-a yaxın olan Giuliani keçmiş ABŞ baş prokuroru Michael Mukasey-lə ötən fevral ayında Erdoğanla görüşmək üçün Türkiyəyə uçmuşdu.

ABŞ prokurorları keçmiş merin bu işə girişməsindən narahat olmuş və işə baxan hakimə yazmışdılar ki, onların başı üstündən aparılan bu "qəribə" təşəbbüslər araşdırılmalıdır.

Buna cavab olaraq Giuliani Mukasey-in birgə məktubunda deyilirdi ki, onlar bu məsələnin həm cənab Zərrabın, həm də ABŞ-ın təhlükəsizlik maraqlarının xeyrinə həll olunmasına çalışırlar.

FT yazır ki, həm də Rıza Sərraf kimi tanınan Zərrab ilk dəfə 2013-cü ildə Türkiyədə həbs edilib. Onun Türkiyə prokurorlarına verdiyi ifadələrdən məlum olurdu ki, biznesmen böyük həcmlərdə qızılın ABŞ sanksiyalarından yan keçərək İrana ötürülməsi üçün kabinetin Erdoğana yaxın nazirlərinə rüşvətlər verib.

Erdoğan Türkiyə prokurorlarının apardığı həmin araşdırmanı fethullahçıların "çevriliş cəhdi" adlandırmışdı.

Cənab Erdoğan Zərrabın xeyriyyəçi olduğunu iddia edərək polis və ədliyyənin repressiyasına başlamışdı. Zərraba və daha 52 şübhəliyə qarşı Türkiyədəki cinayət işinə 2014-cü ildə xitam verilmişdi.

Lakin cənab Zərrabın ötən ilin martında ABŞ-da həbs edilməsi ilə bu araşdırma yenidən canlanıb.

FT yazır ki, son ittihamlar ABŞ-da aparılan istintaqın miqyaslarını genişləndirib və bu iş üzrə şübhəlilərin sayı artıb.

İndi Halkbankın keçmiş direktoru Süleyman Aslana və bankın daha üç rəsmisinə qarşı bu işlə əlaqədar ittihamlar irəli sürülüb.

2013-cü ildə cənab Aslanın evinə reyd zamanı polis ayaqqabı qutularında gizlədilən 4, 5 milyon dolları aşkar etmişdi. O ittihamları rədd edir və deyirdi ki, pulları xeyriyyə üçün saxlayırmış.

Bu iş üzrə ittiham edilən 9 nəfərdən yalnız cənab Atilla və Zərrab ABŞ həbsxanasındadırlar.

"Çevrilişçilərin edə bilmədiyini Erdoğan edir…"

Erdoğan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Britaniya vəkili Pete Weatherby: "Çevrilişçilərin edə bilmədiyini Erdoğan edir…"

"The Independent" qəzetində tanınmış Britaniya vəkili Pete Weatherby yazır ki, Türkiyədə əvvəllər də insan haqlarının vəziyyəti yaxşı olmayıb, lakin iyul çevrilişi baş tutmayanda bir çoxları sevinirdilər.

Çevriliş cəhdi zamanı 300 insan həyatını itirsə də, belə hesab olunurdu ki, Türkiyə Konstitusiyası, hökumət və milli məclis müdafiə edilib.

"Amma bəla da burasındadır ki, - yazır Weatherby, - Daha sonra baş verən hadisələr həm demokratik təsisatlara, həm də Konstitusiya quruluşuna ciddi zərbə olub".

Weatherby yazır ki, əslində çevrilişçilər elə bunu etmək istəyirdilər.

Məqalədə deyilir ki, çevriliş cəhdinin iflasından bir neçə saat sonra tuthatut başlanıb və hazırda Türkiyə həbsxanalarında dövlət qulluqçuları, hakimlər, alimlər, hərbçilər və jurnalistlər də daxil 50 minədək insan var. 160 min insan tutduqları vəzifələrdən kənarlaşdırılıb.

Erdoğanin çevrilişin ardınca elan etdiyi fövqəladə vəziyyət bugünədək davam edir. Üstəlik o bu müddətdə öz səlahiyyətlərini hədsiz artıran referendum keçirib. Bu referendumun səsverməsindəki kobud pozuntular Avropa İttifaqı tərəfindən pislənib.

Weatherby yazır ki, hakimiyyət üzərində tam nəzarəti ələ alan Erdoğan ilk növbədə ədliyyəni və jurnalistləri hədəfləyib. Bu ona görə edilir ki, icra hakimiyyəti ölkə daxilindən və xaricindən hər bir hansı bir nəzarət və hesabatlılıqdan azad olsun.

İndiyədək 4000 hakim və prokuror, başqa sözlərlə ədliyyə sisteminin dörddə biri Fethullah Gülenlə əlaqələrdə şübhəli bilindiklərinə görə vəzifələrindən uzqlaşdırılıb.

Erdoğan özünün ayrıca fərmanı ilə haklimlərin təyin olunması qaydasını dəyişib. İndi onları müstəqil ədliyyə komitəsi yox, icra hakimiyyəti təyin edir. Bu, Erdoğana əhəmiyyətli sayda hakim-prokuror vəzifələrinə hökumət adamlarını yerləşdirmək imkanı verib.

Türkiyədə ifadə azadlığı da kəskin şəkildə məhdudlaşdırılıb, çox sayda media qurumları bağlanıb. Hazırda həbsxanalarda olan 169 jurnalist məhkəməsini gözləyir.

Jurnalistlərin məhkəməsinə iyun ayında başlanıb və bu proseslər sentyabrın 19-dan davam etdiriləcək.

Hazırda jurnalistlər Nasli Ilicak, Ahmet və Mehmet Altanların işinə baxılır. Onlar hökuməti, konstitusiya və milli məclisi devirmək cəhdində və "terrorçu" təşkilatlara dəstəkdə ittiham olunurlar. Tanınmış dünyəviçi, alim və yazar olan bu jurnalistləri ona görə həbs ediblər ki, onlar çevrilişdən bir gün əvvəl bir televiziya verilişində hökuməti tənqid ediblər. İndi isə onları çevrilişçilərə "gizli hərəkət siqnalı" verməkdə ittiham edirlər.

Bəzi müttəhimləri yalnız Gülen təsisatı sayılan Bank Asyada hesab saxladıqlarına görə həbs ediblər. Elələri də var ki, fethullahçı qəzetlər üçün televiziya reklamları düzəltməkdə günahlandırılırlar.

Weatherby yazır ki, Altan qardaşlarının məhkəmə şousu prezident Erdoğana hər hansı müxalifətin qanunsuz olduğunu göstərmək üçün lazımdır.

Məqalədə deyilir ki, bəzi qəsd nəzəriyyəçiləri Erdoğanın bu çevriliş cəhdini özünün təşkil etdiyini söyləyirlər. Lakin həqiqət bundan da sadədir. Erdoğan çevriliş cəhdindən Türkiyə demokratiyasını məhv etmək və müxalifəti əzmək üçün fürsətlənib.

Weatherby yazır ki, bunu etməklə Erdoğanın özü çevriliş cəhdinin arxasında duranların iddia edilən məqsədlərini özü yerinə yetirib. Bundan onun məqsədi özünün prezident kimi hakimi-mütləqliyini bərqərar etmək olub.

İsrail Suriyaya hava zərbələri endirib

raket zərbəsinin nəticəsi

Şəklin mənbəyi, IVAN SIDORENKO

Şəklin alt yazısı, Hökümətpərəst bir bloqçu raket zərbələrindən sonra bu fotonu paylaşıb

"The Guardian" yazır ki, bəzi xəbərlərə görə İsrail təyyarələri Suriyanın şimalinda hökumətin kimyəvi silah proqramına bağlı olan qurğulara raket zərbələri endirib.

Bu barədə xəbərləri İsrail və ərəb mənbələri yayıblar. Bununa ardınca Suriya hərbiyyəsinin verdiyi bəyənat xəbərləri dolayısı ilə təsdiqləmiş olub.

Suriya Elmi Tədqiqat və Araşdırmalar Mərkəzinin ötən çümə axşamı gecə bombalandığı xəbər verilib.

Qərb kəşfiyyat orqanları Masyaf şəhərində yerləşən bu qurğunun hökumətin kimyəvi silah proqramına daxil olduğunu bildirirdilər.

Suriya hərbiyyəsinin verdiyi xəbərlərdə İsrail təyyarələrinin cümə axşamı günü səhərin erkən saatlarında hücum etdiyi bildirilir.

Bəyanatda deyilir kİ, İsrail təyyarələri zərbələri Livanın hava məkanından endiriblər.

Suriya müxalifəti əməliyyatda 4 İsrail təyyarəsinin iştirak etdiyini bildirib. Müxalifətin İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, hava zərbələrinin hədəfi əl-Təlai məntəqəsindəki qurğular olub. Bu məntəqə ABŞ-ın sanksiyalar siyashısına daxildir.

Bu əməliyyatdan əvvəl İsrail İranı Suriya və Livanda silah zavodları tikməkdə ittiham edirdi.

"The Guardian" yazır ki, İsrail özünün hava reydlərini çox nadir hallarda təsdiqləyir.

İsrail hərbiyyəsi bu dəfə də heç bir rəsmi açıqlama verməyib, lakin İsrail hərbi kəşfiyyatının keçmiş başçısı Amos Yadlin Twitter-də yazıb ki, hava zərbələri Suriyanın hərbi-elmi mərkəzini hədəfləyib.

O deyib ki, Masyafda istehsal olunan kimyəvi silahlardan minlərlə dinc suriyalının öldürülməsi üçün istifadə olunur.

Washington iddia edir ki, əl-Təlai mərkəzində istehsal edilmiş sarin qazından ötən apreldə Suriyanın Xan Şeyxun şəhəri üzərinə hücumda istifadə edilib. Bu hücum zamanı 80 mülki həlak olmuşdu.