İran: Zərdüştpərəst deputatın şəhər məclisində üzvlüyü dayandırılıb

Şəklin mənbəyi, IRNA
- Müəllif, BBC Trending
- Vəzifə, Nə populyardır və niyə?
İranda şəhər məclisinin Sepanta Niknam adlı zərdüştpərəst üzvünün məclisdən dini zəmində kənarlaşdırılması İslam Respublikasının yüksəkvəzifəli rəsmiləri arasında fikir ayrılığına və sosial mediada onun səlahiyyətlərinin bərpası tələbilə kampaniyanın başlanmasına səbəb olub.
Niknamın Yəzd şəhər məclisində tutduğu yerindən məhrum edilməsi barədə məhkəmə qərarı çıxarıldıqdan bəri #Sepanta_Niknam həştəqi Twitter-də 8,100-dən çox dəfə istifadə olunub.
Müsəlmanların çoxluq təşkil etdiyi Yəzd şəhərinin məclisində üzvlük haqqını Niknam bu ilin əvvəlində seçkilərdə qələbə çalaraq qazanmışdı.
Niknam 80 milyon əhalisi olan İranda hazırda yaşayan təxminən 25,000 zərdüştpərəstdən biridir.
Yəzd şəhəri Tehrandan sonra sayca zərdüştpərəst icmasının məskunlaşdığı ikinci şəhərdir.
Niknamın səlahiyətlərinin dondurulması barədə məhkəmə qərarını tənqid edənlər qeyd edir ki, İran konstitusiyasında zərdüştlük qanuni dini məzhəb sayılır və iranlı zərdüştpərəstlərə yəhudi, xristian, assuriyalı, xaldey və ermənilərlə bərabər milli məclisdə bir nəfər deputatla təmsil olunmaq icazəsi verilib.
Niknam seçki zamanı 21,000-dən çox səs toplayaraq bu ilin may ayında ikinci müddətə Yəzd şəhər məclisinin 11 üzvündən biri seçilib.
Sentyabr ayında seçkini uduzmuş mühafizəkar namizəd Niknamın dinini əsas gətirərək onun şəhər məclisində üzvlüyünə etiraz edib.
Şikayətçinin fikrincə, müsəlmanların çoxluq təşkil etdiyi şəhər əhalisini dini azlıq nümayəndəsinin məclisdə təmsil etməsi İran konstitusiyası ilə uyğun gəlmir.
Nəticədə, İranın İnzibati Məhkəməsi Sepanta Niknamın səlayitlərini donduraraq onun işini Keşikçilər Şurasına göndərib.
Ölkədə seçki mübahisələri ilə bağlı işlərə baxan ən ali qurum olan Keşikçilər Şurası məhkəmənin qərarını qüvvədə saxlayıb.
Keşikçilər Şurasının üzvlərindən biri jurnalistlərə bu qərarın "yekun" qərar olduğunu bildirib.
Lakin İran parlamentinin sədri Əli Laricani, Niknamın məclis üzvlüyündən məhrum edilməsini "qeyri-qanuni" adlandıraraq məsələyə baxılacağını vəd edib.
Parlamentin Zərdüştpərəst üzvü İsfəndiyar İxtiyari bildirib ki, bu məsələ ilə bağlı qərar "presedent yarada bilər" və "bütün gələcək seçkilərə" təsir edə bilər.

Şəklin mənbəyi, Getty Images
Sosial mediada paylaşdığı videoda Ğolaməli Sefid, Yəzd şəhər məclisinin sədrinin "qərarı yerinə yetirməyəcəyini" bildirib.
Venus Əmiri, məclis üzvü, Instagram-da həmkarının boş qaldığı yerin şəklini çəkərək paylaşıb və həmin fotoya qeydini əlavə edib: "Şəhər məclisinin bugünkü iclasında 21,717 səsi təmsil edən yer boş qalıb".

Şəklin mənbəyi, Venus Ameri
Mehdi Həcəti, Şiraz şəhər məclisinin üzvü Twitter səhifəsində Niknamı müdafiə edərək bildirib ki, məhkəmənin qərarı İran konstitusiyasına ziddir və gələcək seçkilərin nəticələri üçün risk yaradır.
Niknamı sosial şəbəkələrdə müdafiə edənlər arasına eləcə də İsfahan şəhər məclisinin üzvü Mehdi Moğəddəri də qoşulub.
Bir sıra istifadəçilər Londonda mer vəzifəsinə Sadiq Khan-ın seçildiyini misal gətirərək, qeyd ediblər ki, dünyanın digər guşələrində dini azlıq nümayəndələrinə fərqli münasibət sərgilənir.
Sadeğ Zibakəlam, tanınmış universitet müəllimi və islahatpərəst şərhçi Twitter səhifəsində yazıb: "Müsəlman Londonda mer seçilib, Yəzddə isə Sepanta Niknam məclisdən qovulub, çünki zərdüştpərəstdir".
Yəzd vilayətini təmsil edən dörd məclis üzvü parlament sədri Əli Laricaniyə məktub göndərərək, həmin məktubda "İran vətəndaşlarının dini, irqi və digər səbəblərlə diskriminasiya olunmasına" qarşı olduqlarını qeyd ediblər.






