Britaniya mətbuatı: Görəsən bitkilər də insanlar kimi yuxu görürmü?

Görəsən bitkilər də insanlar kimi yuxu görürmü?
"The Telegraph" yazır ki, bitkilərin insanlar və heyvanlar kimi yuxuya ehtiyacı ola bilər. Bunu yeni elmi araşdırma iddia edir.
Birləşmiş Ştatlarda aparılmış elmi təcrübə beyinsiz canlıların da yatmasına dair dəlillər aşkar edib. Bu, alimləri belə bir nəticəyə gətirib çıxarıb ki, yatmaq və ola bilsin yuxu təkcə heyvanlara yox, ümumilikdə həyata aid təməl vərdişlərdən biridir.
Təcrübə bütün həyatını başayaq vəziyyətdə okeanın dibində keçirən və arabir titrəyən onurğasız meduza üzərində aparılıb.
California Texnoloji İnsititutunun alimlər qrupu meduzaların Cassiopea növünü diqqətlə müşahidə edirdi.
Alimlər bu canlıların gecənin müəyyən vaxtlarında nisbətən fəaliyyətsiz hala düşdüyünə diqqət yetiriblər. Başayaq meduza gün ərzində 58 döyüntü nümayiş etdirsə də, gecə saatlarında döyüntülərin sayı 39-a enirdi.
Bu qədim orqanizmin də yuxuya ehtiyacı olması göstərir ki, yatmaq vərdişi təkamülün indiyə qədər düşünüldüyündən daha erkən vaxtlarında yaranıb.
Bu faktı ümumiləşdirən alimlər belə bir nəzəriyyə irəli sürüblər ki, yatmaq vərdişi bütün canlı aləmə xas cəhətdir.
"Əslində meduzanın yatması niyə qəribə görünməlidir ki? Məməlilər və hətta qurdlar və meyvə bitləri kimi onurğasızlar da yatırlar, - deyib təcrübəni aparan alim Ravi Nath, - Lakin meduzalar təkamül baxımından yatan heyvanların ən qədimidir".
Bu tapıntı belə bir mülahizəyə gətirib çıxarır: Yuxu neyronlara aid bir şeydirmi?
Bu mülahizə cəsarətli bir sual da doğurur: Elə isə bitkilər də yatırlarmı?
Orqanizmin yuxuda olmasını göstərən onun nisbi fəaliyyətsizliyi, bir də kənar təsirlərə zəifləmiş reaksiyası ola bilər.
Və nəhayət orqanizm yatmağa ən çox yuxudan məhrum edildikdə can atır.
"Biz insanlar yatanda qeyri-fəalıq və bəzən səs-küylü şəraitdə də yuxuya gedə bilirik. Digər tərəfdən əgər gecə kifayət qədər yatmamışıqsa, gündüz də yuxuya gedə bilirik. - deyib bu təcrübədə iştirak edən başqa bir alim - Claire Bedbrook, - Biz meduzadan tamamilə fərqlənə bilərik, amma ikimizin də yatmağa ehtiyacımız var".
Bu ilin əvvəllərində bir meşəçi iddia etmişdi ki, Britaniya şəhərlərinin küçələrindəki ağaclar elektrik işığında gecə-gündüz siklindən və ya "yuxudan" məhrum edildiklərinə görə erkən quruyurlar.
Peter Wohlleben demişdi ki, məhz buna görə də eyni növdən olan ağaclar kənd yerlərində şəhərdəkindən daha uzun ömür yaşayır.

Şəklin mənbəyi, AFP
Səudiyyədə qadın beynindən danışan şeyxi cəzalandırdılar
"The Observer" yazır ki, Səudiyyə Ərəbistanında ruhani xadimlərdən biri qadınların beyni haqqında aşağılayıcı fikirlər söylədiyi üçün dini fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Saad əl-Hicri deyib ki, qadınlara avtomobil sürmək icazəsi verilə bilməz, çünki onlar alış-verişə gedəndə beyinləri əriyib kişi beyninin dördə biri qədərinə bərabər olur.
Səudiyyə Ərəbistanın Assir vilayətində fətva başçısı olan Saad əl-Hicriyə bütün dini fəaliyyət növləri qadağan edilib.
Hökumətin qadınların işçi qüvvəsi kimi rolunun artırılmasına dair böyük ambisiyalarına baxmayaraq, bu ölkədə maşın sürmək qadınlar üçün hələ də qadağan olaraq qalır.
Supermühafizəkar ölkə olan krallıqda qadınlara qarşı ən sərt qanunlar qüvvədədir. Onlar uzun qara əba geyinmək, başlarını örtmək və təhsil, səyahət və başqa fəaliyyətlər də daxil bütün hərəkətləri üçün ən yaxın kişi qohumunun razılığını almalıdırlar.
Bu həftə açıqlanmış bir videoda Əl-Hicri belə bir sual verirdi ki, əgər beyninin yalnız yarısı olan kişi sürücülük vəsiqəsi almaq üçün müraciət etsəydi, nəqliyyat nazirliyi nə edərdi?
"Vəsiqə verərdimi nazirlik həmin kişiyə? Əlbəttə yox. Yaxşı bəs qadın necə maşın sürmək istəyə bilər, axı onun beyninin yarısı yoxdur" - demişdi şeyx.
"Qadın alış-verişə, dükan-bazara gedəndə beyninin o biri yarısını da itirir. Nə qalır onda? Çərək beyin? Biz tələb edirik ki, nəqliyyat nazirliyi qadınlara sürücülük lisenziyası vermək istəsə, onların beyinlərini yoxlasın" - deyə əlavə edib Hicri.
Şeyxin bu sözləri Səudiyyədə son dərəcə populyar olan sosial mediada böyük hiddət dalğası doğurub.
Twitter istifadəçiləri bu videonu ərəbcə "Əl-Hicri-qadın-çərək-beyin" heşteqi ilə paylaşarkən ona tənqidi qeydlərini və zarafatlarını da qoşublar.
Bu heşteqdən 24 saat ərzində 119 min dəfə istifadə edilib.
Bəzi istifadəçilər tvitlərinə Səudiyyədən olan qadın alimlərin şəkillərini qoşmuş və Hicrinin öz beyninin tutumunu sual etmişdilər.
Lakin sosial mediada Əl-Hicrini dəstəkləyənlər də vardı. Onlar "Əl-Hicri qadınların əleyhinə yox, xeyrinə danışır" heşteqindən istifadə edirdilər və bu heşteqdən 20 min dəfə istifadə olunmuşdu.
Əyalət valisinin sözçüsü deyib ki, Əl-Hicrinin dini fəaliyyətinin qadağan edilməsi onun təfriqə salan və millətə heç bir xeyir gətirməyəən qeydləri ilə əlaqədardır.
"The Observer" yazır ki, son vaxtlar ölkəni modernləşdirməyə çalışan hakimiyyətlə geriçi ruhanilərin arasında gərginliklər yaranıb.
Səudiyyədə bəzi ruhanilərin milyonlarla izləyicisi var.
Almaniya da "burqalı sürücülərə" qadağan qoyur

Şəklin mənbəyi, Reuters
"The Independent" qəzetində dərc edilmiş məqalə müəyyən mənada bundan əvvəlki yazı ilə səsləşir.
Almaniyada üzünü niqab və ya rübəndlə bağlayan qadınlara maşın sürmək qadağan edilib.
Məqalədə deyilir ki, bu qadağan yeni yol-hərəkət qaydalarına edilən dəyişikliklərdən biridir.
Qanun üzünü örtən bütün sürücüləri, məsələn maska geyinənləri nəzərdə tutur, lakin bir çoxları onun əsas etibarilə müsəlman qadınlara şamil olunacağını düşünürlər.
Söhbət ilk növbədə burqa və niqab geyinən müsəlman qadınlardan gedir.
Almaniya parlamentinin yuxari palatası Bundersratda qəbul edilmiş qanunda deyilir ki, "avtomobil sürücülərinin kimliyinin müəyyən edilməsi üçün onların üzlərinin açıq olması zəruridir".
Üzün qapalı olması sürət həddini aşma kimi yol-hərəkət qaydalarının pozulması zamanı polis üçün böyük çətinlik yaradır.
Bu qanunu pozan sürücülər 60 avro cərimə olunacaqlar.
Qanun yalnız saçları örtən baş örtüyü ilə maşın sürməyi qadağan etmir, lakin tənqidçilər bunun simvolik jest olduğunu deyirlər.
Almaniya Müsəlmanları Mərkəzi Şurasından Nurhan Soykan Deutsche Welle radiostansiyasına yeni qanunun ona ehtiyac olmadığı bir halda qəbul edilməsindən gileylənib.
"Biz niqab və ya burqa geyinən qadınların hər hansı yol qəzası törətdiyini eşitməmişik" - deyib Soykan.
Bu ilin əvvəllərində Almaniya parlamaneti dövlət qulluğunda, ədliyyə və hərbiyyədə çalışan qadınlara üzü tamamilə örtən islami geyimləri qadağan edən qanunu dəstəkləyib.
Bu qanuna dəstək verənlərə kansler Angela Merkel də qoşulub və deyib ki, üzü tamamilə gizlədən rübəndlər bu ölkə üçün qeyri-məqbuldur.
Üstəlik xanım Merkel niqab, rübənd və burqanı "harda mümkündürsə qadağan etməyə" çağırıb.
Fevral ayında Bavariya ştatı üzü tam bağlayan islamı pərdələri məktəblərdə, universitetlərdə, seçki məntəqələrində və hökumət idarələrində qadağan edib.
Fransa, Belçika və Hollandiya da daxil, bir neçə ölkə bədəni tam örtən geyimləri yasaqlayıb.
"The Independent" yazır ki, Almaniyada qəbul edilmiş son yol hərəkəti qanununda isə həm də hərəkət vaxtı mobil telefonuna baxan sürücülər üçün ağır cərimələr nəzərdə tutulub.






