Myanma münaqişəsi: Banqladeşə pənah gətirən Rohinca qaçqınlarının sayı artır

Şəklin mənbəyi, AFP
Myanmadan Banqladeşə pənah gətirən Rohinca qaçqınlarının sayı kəskin artıb, BMT bildirib.
Son 24 saat ərzində Banqladeşə Myanmadan 35,000 yeni qaçqın gəlib.
Myanmanın Rakxayn vilayətində zorakılıqlar başlayandan, Myanmadan qaçan Rohinca müsəlmanların sayı 123 minə çatıb.
Münaqişə Rohinca silahlılarının polisə hücumundan sonra başlayıb.
Həmin hücumdan sonra Myanma hərbiyyəsi rohincalara qarşı əməliyyatlar keçirib, nəticədə, müsəlman azlığın təmsilçiləri kəndlərini tərk etməli olub.
Rohinca, öz dövlətinə malik olmayan və Myanmada sıxışdırılan müsəlman azlığıdır.
Myanmadan qaçan rohincalar bildirir ki, Rakxayn ştatında qoşun qüvvələri və buddist güruhçular onların kəndlərini yandırır, mülki əhaliyə hücum edir, daimi yaşayış yerlərindən çıxarır.
Myanma hərbiyyəsi əməliyyatların Rohinca silahlılarına qarşı aparıldığını bildirir.
Qadağalar səbəbindən müstəqil mənbələrdən hadisə yerində vəziyyəti yoxlamaq olduqca çətindir, lakin münaqişə başlayandan Rohinca ailələri Banqladeşə keçməyə çalışır.

Şəklin mənbəyi, Reuters
BMT bildirib ki, ərzaq və suya ehtiyacı olan Rohinca qaçqınlarının sayı dramatik sürətdə artmaqdadır.
Rohinca qaçqınları üçün BMT xəttilə qurulan iki düşərgə hazırda dolub, yeni gələn qaçqınlar düşərgə önündə, açıq sahədə və yol qırağında gecələməli olur, ərazidəki BMT düşərgəsinin sözçüsü deyib.
Qaçqınların əksəriyyəti təhlükəsiz yerə çatmaq üçün, 6 günə qədər vaxt ərzində, 50-60 km məsafə keçməli olur, onların ərzaq və suya kəskin ehtiyacı var, BMT vəziyyətlə bağlı hesabatında deyilir.
Bu arada Rohinca müsəlman azlığının aqibəti ilə bağlı narahatlıq güclənməkdədir.
"Təhlükəsizlik rəsmiləri dərhal zorakılığa son qoymalı və humanitar yardımın göstərilməsini təmin etməlidir", - İndoneziya Xarici İşlər naziri Retno Marsudi bildirib.
Retno Marsudi Myanmanın de-fakto lideri Aung San Suu Kyi ilə bazar ertəsi görüşüb, bu gün isə o, Banqladeş paytaxtına gəlməlidir.
Rohincalara qarşı Myanmada hücumlarla bağlı İndoneziyada etirazlar keçirilib.
Pakistan və Malayziya bu məsələyə dair bəyanatlar verib, Maldiv adaları Myanma ilə iqtisadi əlaqələri kəsib.
Etirazlar Çeçenistanda və Hindistanın nəzarətində olan Kəşmirdə də keçirilib.
Qırğızıstan mümkün etirazları qabaqlamaq üçün Asiya Kuboku çərçivəsində Myanma ilə futbol matçını təxirə saılıb.
Bazar ertəsi BMT-nin İnsan Haqları bölümünün yüksək vəzifəli rəsmisi bildirib ki, rohincaları müdafiə etmək üçün Suu Kyi-nin işə qarışmaq vaxtı çatıb.
Nobel Sülh mükafatçısı olan Su Kyi demokratyönlü fəaliyyətinə görə illər ərzində ev dustaqlığı şəraitində yaşayıb.
Son hadisələri hələlik şərh etməyən Su Kyi-ə hərbi əməliyyatları pisləməsi üçün təzyiqlər artır.
Onun üz-üzə gəldiyi qüdrətli hərbiyyə və Myanma cəmiyyəti isə rohincalara düşmən gözü ilə baxır.
Çərşənbə axşamı günü Hindistanın Baş naziri Narendra Modi Myanmaya rəsmi səfərə gəlib.
Lakin Hindistan Baş nazirinin bu məsələyə nə dərəcədə toxunacağı aydın deyil.
Myanma ilə iqtisadi və hərbi əlaqələri inkişaf etdirmək istəyən Hindistan höküməti ötən ay 40 min Rohinca qaçqının deportasiya olunacağına dair planı açıqlayıb.
Lakin həmin rohincaların deportasiya olunması üçün ölkə tapmaq çətin bir iş olacaq, çünki Myanma onları öz vətəndaşı saymır.
Ərazisində artıq yüz minlərlə Rohinca qaçqınının yaşadığı Banqladeşin də məsələyə yanaşması təxminən eynidir.






