Britaniya mətbuatı: Birmada "soyqırım": Körpələrin "başları kəsilir" və onlar "diri-diri yandırılır"

Şəklin mənbəyi, Reuters
Birmada "soyqırım": Körpələrin "başları kəsilir" və onlar "diri-diri yandırılır"
"The Independent" yazır ki, şahidlərin dediyinə görə Birmadakı rohincaların körpə uşaqlarının "başları kəsilir" və onlar "diri-diri yandırılır".
Birmadan alınan xəbərlərdə deyilir ki, bu ölkənin silahlı qüvvələri və yarımhərbiləşdirilmiş birlikləri bu müsəlman azlığının yaşadığı Rakxayn ştatında "soyqırım" və "poqromlar" törədir.
Bundan bir həftə əvvəl rohinca yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərdən sonra 60 min rohinca qonşu Banqladeş ərazisinə pənah gətirib.
Britaniyanın xarici işlər naziri Boris Johnson zorakılığın dayandırılmasına çağırıb və deyib ki, baş verənlər "Birmanın reputasiyasına ləkədir".
Türkiyə prezidenti Erdoğan daha sərt danışaraq baş verənləri Birma qüvvələri tərəfindən törədilən soyqırım adlandırıb və bildirib ki, bu zorakılıqlara biganə qalanlar hadisələrə görə məsuliyyət daşıyırlar.
Müşahidəçilər qaçqınların sayının artacağını proqnozlaşdırırlar. Birma hökuməti 400 yaraqlının öldürüldüyünü xəbər verib.
"Independent" yazır ki, zorakılıqlardan qaça bilmiş şahidlər dəhşətli hadisələr barədə danışırlar.
41 yaşlı Abdul Rəhman deyib ki, Çu Pyin kəndindəki adamları tutaraq bambuk daxmaya doldurub, sonra isə od vurublar.
Rəhman iki qardaşı uşağının başlarının kəsildiyini deyib. Onlardan birinin 6, digərinin isə 9 yaşı olub.
Eyni kənddən olan 27 yaşlı Sultan Əhməd də deyib ki, kəndə hücum edənlər əllərinə keçənlərin başlarını kəsirdilər.
Məqalədə deyilir ki, Human Rights Watch təşkilatının peyk fotoları da baş verənlərin dəhşət olduğunu göstərir. Fotolardan Çen Xar Li kəndində 700 evin yandırıldığı görünür.
Təşkilat bildirib ki, faktiki olaraq müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilir.
Təşkilatın Asiya üzrə direktor müavini Phil Robertson deyib ki, yanğınların 17 məntəqədə baş verdiyi təsdiqlənib.
Bu arada xəbər verilir ki, Birma hakimiyyət orqanları hadisələrin baş verdiyi rayonlara jurnalistləri buraxmır.
Şənbə günü Britaniyanın xarici işlər naziri Johnson Birmanın hazırkı lideri və Nobel mükafatlı keçmiş dissident Aun San Su Cini bu hadisələrə müdaxilə etməyə çağırıb.
Nazir deyib ki, o keçmiş dissidentin ölkəni birləşdirəcəyinə və Birma hərbiyyəsinin də ona dəstək verəcəyinə inanır.
Xanım Su Ci hələlik bu zorakılıqlarla bağlı heç bir bəyanat verməyib və getdikcə artan beynəlxalq tənqidlə üzləşir.
Məqalədə deyilir ki, bu zorakılıqlar Arakan Rohinca İxlas Ordusu silahlı qruplaşması avqustun 25-də hökumət qoşunlarının postlarına hücum edəndən sonra başlanıb. Bu hücumların ardınca Birma ordu hissəsləri Rakxayn ştatının ərazisində hərbi əməliyyatlara başlayıb.
Arakan rohinca xalqını müdafiə etdiyini bildirsə də, onun, əhalinin münaqişə yerlərindən çıxmasına mane olduğu xəbər verilir.
Rohincalara qarşı zoralılıqlar barədə kitab yazmış Francis Wade Tvitterdə deyib: "Myanmarda baş verənlər antiqiyam kampaniyası kimi qələmə verilə bilər, lakin əslində bu, dinc sakinlərə divan tutulmasıdır və bu zorakılıq ölkə əhalisi tərəfindən əsasən dəstəklənir".
Birmada bir milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir.
Bundan başqa rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.
Onları bəzən benqal adlandırır və qanunsuz miqrant olduqlarını deyirlər.
Baş verən hadisələrlə əlaqədar Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyanat verərək onun təbirincə deyilsə, "yer alan soyqırımını" kəskin tənqid edib.
"Demokratiya pərdəsi altında aparılan bu soyqırımına göz yumanlar hadisələrin iştirakçısına çevrilirlər" - deyib Erdoğan.
Türkiyə daha çox qaçqın qəbul edərsə, Banqladeşə yardım göstərəcəyini bildirib, lakin artıq 400 min rohincanın pənah gətirdiyi bu ölkə daha çox qaçqın qəbul etməyə həvəsli görünmür.
Almaniya Türkiyənin fethullahçıların mülkiyyətini dondurmaq ricasını rədd edib

Şəklin mənbəyi, Reuters
Almaniya ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin tərəfdarlarına aid mülkiyyətin dondurulmasına dair Türkiyənin rəsmi ricasını rədd edib.
Almaniyanın Spiegel jurnalı yazır ki, Ankara Fethullah Güleni ötən ilin iyulunda baş vermiş çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.
Spiegel yazır ki, Berlinin etirazı böyük bir ehtimalla iki NATO üzvü arasındakı gərginliyi daha da artıracaq.
Bundan əvvəl Almaniya kansleri Merkel Türkiyədə daha iki Almaniya vətəndaşının siyasi ittihamlarla həbs edilməsini kəskin pisləmişdi.
İnformasiya mənbəyini açıqlamayan Spiegel yazır ki, Türkiyə hökuməti ötən apreldə Almaniya Xarici İşlər Nazirliyinə müraciət edərək Gülen təşkilatının və onun üzvlərinin Almaniyadakı mülkiyyətinin dondurulmasını rica edib.
Türkiyənin Almaniyaya təqdim etdiyi siyahıda 80 nəfərin adının olduğu bildirilir.
Məqalədə deyilir ki, Almaniya hökuməti bu ricanı iyun ayında rəsmən rədd edib və Ankaraya belə bir addımın atılması üçün hüquqi əsasların olmadığını bildirib.
Almaniya Xarici İşlər Nazirlyi bu xəbərlə bağlı heç bir şərh verməyib.
Məqalədə bu da deyilir ki, Türkiyənin Almaniyaya verdiyi ektradisiya ərizələrinin sayı ilin əvvəlindən 53-ə çatıb, halbuki bu, 2016-cı ildə verilmiş bütün ekstradisya ərizələrinin sayından çoxdur.
Türkiyənin Doğan xəbər agentliyi bildirir ki, Türkiyənin hakimiyyət orqanları ötən cümə axşamı daha iki Almaniya vətəndaşını ötənilki çevriliş cəhdi ilə əlaqədar həbs edib.
Agentlik bildirir ki, Almaniya vətəndaşı olan iki türkü Antalya hava limanında həbs ediblər. Onlara qarşı Gülen təşkilatı ilə bağlı ittihamlar itrəli sürülüb.
Adları qısaca K.A. və S.A. kimi verilən bu şəxslərin əyalət həbsxanasında saxlandığı xəbər verilir.
Beləliklə, hazırda Türkiyə həbsxanalarında siyasi ittihamlarla saxlanan Almaniya vətəndaşlarının sayı 12-yə çatıb. Bunların arasında Almaniya-Türkiyə vətəndaşı olan jurnalist Deniz Yücel də var. O artıq 200 gündür ki, həbsxanadadır.
Bu həbslər, Erdoğan Merkelin Xristian Demokrat Partiyasını Türkiyə düşməni elan etməsindən sonra iki ölkə arasında olan gərginliyi daha da artırıb. Erdoğan Almaniya türklərini qarşıdan gələn seçkidə bu partiyanı boykot etməyə çağırmışdı.
"Tha Mail" yazır ki, bütün bunlar Türkiyəyə onsuz da əhəmiyyətli şəkildə azalmış turist axınını bir qədər də səngidəcək.




