Britaniya mətbuatı: “70 yaşlarında ər-arvad” dünyaya övlad gətirdi

Almaniya məhkəməsi Erdoğanın “təhqir iddiası”nı rədd edib

“The Daily Telegraph” qəzeti yazır ki, Almaniya məhkəməsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanın onu təhqir etmiş komediyaçını müdafiə edən qüdrətli media başçılarını dayandırmaq cəhdini rədd edib.

Türkiyə prezidenti Axel Springer SE media şirkətinin sədri və baş direktoru Mathias Doepfnerin, onun barəsində televizya efirində təhqiramiz şeir oxumuş satirikin müdafiəsinə yazılmış məktubunun çapına məhkəmə qaydasında qadağan qoydurmaq istəyirdi.

Cənab Erdoğanın vəkili deyib ki, onun müştərisi, satirik Jan Boehmermann-ın “şeirindən ilhamlanmış təhqir dalğasının qarşısını almaq əzmindədir”.

“The Telegraph” yazır ki, Erdoğan haqqında doğrudan da son dərəcə qaba yazılmış bu şeir Almaniya mediası təmsilçiləri tərəfindən müdafiə olunur. Buna səbəb Erdoğanın satiriki Almaniya qanunları ilə məhkəməyə verməsidir.

Türkiyə prezidenti Recep Tayip Erdoğan onu təhqir etmiş komediyaçı Jan Boehmermann-ı məhkəməyə verib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Türkiyə prezidenti Recep Tayip Erdoğan onu təhqir etmiş komediyaçı Jan Boehmermann-ı məhkəməyə verib

Cənab Doepfner Almaniyanın Welt am Sonntag qəzetində yazdığı açıq məktubda bildirir ki, sözü gedən şeiri oxuduqdan sonra bir xeyli gülüb.

“Mən sizin bütün sözlərinizə və təhqirlərinizə şərik oluram… və özümü hüquqi baxımdan məsul edirəm” – deyə yazıb Doepfner şairə müraciətlə.

Köln məhkəməsinin hökmündə deyilir ki, şeirin müdafiəsinə yazılmış məqalə onun yayılması kimi qiymətləndirilə bilməz və bu səbəbdən də açıq məktuba heç bir qadağan qoyulmayacaq.

“The Telegraph” yazır ki, Axel Springer media şirkəti Almaniyanın məşhur milli qəzeti Welt-in və eyni zamanda Avropanın ən çox satılan bulvar qəzeti Bild-in sahibidir.

Məqalədə deyilir ki, Doepfner-in məktubuna qarşı məhkəmə qaydasında qadağan almaq Türkiyə prezidenti Erdoğanın ona qarşı tənqidləri dayandırmaq cəhdlərindən sonuncusu idi.

Türkiyə tərəfi Erdoğan barədə ağır həcvin müəllifi cənab Boehmermann-ı məhkəməyə verib.

Almaniya qanunu xarici liderin təhqir olunmasını qadağan edir.

Kansler Angela Merkel satirikin mühakimə olunmasına şərait yaratdığına görə kəskin tənqid olunur.

Xanım Merkel şeiri “qərəzli şəkildə təhqiramiz” adlandırmışdı.

“The Telegraph” yazır ki, Avropa liderləri Türkiyə ilə antimiqrant sazişinin qorunub saxlanması naminə Erdoğanla ehtiyatlı tərpənməyə çalışırlar.

Londona basqın planında şübhəli bilinənlər həbs edilib

“The İndepndent” yazır ki, Londondakı Canary Wharf rayonuna və şəhər boyunca otellərə basqın planlaşdırdıqları güman edilən iki əfqan İtaliyanın cənubundakı Bari şəhərində həbs edilib.

Şəklin mənbəyi, ap

23 yaşlı Hakim Nasri beynəlxalq terrorizmdə, 29 yaşlı Gulistan Ahmadzai isə qanunsuz miqrasiyaya yardımda şübhəli bilinirlər.

“The İndependent” yazır ki, bu iki nəfərin İŞİD-ə bağlı 5 nəfərlik manqanın üzvləri olduqları düşünülür.

Xəbər verilir ki, Apuliyada yaradıldığı güman edilən bu dəstə İtaliya və başqa Avropa ölkələrində silsilə terror aktları planlaşdırmaqda şübhəli bilinir.

Prokuror Roberto Rossi deyib ki, sözü gedən iki şəxsin telefonlarındakı video və fotoşəkillrədə Roma, Paris və Londonun görməli yerləri əks olunub.

“Aydındır ki, bunlar adi turist görüntüləri deyil, - deyib prokuror, - Burada çox həssas yerlər əks olunur”.

“The İndependent” yazır ki, Londondakı mümkün hədəflərə West India buxtası, Sunborn Yacht oteli, South Quay piyada körpüsü və Olimpiya Parkının yaxınlığındakı Premier Inn mehmanxanası aid edilə bilər.

Şübhəlilərin Romada Kolizey və Maksimus Sirkini hədəflədikləri iddia olunur.

Müstəntiqlər bildirirlər ki, mobil telefonlardan həmçinin cəsədləri eybəcər hala salınmış ABŞ əsgərlərinin şəkilləri və ibadət ayinlərinin videoları tapılıb.

Xəbər verilir ki, üçüncü şübhəli Milanda həbs edilib, lakin daha iki nəfərin Əfqanıstanda olduqları düşünülür.

Şübhəlilərdən üçü terrorçuluqda, ikisi isə qanunsuz mühacirətə köməkdə ittiham edilir.

72 yaşlı qadın ana oldu

“The Guardian” qəzeti yazır ki, Hindistanda hər ikisi 70 yaşlarında olan ər-arvad dünyaya oğlan uşağı gətirib.

Məqalədə deyilir ki, qadının hamiləliyi süni mayalandırma və ya İVF müalicəsi nəticəsində mümkün olub. Bu onların 46 illik evliliyində ilk övladdır.

“The Guardian” yazır ki, xanım Daljinder Kaur, Haryana ştatındakı klinikada iki il müddətində donor yumurtaları ilə mayalandırıldıqdan sonra nəhayət ana ola bilib.

Məqalədə deyilir ki, qadın, heç şübhəsiz dünyanın ən yaşlı analarından biri olsa da, onun dəqiq yaşı bəlli deyil.

Qadının doğum şəhadətnaməsi yoxdur, lakin o, təxminən 70 yaşı olduğunu bildirib.

Hisardakı Milli Mayalandırma və Sınaq Şüşəsində Uşaq Mərkəzinin embrioloqu Anurag Bishnoi “The Guardian” qəzetinə bildirib ki, qadının 72 yaşında olduğu təxmin edilir.

“O bizə deyib ki, ərindən 5-7 yaş kiçikdir, ərinin doğum haqqında şəhadətnaməsində isə 12/04/1937 tarixi göstərilib” – deyib doktor.

Kaur deyib ki, o əri Mohinder Singh Gillə artıq övlad ümidini tamamilə itirmişdilər. Yaşadıqları kənddə onlara yan baxır, sonsuzluğu Allahın qəzəbi kimi yozurdular.

“Allah dualarımızı eşidib. İndi həyatımı tam hiss edirəm, - deyib qadın AFP agentliyinə, - Uşağıma özüm baxıram. Ərim də çox qayğıkeşdir və bacardığı qədər mənə kömək edir”.

2 kiloqram çəkidə doğulmuş “sağlam və gümrah” çağaya Arman adı veriblər.

Kaur deyib ki, süni mayalandırma barədə ilk dəfə reklamdan eşidib.

Öz elmi dərəcəsini Leeds Universitetinin Embriologiya İnstitununda almış doktor Bishnoi indiyədək bir neçə yaşlı cütə övladları olmasında kömək edib. 2008-ci ildə onun pasientlərindən Rajo Devi Lohan 70 yaşında ikən qız uşağı doğub. Başqa bir qadın 66 yaşında üçər övlad dünyaya gətirib.

Doktor deyib ki, Kaur və Gill cavanlıqlarında müalicə üçün pulları olmadığından övladlığa uşaq götürməklə təskinlik tapıblar, lakin həmin uşaq böyüyəndə ABŞ-a gedib və bir daha qayıtmayıb.

Doktor Bishnoi deyir ki, uşaqsızlıq ər-arvada başqa problemlər də yaradıb. Beləki bu yerlərdə valideynlər sonsuz övladlarına torpaq sahəsindən pay vermirlər. Odur ki, Gill atasını məhkəməyə verməli olub. O, məhkəməni udub və beləliklə həm torpaq, həm də müalicə üçün pul əldə edib.

Bishnoi “The Guardian” qəzetinə bunu da bildirib ki, əvvəlcə belə bir müalicəyə girişmək istəməyib, çünki Kaur yaşlı olmaqdan başqa, həm də zəif idi. Lakin bir sıra tibbi müayinə və analizlər süni mayalandırmanın mümkün olduğunu göstərib.

“Yumurtalar donordan götürülüb. O, əvvəlcə iki cəhd etsə də, sonradan 6 ay fasilə verməli olub. Nəhayət üçüncü cəhddə hamiləlik baş tutub” – deyib doktor.

Hindistan qanunlarına görə yaşları 45-dən yuxarı olanların övladlığa uşaq götürməsinə icazə verilmir və məhz buna görə də Kaur və Gill tamamilə ümidsiz idilər.

Doktor bu qənaətdədir ki, yaşlı qadınların süni mayalandırma müalicəsi almasının etikasız olduğu barədə mülahizələri rədd edir.

“Onda gərək 45-50 yaşlarında kişilərin də uşağı olmasına qadağan qoyula” – deyir embrioloq.