Britaniya mətbuatı: Londonun “Sübhan Allah avtobusları”

“The İndependent” qəzetində jurnalist Nişat İsmail yazır ki, “əgər siz “Allah böyükdür” avtobuslarının problem olduğunu hesab edirsinizsə, deməli belə avtobuslara doğrudan da ehtiyac var”.

Məqalədə deyilir ki, hazırkı düşmənçilik və qorxu atmosferində bir çoxları üçün “Allahu əkbər” nidasi indicə baş verəcək terrorun elanıdır, lakin əslində bu ərəbcə “Allah böyükdür” deməkdir və müsəlmanların əksiəriyyətinə əsl İslama uyğun olaraq sülh içində yaşamağın vacibliyini xatırladır.

Qəzet yazır ki, Islamic Relief (İslami ixlas) xeyriyyə təşkilatının təşəbbüsü ilə Londonun ikimərtəbəli qırmızı avtobuslarının gövdəsinə yapışdırılmış “Sübhan Allah” reklamı İslam dini ətrafında yaranmış “neqativ ab-havanın dağılmasına” kömək edəcək.

Islamic Relief dünyanın ən böyük müsəlman xeyriyyələrindən biri olmaqla yanaşı, həm də geniş dəstəyə malikdir, habelə müsəlman icmasından kənarda da xeyirxah əməlləri ilə tanınır.

Müəllif bu reklamların avtobuslardan yığışdırılmasını tələb edənləri başa düşmədiyini yazır.

Eyni mövzuda yazan Evenening Standard qəzetində dərc olunmuş məqalədə deyilir ki, “Sübhan Allah” şüarları yalnız Londonda deyil, həm də İngiltərənin Birmingham,

Manchester, Leicester və Bradford şəhərlərindəki avtobusları bəzəyəcək.

Xeyriyyə rəhbərləri ümid edirlər ki, iyunun 6-da Ramazan ayı ilə eyni gündə başlanan aksiya ictimaiyyətdən səxavətli ianələri cəlb edəcək.

Təşkilatçılar habelə inanırlar ki, bu təşəbbüs müsəlmanlarda xeyriyyə və humanitar işlərə marağı artıracaq.

1984-cü ildə Britaniyada yaradılmış Islamic Relief təşkilatının London direktoru Imran Madden inanır ki, aksiya ölkədə müsəlman icmasının ətrafında yaranmış mənfi əhval-ruhiyyəni yüngülləşdirəcək.

Direktor bunu da əlavə edib ki, təşkilat son 15 ildə bir çox insanları yoxsulluq girdabından çıxarıb və Ramazan aylarında beynəlxalq humanitar yardım üçün ildə 100 milyon funt sterlinqdən çox ianə cəlb edib.

London avtobusu

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı, London avtobusu

Qəzet diqqəti belə bir məqama cəlb edir ki, aksiya Londona ilk müsəlman merin seçildiyi günlərə təsadüf edir.

Onun rəqibi, mühafizəkar Zac Goldsmith öz seçki kampaniyasını “İslam xofu” üzərində qursa da məğlub olub.

Qəzet yazır ki, Britaniyanın 3 milyonluq müsəlman əhalisinin yarısı Londonda yaşayır.

Məqalədə deyilir ki, London Nəqliyyatı İdarəsi şəhər avtobuslarına “siyasi partiya və kampaniya” plakatlarının yapışdırılmasını qadağan etsə də, dini reklamlara icazə verir.

Keçmiş London meri Boris Johnson homoseksualları müalicə etdiyini iddfia edən Xristian xeyriyyəsinin reklamını yasaqlmışdı.

Kann Kino Festivalı: 400 xəfiyyə, 500 kamera

“The Guardian” yazır ki, bomba ekspertləri bu həftə açılan Kann Kino Festivalında gündəlik qaydada təhlükəsizlik reydləri keçirəcəklər. Bunu Fransanın daxili işlər naziri Bernard Cazeneuve bildirib.

Xəbər verilir ki, festivala axışan dünya ulduzları qırmızı xalçanın üstünə çıxmazdan əvvəl bahalı çantalarını yoxlayanların baxması üçün açmalı olacaqlar. Ümumilikdə isə festivalın keçirildiyi Palais des Festivals sarayındakı tədbirləri 400 fərdi xəfiyyə də izləyəcək.

Şəklin mənbəyi, Festival de Cannes 2016 Lagency. Taste Paris. Le Mpris 1963 StudioCanal Compagnia Cinematografica Champion S.P.A.

Festival günlərində Kann şəhərinin küçələrinə yüzlərlə polis və xüsusi təyinatlı çıxarılacaq. “The Guardian” yazır ki, bu tədbirlər təkcə terror təhlükəsi ilə bağlı deyil, beləki festival günlərində şəhərə çox sayda zəngin insanın gəlməsi buranı cəvahirat oğruları üçün də çəlcedici edir.

Məqalədə deyilir ki, 69-cu Kann Kino Festivalı İslam Dövləti adlanan təşkilatın cihadçıları tərəfindən törədilmiş və 130 insanın həyatına son qoymuş Paris basqınından 6 ay sonraya təsadüf edir.

Fransa hələ də fövqəladə vəziyyəti ləğv etməyib və cənab Cazeneuve deyib ki, insanlar düşmənin hər an zərbə endirə biləcəyini unutmamalıdırlar. Nazir festival boyunca sayıqlığın itirilməməsinə çağırıb.

Şəhərə, onun dünya kinosunun paytaxtına çevrilməsinə iki gün qalmış baş çəkən Cazeneuve deyib ki, polis qüvvələri tədbirin ümumi atmosferinə xələl gətirmədən onun təhlükəsizliyini təmin etməlidir.

Kann özünün 500-dək təhlükəsizlik kamerası ilə Fransanın ən intensiv izlənən şəhərlərindən biridir.

Şəhər meri David Lisnard təhlükəszilik tədbirlərinin tədbir boyunca keçirilən ziyafət və şənliklərə mane olacağı barədə iddiaları rədd edib.

O deyib ki, “Kann şəhəri təkcə kokteyl məclislərinə görə yox, həm də tədbirin yaradıcı ruhuna və Fransaya gətirdiyi qürur hissinə görə qorunmalıdır”.

Putinin heyranı Papadan çox imiş...

“The Daily Mail” qəzeti yazır ki, Rusiya lideri dünyanın ən məşhur insanları siyahısında Roma papası Francis-i və Dalay Lamanı geridə qoyub.

Ziddiyyətli keçmiş DTK agenti Putin 2016-cı il üçün dünyada ən çox heyranlıq yaradanların reytinqində 6-cı yeri tutub.

“The Daily Mail” yazır ki, Suriya müharibəsində despot Bəşər əl-Əsədi dəstəkləyən şəxsin YouGov agentliyi tərəfindən keçirilmiş rəy sorğusunda yüksək yeri qazanması çoxlarının təəccübünə səbəb olub.

Dünyada ən çox heyranlıq yaradan şəxslərin siyahısında birincilik isə Microsoft şirkətinin rəhbəri Bill Gates-ə qismət olub. Onun ardınca ABŞ prezidenti Barack Obama və Çin lideri Xi Jinping gəlirlər.

Roma Papası Francis və Vladimir Putin

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Roma Papası Francis və Vladimir Putin

Fizik Stephen Hawking bu siyahıda beşinci yeri tutub və onun ardınca Rusiya prezidenti Vladimir Putin gəlir.

Qadınlar arasında heyranlıq reytinqində birinci yeri Angelina Jolie tutub.

İkinci və üçüncü pilləni Britaniya kraliçası 2-ci Elizabeth və ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillary Clinton tuturlar. Kişilər arasında heyranlıq reytinqi aşağıdakı kimidir:

  • 1. Bill Gates
  • 2. Barack Obama
  • 3. Xi Jinping
  • 4. Jackie Chan
  • 5. Stephen Hawking
  • 6. Vladimir Putin
  • 7. Mark Zuckerberg
  • 8. Dalay Lama
  • 9. Narendra Modi
  • 10. Jack Ma

Qadınlar arasında heyranlıq reytinqində yerlər belə bölüşdürülüb:

  • 1. Angeline Jolie
  • 2. Kraliça 2-ci Elizabeth
  • 3. Hillary Clinton
  • 4. Oprah Winfrey
  • 5. Michelle Obama
  • 6. Celine Dion
  • 7. Malala Yousafzai
  • 8. Angela Merkel
  • 9. Aung San Suu Kyi
  • 10. Sandra Bullock