Britaniya mətbuatı: Stüardessalar haqqında "bəzi sərnişinlərin bilmədiyi faktlar"

“The Guardian” qəzeti Türkiyənin tanınmış yazıçısı Elif Şafakın məqaləsini dərc edib.
Məqalə baş nazir Ahmet Davutoğlunun istefa xəbərinin ardınca ölkədə yaşanan və yaşanacaq hadisələrə yazıçı baxışıdır. Şafak məqaləsinə Türkiyə parlamentində baş vermis bir cəfəng debatla başlayır.
Kürdpərəst HDP-dən bir deputat Oscar Wilde-dan sitat gətirmək istədiyini bildirir. Hakim AKP-dən başqa bir millət vəkili ona irad tutur ki, “sən türk və ya müsəlman aləmindən birini tapmadın ki, misal gətirəsən?”
“Sənin bu mədəniyyətdən, bu sivilizasiyadan misal gətirəcəyin biri yoxdurmu?”
Elə bu vaxt başqa bir AKP üzvü irad tutur ki, “bura Oscar mükafatının yeridirmi?” Çarəsiz qalan HDP üzvü Burcu Özkan deyir: “Bu Oscar Wilde-dır, mükafat deyil e, adamdır”. Şafak kinayə ilə yazır: “Onlar Wilde barədə debat etmədikləri vaxtlarda yumruq davasına çıxırlar”.
Erdoğan Türkiyə tarixində "ən bölücü fiqurdur"
Yazıçı parlamentdəki əlbəyaxada erməni millət vəkilinin döyüldüyünü yada salır. “Türkiyədə erməni olmaq çətindir. Yaxud kürd, yaxud ələvi, yaxud gey, şüurlu etirazçı, yaxud yəhudi, yaxud qadın – bir sözlə ölkədə baş verənlərlə razılaşmayan birisi olmaq çox çətindir. Söz azadlığı tərk edilib. “Eynilik ideologiyası” ölkədə hegemondur.
Bu ideologiyanı türk millətçiliyi, islamçılığı və avtoritarlığına qarışmış patriarxat və kişi hegemonluğu yaradıb” – yazır Şafak. “Türkiyə, daha sadəcə olaraq siyasi cəhətdən qütbləşməyib. İndi ölkə acınacaqlı şəkildə iki planetə bölünüb: Recep Tayyip Erdoğanı dəstəkləyənlərə və ən müxtəlif səbəblərdən onu dəstəkləməyənlərə. Nəzəri baxımdan siyasətdən yüksəkdə durmalı və neytral olmalı prezident bunların heç birinə əməl etmir. Erdoğan Türkiyənin müasir siyasət tarixində ən bölücü siyasətçidir” – deyir yazıçı.
Elif Şafakın fikrincə, AKP üzvlərindən liderə qeyd-şərtsiz tabeçilik tələb olunur. “Baş nazir Ahmet Davutoğlunun bəyanatı hamını təəccübləndirdi. O dedi ki, bu seçim yox, “zərurətdən” doğan bir qərardır. Bu sirr deyil ki, onu əvəzləyəcək şəxs Erdoğanın tam bəyəndiyi və onun tərəfindən tam nəzarət edilən birisi olacaq” – yazır Şafak.
Parçalanmış, ruhdan düşmüş müxalifət

Şəklin mənbəyi, Reuters
Yazıçının qənaətinə görə sonunda Erdoğan Türkiyəni hakimiyyət monopoliyası olan prezidentliyə çevirmək istəyir. Elif Şafakın məqaləsində deyilir ki, bu siyasətə qarşı müxalifət parçalanmış, pərakəndə və tamamilə ruhdan düşmüş vəziyyətdədir. Geiz parkıYazıçının fikrincə, bu ona görə baş verir ki, üç il bundan əvvəl yer almış Gezi Parkı etirazlarından bəri xalq sistematik şəkildə hədələnib.
Şafak yazır ki, Türkiyədə orta hesabla hər dörd gündən bir Erdoğanı təhqir etdiyinə görə kimsə məhkəməyə verilir. Erdoğan hakimiyyətə gələndən bəri 2000 belə məhkəmə işi olub. Şafak yazır ki, bunların arasında çox sayda jurnalist, karikatürçü, alim və hətta Facebook postuna görə məhkəməyə verilmiş tələbələr var.
Yazıçının fikrincə son illərdə mətbuat azadlığı qısılıb, əvəzində sosial media daha da siyasiləşib. “İndi ona da sıx şəkildə nəzarət olunur. Türkiyə Twitter-in bağlanmasını istəyən ölkələrin siyahısına başçılıq edir” – yazır Şafak.
“Türklük” maddəsi
Yazıçının fikrincə, ölkədə demokratiyanın mərkəzi komponentlərinin hamısı – hakimiyyət bölgüsü, qanunun aliliyi, söz azadlığı – bütün bunlar sındırılıb.
Şafak yazır ki, Anadoludakı hərbi əməliyyatlara etraz petisiyası tərtib edən alimlər dövlət mətbuatında rüsvay edilir. Onlardan bəziləri buna görə işlərini itiriblər. Dördü həbs edilib.
Yazıçı bildirir ki, “türklüyə dair bədnam 301-ci maddə" yenidən gündəmə gəlib, halbuki bu “türklüyün” nə demək olduğunu yerli-yataqlı bilən yoxdur.
Elif Şafak yazır ki, Türkiyəni Yaxın Şərqin başqa yerlərindən fərqləndirən dünyəvilik təhlükə altındadır və bu, xüsusilə də qadınlar üçün təhlükəli haldır.
Məqalədə deyilir ki, Türkiyənin iki veteran jurnalisti – Hikmet Çetinkaya və Ceyda Karan Charlie Hebdo karikaturalarını təkrar çap etdiklərinə görə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların məhkəmə dinləməsində islamçı şüarlar səsləndirilib. Türkiyə bu gün mətbuat azadlığına görə dünyanın 180 ölkəsi araslında 151-ci yeri tutur.
Nə oldu Türkiyə modeli?
Şafak yazır ki, türklərdə həmişə qara yumor hissi güclü olub, lakin bu gün hətta siyasətçilərə gülmək də olmur. Son rəy sorğuları göstərir ki, adamların yarısı hökuməti tənqid etməyin düzgün olmadığını düşünür.
“Angela Merkel alman məzhəkçilərinin Erdoğan tərəfindən mühakimə edilməsinə icazə verməklə həm də Türkiyə demokratlarına belə bir mesaj verir: “Siz təklənmisiniz” – yazır Şafak.
“Bizim ümid bağladığımız Türkiyə modelinə nə oldu? Qərb demokratiyası və dünyəviliyin əsasən müsəlman mədəniyyəti və pluralist cəmiyyətlə unikal qovşağı bu gün boş ritorikaya çevrilib” – deyilir məqalədə.
“Lakin Türkiyənin dərin ruh düşkünlüyündə, yorğun və tənha olsalar da, milyonlarla gözəl insanı var və onlar qlobal miqyasda bir-birinə bağlıdırlar və bu hökumətdən irəlidədirlər” – yazır Elif Şafak.
Piylənmə… yoluxucu xəstəlikdir

Şəklin mənbəyi, PA
“The Daily Telegraph” qəzeti yazır ki, piylənmə yoluxucu xəstəlikdir və qarın bakteriyası vasitəsilə arıq adamlara da yoluxa bilər. Alimlər inanırlar ki, bu bakteriyalar spor halında uzun müddət sağ qala bilir. Bu isə o deməkdir ki, sözü gedən bakteriya insan bədənindən kənarda yaşaya və insanlar arasında yayıla bilər.
Bəzi hesablamalara görə, insan çəkisinin iki faizi qarın bakteriyası ilə bağlıdır.
Sözü gedən elmi-tədqiqat işi Wellcome Trust Sanger İnstitutu tərəfindən aparılıb və nəticələri Nature jurnalında dərc olunub.
Britaniya bütün Qərbi Avropada ən böyük piylənmə faizinə malikdir.
Ölkənin özündə də piylənmə 1980-ci illərdən üç dəfə artıb. İndi Britaniyda kişilərin 6, qadınların isə 8 faizində piylənmə prosesi gedir.
"Stüardessalar yerin altını da bilirlər, üstünü də"
“The Telegraph” qəzetində dərc olunmuş başqa bir məqalədə hava bələdçiləri – stüardessalar haqqında əksər sərnişinlərin bilmədikləri faktlar yer alıb.
Keçmiş stüardessa Beth Windsor 10 min metr yüksəklikdə baş verən bəzi sirləri açmaq qərarına gəlib.
Kimsəsiz adada stüardessa ilə...

Stüardessalar ekstremal şəraitlərdə sağ qalmaq üçün xüsusi təlim keçirlər. Onlar daldalanacaq qurmağı, qida və su tapmağı bacarırlar. Onlara Arktika kimi yerlərdə, cəngəlliklərdə, səhralarda gəmi və təyyarələrə xüsusi siqnallar vermək öyrədilir.
Doğmaq vaxtı çatmış hamilələr də narahat olmaya bilərlər. Hava bələdçilərinə mamaçalıq etmək təlimi də keçilir. Amma Beth Windsor xəbərdarlıq edir ki, nəbadə doğmaq fikrinə ucuz “büdcə” reyslərdə düşəsiniz.
Bir sözlə stüardessa ilə kimsəsiz adaya düşsəniz bilin ki, yanınızda az qala Robinson Cruzoe var və siz etibarlı əllərdəsiniz.
Göyün yeddinci qatında siqaret çəkmək və ya sekslə məşğul olmaq istəyənlər özlərini cənnətdə hiss etməməlidirlər, çünki stüardessalar içəridən bağlanmış qapını lazım gəldikdə bayırdan aça bilirlər.
Keçmiş stüardessa yazır ki, “sizə qızınmaq üçün verilmiş adyalların altında nə işlə məşğul olduğunuzu da görür və eşidirlər. Hətta bütün işıqlar söndürüldükdən sonra da”.
Odur ki, özünüzü yaxşı aparın, “ay xanımlar və cənablar”.
Hər şəhərin ən yaxşı yerlərini onlar tanıyır
Stüardessalar da, pilot və şturmanlar kimi uçuş zamanı ayıq olmalıdırlar. Ona görə də onlara uçuşa 12 saatdan az qalmış spirtli içkilər qəbul etmək qadağan olunub.
Amma stüardessalar sizə getdiyiniz şəhərlərdə yaxşıca əylənməli yerləri nişan verə bilərlər.
Çünki onların özləri də enişdən sonra heyətlə birlikdə ən yaxşı barlarda, istirahət yerlərində olurlar.
Odur ki, yaxşı yeyib-içmək yerlərini stüardessalardan soruşmaq olar.
Stüardessaların hamısı niyə gözəldir?
Yeyib-içmək öz yerində, stüardessalara çəki artırmaq, kökəlmək qadağan edilib.
Buna əməl etməyə məcbursunuz, çünki sizə daha böyük ölçülü uniformanı verməyəcəklər.
Stüardessaların hamısı gözəl görünür. Beth Windsor yazır ki, bunun sirri onlara xüsusi makiaj kursunun keçilməsindədir.
Geyim qaydaları da mövcuddur. Ətək dizdən yuxarı ola bilməz. Kabluklar 6 santimetrdən hündür olmamalıdır. Dodaqlar mütləq
qırmızının müxtəlif çalarlarında boyanmalıdır. Dırnaqların manükürü də öz yerində.
Hə bir də…
Stüardessaların göylərdə görmədiyi nəsə qalmayıb.
Uçuş vaxtı striptiz göstərən sərnişinlər də olur, körpəsini başının üstündəki yük yerinə yerləşdirən analar da…



