Britaniya mətbuatı: Melania Trump haqqında nə bilirik?

Kleptokratlar 12 trilyon dollar “oğurlayıblar”
“The Guardian” yazır ki, Rusiya, Çin və başqa inkişaf etməkdə olan ölkələrdən ofşorlar vasitəsilə ümumilikdə 12 trilyon dollardan çox vəsait çıxarılıb.
Bu barədə təhqiqatın hesabatı bu gün Londonda antikorrupsiya sammitinin açılışına təsadüf edib.
18 ay ərzində aparılmış araşdırmanın nəticələri göstərib ki, xüsusilə də Çin və Rusiyadan vəsaitlərin çıxarılması kəskin artıb.
Columbia Universitetinin professoru James S Henry-nin Vergi Ədaləti Şəbəkəsi (Tax Justice Network – TJN) üçün apardığı tədqiqat 2014-cü ilin sonlarınadək Rusiyanın 1, 3 trilyon dollar dəyərində aktivlərinin ofşorlasrda olduğunu göstərib.
Araşdırma həm də Beynəlxalq Valyuta Fondu, BMT və yenicə sızmış Panama sənədlərindəki məlumatlara əsaslanır.
Çin vətəndaşları həmin müddət ərzində 1, 2 trilyon dollarlıq aktivləri ofşorlarda yerləşdiriblər.
Eyni zamanda McKinsey məsləhət şirkətinin baş iqtisadçısı olan professor Henry “The Guardian” qəzetinə bildirib ki, araşdırma ofşorlardan cinayətkarlar və büdcə oğruları tərəfindən təkcə vergidən yayınmaq üçün yox, əsas etibarilə oğurlanmış sərvətin gizlədilməsdi üçün istifadə edildiyini göstərib.
“Bu lap Ulduz Müharibələri filmindəki epizodu xatırladır, - deyib professor, - Bir küncə vergi fırıldaqçıları, başqa bir küncə silah alverçiləri və üçüncü bir küncМОССАКə kleptokratlar yığılıb”.
Kleptokratların “simicliyi”
Neft ölkələri arasında Nigeriya və Anqolanın ofşor fondlarda daha çox aktivinin olduğu üzə çıxıb. Bu sözləri Braziliya və Argentinaya da aid etmək olar.
Henry-nin sözlərinə görə, neft ölkələrindən vəsaitləri ofşorlarda gizlədənlər bunun vətənlərində sirr olaraq qalmaslını o qədər istəyiblər ki, hətta bu vəsaiti investisya etmək əvəzinə cüzi gəlirlə kifayətləniblər.
Halbuki bu pulların 1 faizinin iqtisadiyyata investisiya edilməsi ildə 131 milyard dollar vəsait yaradardı. Qlobal yardım fondunun vəsaiti elə təxminən bu qədərdir.
TJN antikorrupsiya sammitinə ev sahibliyi edən baş nazir David Cameron-u bankları, hüquqşünasları və başqa peşəkarları daha çox şəffaflığa məcbur edən qaydaların qəbul olunması üçün beynəlxalq sazişin əldə edilməsi yolunda səy göstərməyə çağırıb.
2012-ci ilə aid başqa bir təhqiqat dünya boyunca 20 trilyon dolların ölkələrdən çıxarıldığını göstərmişdi.

Şəklin mənbəyi, Getty
Qanunsuz pulların qanunla qorunması
Henry bildirib ki, son zamanlar təkcə yayındırılan vəsaitlər yox, həm də vergidən azad ofşor ərazilərin sayı durmadan artıb.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə aid ofşor vəsaitləri 2010-cu ildən bəri ildə 8 faiz artıb.
“The Guardian” vurğulayır ki, antikorrupsiya sammitini açan baş nazir Cameron öz gəlirlərini bəyan edərkən onun atasına aid ofşor investisiya fondunun mövcudluğu üzə çıxmışdı.
Henry bunu da qeyd edib ki, öz ölkələrindən pulları çıxaran oğru məmurlar qanunsuz sərvətlərinin qorunmasında qanunun aliliyindən istifadə etməyə çalışırlar.
Professor deyib ki, qanunsuz pullar təkcə Cayman adaları kimi ofşor ərazilərdə deyil, həm də məsələn ABŞ-ın Delaware ştatı kimi yerlərdə gizlədib. Buradakı qanunlar investisiya edilən vəsaitlərin əsl sahiblərinin adlarının açıqlanmasını tələb etmir.
Potensial birinci ledi miqrantdır
“The İndependent” qəzetində dərc olunmuş məqlələrdən biri Melania Trump haqqında öyrənə bildiyimiz 6 maraqlı fakt adlanır.
Məqalədə deyilir ki, New Yorker məcmuəsi Melania Trump-ın ərinin antmiqrant siyasətində istisna təşkil edir.
Başqa sözlərlə miqrantlara qarşı kəskin ritorika ilə danışan cənab Trump-ın öz xanımı miqrant əsillidir. Melania Trump ABŞ-a Sloveniyadan gəlib.
Jurnalist Julia Ioffe yazır ki, Melaniya atası Viktor Knavsın ikinci evliliyindən doğulub və onun Denis Cigelnjak adında atabir qardaşı Sloveniyada yaşayır.
Bu da qeyd olunur ki, keçmiş model Melania-nın atası birinci evlilikdən olan oğlunun atası olduğunu genetik test keçirilənədək inkar edirmiş.
GQ jurnalı bildirir ki, Melania-nın atası doğma oğlunun aliment pullarını ödəməkdən ölənədək yayınıb.
Denis müxbirlərə bildirib ki, əlbəttə bacıları Melania və İnes-i görmək maraqlı olardı, lakin nə atasından, nə də Trump-lardan heç nə istəmir.
Məcmuə yazır ki, bu barədə suala Melania Trump əvvəlcə inkarla cavab verib, lakin Sloveniya məhkəməsinin sənədləri ona göndəriləndən sonra “bu mənim atamın şəxsi işidir” deyib.
Jurnalist Lauren Collins yazır ki, milyarder Trump-ın gözü Melania Knaussa ilk dəfə 18 il bundan əvvəl düşüb, lakin o vaxt Donaldın yanında başqa bir qadın vardı.
Buna görə də Melania Trump-ın bütün yaxınlıq təkliflərini rədd edib.
Melania və Donald ilk dəfə New York-un Kit Kat klubunda model firmasının sahibi Paolo Zampolli tərəfindən verilən ziyafətdə tanış olublar.

Şəklin mənbəyi, AP
Nə Betty Ford, nə də Jackie Kennedy
ABŞ mətbuatı yazır ki, ərinin seçki kampaniyası uğur qazandıqca xanım Trump da özünü bir qədər birinci ledi kimi aparmağa başlayıb.
“The İndependent” yazır ki, bu, Donald Trump-ın prezidentlik sevdasına düşdüyü ilk dəfə deyil və odur ki, Melaniadan necə bir birinci ledi olmaq istədiyini artıq o vaxt soruşublar.
Amma burası da var ki, Melanianın o vaxtdan indiyə cavabı fərqli səslənib.
1999-cu ildə bu sualı ona verəndə cavab belə olmuşdu ki, “mən Betty Ford və ya Jackie Kennedy kimi ənənəvi birinci ledi olmaq istəyirəm”.
Amma bu il CNN-ə müsahibəsində Melania birinci ledi kimi qadınların və uşaqların problemlərinin həllinə çalışacağını deyib.
“Biz 21-ci əsrdəyik və mən – özüm olacağam. Mən başqa birinci ledilərdən tam fərqli olacağam” – deyib Melania Trump.
Daha “bikini tvitləri” yoxdur
ABŞ telekanallarındakı komediya şoularında Melania-nı Trump-ın arvadından daha çox qızına bənzədildiyini vurğulayırlar.
Bu da diqqəti çəkir ki, xanın Trump artıq öz Tvitter hesabından istifadə etmir. Burada onu daha çox bikini fotoları və gözəllik ritualları ilə tanıyırdılar.
İndi Melania Tvitterdə arabir görünür, onda da, məsələn GQ məcmuəsini “atabir qardaş” məsələsini faş etdiyinə görə “utandırır”.
“The İndependent” yazır ki, Melania yeri gəldikdə inadkar ərinə məsləhətlər veridiyini də deyib, hərçənd Donald Trump məsləhətə o qədər də qulaq asan insan kimi tanınmır.
Məqalədə qeyd olunur ki, indi jurnalistlər üçün Melania Trump barədə nə isə yeni bir faktlar öyrənmək çətin olacaq, çünki onu hazırda prezidentliyə namizədin özü qədər qoruyurlar.




