Rəşad Şirinin təhlili: Rusiyaya uduzan demokratiya

Şəklin mənbəyi, AFP

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Əvvəllər hamı geosiyasət haqqında danısmaği sevirdi. Xüsusilə Azərbaycanda. Maraqlı söhbət mövzusu idi. Son zamanlar nədənsə səngiyib geosiyasət söhbəti.

Daha doğrusu danışırlar, amma konseptuallaşdırmırlar. Yəni elə belə söhbətlər olur, əvvəl nəzəriyyələrə filan bağlayırdılar söhbətləri.

Halbuki, əsl vaxtıdı bu haqda danışmağın. İki hadisə haqqında danışım. Birincisi, MDB zirvə görüşüdür. Çox ötəri baxdım əslində xəbərlərə, heç bilmirəm də nəyi müzakirə edirdilər, amma görüntülər mənə də təsir etdi.

Bilmirəm mənə elə gəldi, yoxsa həqiqətən elə idi, amma sanki post-Sovet dövlət başçıları özlərini daha rahat hiss edirdilər indi bu tədbirdə.

Bəlkə də həyəcansızlığın rahatlığı idi. MDB keçmişə qayıdışdı, nostalgiyadı, amma həm də bügün rahatlıq verən bir formatdı. Heç kim heç kimdən həll olunmayan, verə bilməyəcəyi, mücərrəd şeylər istəmir sanki. Və təbii ki, MDB Rusiyanın proyektidi və rəhbərliyi hər zaman Rusiya edir.

İkinci hadisə Qırğızıstan və seçkidir. Paradoksal olan odur ki, Qırğızıstanın Orta Asiya dövlətləri arasında yeganə demokratik seçki keçirən dövlət ola-ola, həm də eyni zamanda ciddi şəkildə rusiyameyllidi.

Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) keçirdiyi sorğuya görə qırğızların 90 faizdən çoxu Rusiyanı dost, təxminən yarısı isə Amerikanı təhlükə görür. Amerika ilə münasibətlər gedərək korlanır, 1992-ci ildə imzalanmış əməkdaşlıq anlaşmasını bu yaxınlarda Qırğızıstan hökuməti ləğv etdi. Amerika Beynəlxalq inkişaf Agentliyi (USAID) Qırğızıstandaki proqramlarını dayandırır.

Dolayısıyla, üsul-idarə sistemindən asılı olmayaraq, Orta Asiyadaki dövlətlər Rusiyaya daha yaxındır, nəinki Amerikaya və ya Avropaya. Burada çox vacib sual ortaya çıxır. Nə oldu ki, post-Sovet olkələrinin bəzilərində Qərbdən uzaqlaşma yaşandı.

Səbəblərdən biri, fikrimcə, Qərbin demokratiyanı post-Sovet cəmiyyətləri və dövlətləri və yeganə üsul-idarə forması kimi görməsi və bunu təbliğ və təlqin etməsi oldu.

Halbuki, bu sistemlərin çoxu hibrid rejimlər adlanan, demokratik və liberal sistemlə avtoritar post-Sovet təcrübəsini birləşdirən siyasi və iqtisadi sistemlərdir.

Bunları Qərbdə qəbul olunmuş liberal-demokratik, “Westminster” sisteminə uyğun olaraq klassifikasiya etmək çətindir. Qərb sanki öz ideologiyasının qurbanı oldu bu ərazilərdə.

Təbii ki, işin mənəvi tərəfi var və bugünki dünyada demokratiya dəbdir və siz Qərb olaraq "demokratik sistemləri tərənnüm edib, avtoritar sistemləri pisləməlisiniz".

Halbuki, keçmis Sovetdə demokratik üsul-idarəyə daha yaxın olan sistemlərdə (Qırğızıstan, Gürcüstan, Ukrayna, Moldova) insanların rifahı yaxşılaşmadı. Bu, son dərəcə, onəmli bir məsələdir.

Bu ilin yayında ABS-ın Beynəlxalq Respublikacılar İnstitutu (IRI) Qırğızıstanda maraqlı bir sorğu keçirib. Sorğuda suallardan biri də o idi ki, sizin üçün hansı daha vacibdir: "rifah" yoxsa, "demokratiya". İnsanların əksəriyyəti rifahı seçib cavablarda.

Maraqlı bir fakt da diqqətimi çəkdi - orta və ahıl yaşlı qırğızlar Sovet dövrü və Rusiya hökmranlığı epoxasına qarşı ciddi nostalgiya yaşayırlar və post-Sovet dövrünü “demokratiya” adlandırırlar.

Amma bu demokratiya sözü müsbət yüklü bir söz və ya ideal deyil, daha çox yeni quruluşu və yeni dövrü əks etdirir.

Bu yeni dövrə doğru tənqidi yanaşanlar yeni post-Sovet elitalarının daha çox şəxsi maraq ilə hərəkət etdiyini qabardır, nəinki millətin marağını qorumaq hissi ilə. Eyni zamanda bütün önəmli nailiyyətlərin Rus və Sovet dövrünə aid olduğunu, mustəqillik illərində isə o qədər də ciddi iş görülmədiyini, sadəcə hakim qrupların öz ciblərini doldurduqlarını düşünənlər də var.

Son arqument bir çox hallarda ən güclü arqumentlərdəndi. Bir çox post-Sovet ölkələrində. Və təbii ki, Sovet nostalgiyası çox zaman Rusiyaya qarşı rəğbət ilə muşaiyət olunur, Rusiyanın bolgədə “yumşaq güçünu” artırır.

Hakim Rus elitası Gürcüstan və Ukraynadan sonra özünü bolgədə daha güclü və daha əmin hiss edir. Bişkəkdə bir Rus diplomatı mənə dedi ki, “Rus qanı tökülən bütün torpaqlarda biz hər zaman olacayıq, sadəlövh olmayın”.

Maraqlısı odur ki, həm Qərb, həm də Rusiya 90-lar və 2000-lərdə post-Sovet bolgəsində ideoloji mübarizə aparırdılar. Qərb dövlətləri və qurumları demokratiyanı yeni müstəqil dövlətlərin labüd idarəçilik forması kimi görürdü.

Rusiya bununla əvvəllər ritorikada razilaşsa da, demokratiyani öz mədəniyyəti, ənənəsi və siyasi quruluşuna təhlükə kimi görürdü, açıq və gizli şəkildə daha çox avtoritar sistemi təbliğ edirdi və dəstəkləyirdi.

Burada neytral siyasi təhlil çox vacibdi. Həm Qərb, həm də Rusiya Soyuq Müharibə dövründə istifadə etdikləri ideoloji mübarizəni yeni müstəviyə və mərhələyə çıxardılar. Sadəcə demokratiyanın qlobal nüfuzu və dəyərinin yüksək olduğu və Rusiya da özünün əslində demokratiya olduğunu bəyan edirdi və edir.

Sadəcə Qərbdən fərqli olduğunu vurğulamaq üçün Kreml “suveren demokratiya”, “idarə olunan demokratiya” məfhumlarından istifadə edirdi. Bu bir konsensus idi.

Əslində post-Sovet dövlətlərinin həm demokratiya həm də avtoritar elementləri özlərində birləşdirməsinin bir səbəbi də geosiyasi oyuna uyğunlaşmaq idi. Bu cür hibrid rejimlər hər iki tərəflə dolana biləcəyi bir forma seçdilər. Qərb üçün demokratiya oldular, Rusiya uçün isə “özümüzünkü”.

Məsəl üçün, hamı bilir ki, Özbəkistan, Türkmənistan və Qazaxstanda hakimiyyət dəyişməyəcək və siyasi sistem uzun müddət stabil olacaq. Amma buna baxmayaraq bu dövlətlər seçki keçirir və hətta beynəlxalq muşahidəçiləri dəvət edirlər. Bu addımlar daxildə legitimliyi gücləndirməklə yanaşi həm də Qərb dunyasına “biz də sizdənik” kimi mesaj verir.

Qırğızıstanın bu baxımdan rolu müstəsnadır, yeri gəlmişkən. Ölkədəki siyasi elitalar həqiqi demokratik seçki keçirməklə Qərbdən dəstək alırlar.

2000-ci illərin əvvəllərində balans ciddi şəkildə dəyişməyə başlayır. Gürcüstan, Ukrayna və Qırğızıstandakı rəngli inqilablar Rusiya modelini sarsıdıb, Qərb modelini gücləndirməyə çalışır.

Burada maraqlı məqam odur ki, Qərb dövlətləri anlayır ki, demokratiyanın yerləşməsi özü-özünə ya baş tutmayacaq, ya da uzun zaman alacaq və inqilablara dəstək verir.

Məşhur Avstraliyalı siyasət nəzəriyyəçisi John Keane “Demokratiyanın həyatı və ölümü” (Life and Death of Democracy) kitabında qeyd edir ki:

"Demokratiyanı, demək olar ki, heç yerdə demokratik yolla qurmaq mümkün olmayıb. Çox nadir hallarda demokratiya aydın niyyətlər və təmiz əllərə sahib olan insanların demokratik vasitələrdən istifadə etməsinin nəticəsidir. Təsadüflər, bəxtin gətirməsi və gözlənilməz nəticələr həmişə öz rolunu oynayır. Demokratiyanin qurulması hər zaman yalan, saxtakarlıq və zorakılıqla müşaiyyət olunur".

Burada bir daha qeyd etmək yerinə düşər ki, post-Sovet intellektualları və dissidentləri üçün demokratiyanın pozitiv dəyərini kənara qoysaq və məsələyə neytral geopolitik prizmadan baxsaq - demokratik sistemin oturuşması Qərb üçün önəmli olduğu qədər də, bu sistemin uğursuz olması Rusiya üçün də o qədər önəmli idi.

Çünki düşünülür ki, sistemlər demokratikləşsə, Rusiyaya deyil, Qərbə yaxın insanlar hakimiyyətə gələcək. Bir çox hallarda bu belə olsa da, Qırğızıstan misalı göstərir ki, bu heç də ümumi qayda deyil. Bu olkədə iqtidar da, muxalifət də Rusiyayönlüdü.

Görünən odur ki, hal-hazırdakı vəziyyət Rusiyanın xeyrinədir və gedərək bölgə (daha çox Qafqaz və Orta Asiya) Rusiya modelinə daha çox yaxınlasacaq və liberal-demokratik modeldən uzaqlaşmağa davam edəcək.

Geopolitik vəziyyət dəyişənə qədər.