Azadlıq qəzetinin direktoru "şübhəli şəxs qismində saxlanılıb"

Faiq Əmirlinin Nәrimanovdakı tәcridxanada olduğu bildirilir.

Şəklin mənbəyi, Courtesy photo

Şəklin alt yazısı, Faiq Əmirlinin Nәrimanovdakı tәcridxanada olduğu bildirilir.

Azadlıq qəzetinin maliyyə direktoru şübhәli şәxs qismindә 48 saatlıq saxlanılıb, onun vəkili bildirir.

Aqil Layıcov Faiq Əmirlinin Nәrimanovdakı müvəqqəti saxlanma tәcridxanasına aparıldığını deyib.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı şərh verməyiblər.

AXCP Əmirlinin saxlanılmasını "repressiya" adlandırıb.

“Əmirova qarşı hansı ittiham irəli sürülürsə sürülsün, bu, əsassız olacaq. Baş verənlər şəxsən mənə və partiyaya qarşı yönəlmiş sürətli repressiya kampaniyasının bir hissəsidir”, AXCP lideri Əli Kərimli Turan agentliyinə bildirib.

"Faiq Əmirlinin evində axtarış aparan şəxslər onun avtomobilinə də baxış keçirib. İstintaq İdarəsinin əməkdaşları avtomobilə baxış zamanı guya Fətulla Gülənə aid kitablar aşkarlayaraq götürüblər", Azadlıq qəzetində xəbərdə deyilir.

Nəşrə əsasən Faiq Əmirli həbs olunarkən avtomobilin açarları "ondan alınıb və bir saat müddətində istintaq idarəsinin əməkdaşlarında qalıb".

İyul ayında Faiq Əmirli təqib olunması ilə bağlı polisə müraciət etmişdi. O vaxt "Azadlıq" qəzetinin direktoru naməlum şəxslər tərəfindən, piyada və maşınla izlənməsi barədə məlumat yayıb.