AXCP-nin gənc fəalına 25 sutka həbs verilib

Şəklin mənbəyi, AXCP

AXCP-nin sosial şəbəkə fəalı Qədim Bəkirova Suraxanı Rayon Məhkəməsində 25 sutka həbs cəzası verilib, partiya sədrinin müavini Gözəl Bayramlı BBC Azərbaycancaya deyib.

Partiya nümayəndəsinin sözlərinə görə ona İnzibati Xətalar Məcəlləsinin, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham irəli sürülüb.

Partiyanın digər üzvü, Xətai rayon şöbəsi, Gənclər Komitəsinin sədri, Fuad Əhmədlinin nədə ittiham olunduğu isə hələ də bilinmir.

"Sadəcə onun barəsində 48 saat saxlanma haqda qərar çıxarılıb. Bu barədə onun atasına dövlət tərəfindən təyin olunan vəkil zəng edib məlumat verib", partiya nümayəndəsi, vəkilin dediyinə görə gəncin Dövlət Təhlükəsizlik Xidmətində saxlanıldığını deyir.

Gözəl Bayramlı deyir ki, Fuad Əhmədli saxlanılarkən onun evində axtarış aparıblar və atasına məxsus bir neçə kitabı götürüblər.

"Motivi siyasidir"

Suraxanı rayon şöbəsi Gənclər Komitəsinin fəalı olan Qədim Bəkirovu saxlamaq üçün isə polislər ilk olaraq onun evinə gələrək qardaşını saxlayıblar, Gözəl Bayramlı deyir.

"Sonradan bölmədə ona bildiriblər ki, o qardaşına görə saxlanılıb və Qədim bölməyə gəlmədiyi halda o buraxılmayacaq", deyə xanım Bayramlı polisin "qeyri-qanuni yoldan" istifadə etdiyini deyir.

Gözəl Bayramlının sözlərinə görə adları çəkilən gənclər sosial şəbəkə fəallarıdır və son dövrlər refendumla bağlı məsələlərə bağlı tənqidi fikir bildirir, onun əleyhinə yazılar yazırdılar.

"Biz həm də Milli Şura olaraq mitinqlər keçirməyi planlaşdırmışıq. Gənclər də həmin mitinqlərin təbliği ilə məşğul olur, çağırışlar edirlər", xanım Byarmalı həbsin "motivi siyasidir və başqa bir şey də ola bilməz" deyir.

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsini rəy almaq üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Bundan əlavə olaraq, prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Lakin hazırda qüvvədə olan Konstitutsiyaya əsasən prezidentin səlahiyyətləri baş nazirə keçir və onun təyinatı parlament tərəfindən təsdiq edilir.