Vəkil: Elgiz Qəhrəmanlıya qarşı "işgəncə törədilib"

Şəklin mənbəyi, NDA
Elgiz Qəhrəmanlı barəsində məhkəmənin həbs qətimkan tədbiri seçməsindən 24 saat keçməsinə baxmayaraq o hələ də Bakı istintaq Təscridxanasına göndərilməyib və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, vəkil Fariz Namazlı BBC Azərbaycancaya məlumat verib.
Cənab Namazlı ehtimal edir ki, Elgiz Qəhrəmanlının məhkəməyə gətirilməməsi və onun bu günə qədər Bakı İstintaq Təcridxanasına göndərilməməsi "ona hansısa qeyri-insani rəftar və ya işgəncə metodları tətbiq edilməsinin göstəricisidir".
"İndiyə qədər orda [Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi] saxlanılması onu deməyə əsas verir ki, ona qarşı işgəncə faktı törədilib. İstintaq təcridxanasına aparılsa o, tibbi müayinədən keçirilməlidir. Müayinədən keçəndə isə üzərində xəsarət varsa, o müəyyən olunacaq", vəkil əlavə edir.
Bu gün, Bakı Apellyasiya Məhkəməsində Elgiz Qəhrəmanlı barəsində seçilən <link type="page"><caption> 4 aylıq həbs qətimkan</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160815_elgiz_gahraman_detained" platform="highweb"/></link> tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Şəklin mənbəyi, Emin Bebirov
Cənab Namazlı deyir ki, Elgiz Qəhrəmanlı məhkəməyə gətirilməmişdi, əvəzində müstəntiq onun adından yazılmış bir məktub gətirib və iddia edib ki, məktubu Elgiz Qəhrəmanlı özü yazıb.
"Biz də dedik ki, qanunla saxlanılan şəxs məktub göndərirsə onu saxlanıldığı yerin müdiriyyəti vasitəsilə göndərir. Deməli, adam hazırda Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır", vəkil fikrini əsaslandırır.
Məktubda yazılanlara gəlincə hüquqşünas deyir ki, orda "guya" Elgiz bildirib ki, məhkəmə prosesində iştirak etmək istəmir və xahiş edir ki, onun iştirakı olmadan məhkəməni keçirsinlər və onun barəsində seçilən həbs qətimkan tədbirinə etirazı yoxdur.
Vəkil Namazlı məhkəməyə etiraz etsə də, hakim buna "məhəl qoymayıb" və Elgiz Qəhrəmanlı barəsində seçilən həbs qətimkan tədbirini "qüvvədə saxlayıb".
Bu cür məhkəmə qərarlarından şikayət nəzərdə tutulmadığını deyən vəkil, yaxın günlərdə təqsirləndirilən şəxslə görüşə bilmədiyi halda, müdafiə hüququnun pozulması ilə bağlı məhkəməyə şikayət verəcəyini deyir.
Prosesi izləmək üçün məhkəmə binası qarşısına toplaşan N!DA Hərəkat üzvü Turqut Qəmbər saxlanılaraq <link type="page"><caption> Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160818_nida_members_detained" platform="highweb"/></link>. Bir müddət orda saxlanıldıqdan sonra o sərbəst buraxılıb.
Məhkəmə önündə olan hərəkatın digər üzvləri ərazidən uzaqlaşdırılıb. Hərəkat üzvü Ülvi Həsənli deyir ki, hadisə yerində çəkiliş aparan şəxslərin mobil telefonları əllərindən alınaraq bir müddət sonra geri qaytarılıb.




