Azərbaycanda "Gülen tərəfdarlarına" cinayət işi başlanılıb

Erdoğan, Gülen

Şəklin mənbəyi, bbc

Şəklin alt yazısı, Türkiyə prezidenti Recep Tayyip Erdoğan çevrilişə cəhdlə bağlı ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edir

Azərbaycanda hakimiyyətin Fethullah Gülen tərəfdarları olduqları hesab etdiyi şəxslərə qarşı cinayət işi açılıb.

Fethullah Gülen, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən islamçı ruhanidir.

Bununla bağlı kimlərin saxlanıldığı hələlik bəlli deyil, Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya bildirib.

Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cənab Sultanov əlavə edib ki, "Azərbaycanda Fethullah Gülen terror təşkilatının əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb".

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edilib və nəticədə 240 insan həyatını itirib. Hadisədən sonra 23000-dən çox insan saxlanılıb və ya həbs edilib və 82000 dövlət qulluqçusu vəzifəsindən azad edilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan çevrilişə cəhdlə bağlı ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edir. Cənab Gülen iddiaları rədd edir.

İyulun 18-də Milli Teleradio Yayım Şurası "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə telekanalın yayımının müvəqqəti dayandırılması barədə qərar verib. Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib. ANS Şirkətlər qrupuna aid olan anspress.com saytı da fəaliyyətini həmin gündən dayandırıb.

Bundan əvvəl telekanalın ABŞ-dakı əməkdaşı Fehtullah Gülenin çevrilişlə bağlı mətbuat konfransında iştirak edib.