Ərdəbil xalçası toxuyan gənc ailə

Şəklin mənbəyi, chaikhana
Bu hünərli və sənətkar ailə ilə söhbət üçün iş yerlərinə gedirəm. Axşam saat beşdir, yeməklərin qoxusu gəlir.
Deyirlər ki, bu saata gədər qonaqları var imiş və onlarla xalça barədə danışıblar. Otaqların birində toxucular işləyir. Başqa bir otaq isə qonaqlar üçün nəzərdə tutulub. Burada xalçalar və toxumaq üçün dəzgah var.
Belə bir gənc ailənin xalça toxumağa necə həvəsləndiyi maraqlıdır.
Materialı <link type="page"><caption> Chai Khana</caption><url href="http://chai-khana.org/az" platform="highweb"/></link> və BBC Azərbaycanca hazırlayıb.
Ərdəbil xalçası
Bu marağıma cavab olaraq Lalə Şəfae xalça fabriki yaratmaının səbəbini danışır:
“Atam xalça tərtibatçısı olub və 40 il bu işlə məşğul idi. Beş il əvvəl yaş həddinə görə bu işdən ayrılıb. Bu səbəbdən mən də uşaqlıqdan xalça toxumaqla maraqlanırdım. Əmirlə nişanlandıqdan sonra ortaq iş qurmaq istəyirdik".

Şəklin mənbəyi, chaikhana
Söhbətə qoşulan Əmir Gözəli isə bunları deyir:
“Lalə ilə xalçaçılıq işi ilə məşğul olmağa qərar verdik. Hər ikimiz bu gözəl və əsalətli sənəti sevirik. Ərdəbil şəhərində bu sənətlə bağlı bir yenilik də yox idi”.
Lalə və Əmir 3 il əvvəl bu sənətlə məşğul olmağa başlayıblar. Brendin adını isə məhz 3-cü il dəqiqləşdiriblər: “Ərdəbil”.

Şəklin mənbəyi, chaikhana
Əllə toxunan xalçalarla maşınla toxunanlara qarşı münasibət haqda danışdıqda isə Lalə deyir ki, xoşbəxtlikdən xalq incəsənəti yaxşı tanıyır və qədrini bilir.
“Uzaq keçmişdə əllə toxunan xalçanın İran xalqı arasında xüsusi yeri var imiş. Amma xalçanı təşkil edən maddələr və əmək pulu baha olduğundan bəzən xalqın iqtisadi durumu əllə toxunan xalçanı alıb ayaq altına sərməyə imkan verməyib”.
Əmir Lalənin sözlərinə əlavə olaraq bildirir ki, əllə toxunmuş xalçanın saxlanılmasının da özünəməxsus zəhməti var.
"Keçmişdə insanlar maddi duruma görə maşınla toxunmuş xalçaya üstünlük verirdilər. Amma zaman keçdikcə onlar başa düşdülər ki, həmin xalçaların ömrü əl ilə toxunanlara nisbətdə azdır”.

Şəklin mənbəyi, chaikhana

Şəklin mənbəyi, chaikhana
Müsahiblərim təkçə xalça toxumaqla məşğul deyillər, həmçinin fabrikdə kilim, vərni də toxunduğunu və toxunma üzrə təlim dərsləri keçirildiyini də qeyd edirlər. Onlar, həmçinin, xalça tabloları da hazırlayırlar.
Söhbət zamanı Əmir xalça istehsalının mərhələlərindən danışır.
“Birinci mərhələ ip, sap, çələk kimi ləvazimatların hazırlanmasıdır. Tərtibatçı müəyyən dizaynı çəkəndən sonra ipləri ona uyğun seçirik və öz boyaqxanamızda ipləri boyayırıq.

Şəklin mənbəyi, chaikhana

Şəklin mənbəyi, chaikhana
İplər və dizayn hazır olandan sonra xalçanın boyu çəkilir və işçilər dizaynın üzərindən ilmək salmağa başlayırlar. Daha sonra toxuma işi başa çatdırılır.
Sonda isə xalçanın üzü alınır və kənarları hazırlanır və satışa çıxarılır”.
Qadın işi
Rəsmi məlumatlara görə, xalça toxuyanların çoxunu qadınlar təşkil edir.
Bu peşədən gələn gəlirin dolanşığa yetməsi ilə bağlı suala cavab verən Əmir bildirir ki, “təəssüf ki, bu sənətə lazımi dəyər verilmir”.

Şəklin mənbəyi, chaikhana
Lalənin sözlərinə görə, xalça toxuyanların çoxunun maddi durumu yaxşı deyil.
“Xalça toxuyanların çoxu ailəli olmayan və ya tənha qadınlardır. Onların bu işə ehtiyacları var”, o deyir.

Şəklin mənbəyi, chaikhana

Şəklin mənbəyi, chaikhana
Əmir deyir ki, bu peşə ilə uzun müddət məşğul olanlar üçün, xalçaçılıq çox qazanclı işdir. Çünki onlar bazarda yerlərini möhkəmləndiriblər və artıq daimi müştəriləri var.
“Bizim kimi bu sahədə yeni olanların bazardan tez getmə ehtimalı böyükdür”, o qeyd edir.
"İşimizə başlayandan yenilik və təşəbbüslə bu sahəyə daxil olduq. Çalışırıq hər zaman fərqli işlər bazara çıxaraq. Ümid edirik ki, bu işdə öz istədiyimiz yerə gələrik”, Lalə qeyd edir.
Əmirin sözlərinə görə, əvvəllər iş üçün kredit də götürüblər. Ancaq o, bir ildir bu kredi geri ödəməkdən də narazılıq edir.
“Kaş gənc iş yaradanlara himayə olardılar”, o deyir.

Şəklin mənbəyi, chaikhana
Lalə deyir ki, əsasən aldıqları sifariş üzrə işləyirlər. Onlar həmçinin, xalq arasında məşhur olan xalçaları da toxuyaraq bazara çıxarırlar.
“Hələlik ixrac etmirik, amma ixrac etmək üçün bir sıra maraqlı xalça toxumağa başlamışıq”, o danışır.
İranın "ən yaxşı" xalı toxuyanları
Əmir bildirir ki, İranın ən yaxşı xalı toxuyanları Azərbaycanda yaşayır və Ərdəbildə bu sahə daha da güclənə bilər.
“Amma təəsüf ki, bu sahədə çox geri qalmışıq. Çünki bu sahənin keçmiş sahibkarlarının birlik və ittifaqları yoxdur”, o deyir.

Şəklin mənbəyi, chaikhana
Lalə də bu sahədə birliyin önəmini vurğulayır.
"Təcrübəli xalça işçiləri gənclərə dəstək versələr o zaman yəqin bu sahədə Ərdəbil şəhəri birincilərdən olacaq və ixracatla məşğul olacaq. Biz bu yolda heç bir əmək əsirgəməyəcəyik”.
Lalə onu da qeyd edir ki, son illərdə xalça toxuma məktəb və atelyeləri çoxalıb. Bu səbəbdən də xalq arasında xalça toxumağa yenidən həvəs yaranıb. O, həmçinin, əvvəllər bu sənətdə daha canlanma olduğunu qeyd edir.
Əmir atelyedəki işçilərinə yaxşı mühitdə işləmək üçün şərait yaratdıqlarını bildirir və əlavə edir ki, bütün bu səylərə baxmayaraq atelyedə işçi azlığı da var.
Sonda müsahiblərim iş qurmaq istəyən gənclərə ümidlərini itirməməyi diləyirlər.
“Arzu edirəm bütün gənclər öz məqsədlərinə çatmaqda uğurlu olsunlar. Onlara deyərdim ki, heç vaxt çalışmaqdan əl çəkməsinlər”, Lalə bildirir.
Əmir isə gələcəkdə Ərdəbil şəhərinin sadəcə İranda yox, bütün dünyada ən yaxşı xalça istehsal edən şəhər olmasını arzu etdiyini deyir.
<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> 4000 borc və işsizlikdən Bakıya üz tutan iki təndirçi qadı</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160805_chai_khana_women" platform="highweb"/></link>n




