Şimal-Cənub Nəqliyyat Dəhlizi nədir?

Şəklin mənbəyi, president.az
Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə əsas müzakirə mövzusu Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) yaradılması olub.
Azərbaycanın təşəbbüsü ilə keçirilən ilk görüşün sonunda bu nəqliyyat şəbəkəsi də daxil olmaqla, iqtisadiyyat, ticarət, enerji, qaz, təhlükəsizlik və digər məsələlərə dair birgə Bəyannamə imzalanıb.
Cənab Putin söyləyib ki, bu görüş ölkələr arasında əlaqələr tarixində yeni səhifə açıb.
Növbəti görüş İran prezidenti Həsən Ruhaninin təklifi ilə İranda baş tutacaq. Görüşün dəqiq vaxtı hələlik təyin olunmayıb.
Nəqliyyat Dəhlizi layihəsi

Şəklin mənbəyi, presidentaz
Dəhliz, Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır.
İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin görüşdən sonra verdikləri birgə bəyanatda qeyd ediblər ki, dəhlizin "ümumi maraqlara uyğunluğu" üçün əllərindən gələni edəcəklər.
"Yaradacağımız “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcəkdir", cənab Əliyev qeyd edib.
ŞCND Hindistandan Orta Şərq və Qafqaza, Mərkəzi Asiya və Avropanı birləşdirən layihədir.
Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanlarını, həmçinin Bakı, Astraxan, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

Şəklin mənbəyi, presidentaz
İran, Hindistan və Rusiyadan əlavə, bu nəqliyyat şəbəkəsi Ermənistan, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan arasında da inteqrasiyanı asanlaşdıracaq.
Mumbaydan Bakı və Bəndər Abbas limanı ilə Astraxana uzanan quru yolu 2014-cü ildə reallaşdırılıb. Bunun nəticəsində hər 15 tonun daşınmasına görə xərclərdə 2500 dollar azalma olub.
"Bizim danışıqlarımız flaqman layihəyə - 7200 kilometr uzunluğu olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə fokuslanacaq", cənab Putin Bakıya səfərindən öncə bildirmişdi.
Digər müzakirələr

Şəklin mənbəyi, presidentaz
Prezidentlər, həmçinin təbii qaz sənayesi sahəsində, xüsusilə, texnologiya paylaşması, qazın daşınması və çatdırılmasında əməkdaşlığı da müzakirə ediblər.
Rusiya, ölkələr arasında silahlıların, silahların və narkotiklərin tranzitinin qarşısını almaq üçün informasiya mübadiləsinin fəallaşdırılmasını irəli sürüb.
Cənab Putinin sözlərinə görə, qlobal iqtisadi böhrana görə ölkələr oxşar problemlərlə üzləşir. O Azərbaycan və İranı "yaxşı qonşu və Rusiyanın əhəmiyyətli tərəfdaşları" adlandırıb.
Bölgədəki gərginliklərdən danışan Rusiya prezidenti "Əfqanıstan, həm də Yaxın Şərqdə qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, “Cəbhət ən-Nusra” və digər terror təşkilatlarından" gələn təhlükəzi nəzərdə tutub.
"Bütün bunlar bizim üçün real təhlükədir", o söyləyib.
Onlar elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi cəhdlərini də dəstəkləyib.
Digər müzakirə mövzusu olan bankçılıq sahəsində isə prezidentlər sərmaye cəlbi və yeni texnologiyaların tətbiqinə dair birgə çalışmaqdan danışıb.




