İran- Azərbaycan: iqtisadi və nəqliyyat sahəsinə dair sənədlər imzalanıb

Şəklin mənbəyi, presidentaz
İran prezidenti Həsən Ruhani azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşlərdə "terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq" sahəsində razılaşmaların əldə ediləcəyinə inandığını bildirib.
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü sabah baş tutmalıdır.
Cənab Ruhani bu səhər iqtisadi və siyasi "strateji" görüşlər keçirmək üçün Bakıya gəlib.
Bazar günü o, prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib və Azərbaycan-İran arasında bir sıra sənədlər imzalanıb.
Dəmir yolu və avtomobil və dərman zavodları
“Hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir. Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 66 faiz artıb," APA prezident Əliyevin mətbuat konfransında çıxışından sitat gətirir.
Cənab Əliyev qeyd edib ki, yaxınlarda İran texnologiyası ilə çalışan dərman zavodunun bünövrəsi qoyulacaq.
Həmçinin o söyləyib ki, Azərbaycan bu ilin sonuna kimi öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq.
İmzalana sənədlər arasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək məqsədi daşıyan Memorandum da var.
"Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq,” cənab Əliyev qeyd edib
Rüsumlar, banklar və Xəzər dənizi
“İki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır. Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik,” cənab Ruhani görüşlərdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu gün iki ölkənin Mərkəzi bankları arasında sənəd imzalandı. İki ölkə arasında bank əlaqələrin azad ticarətə zəmin yaradacaq səviyyədə genişlənməsini istəyirik. Azərbaycanda avtomobil zavodunun təməli qoyulub. Bu, il ərzində 10 min avtomobilin istehsal edilməsinə, Azərbaycan və qonşu ölkələrin ehtiyacının təmin edilməsini şərtləndirir.”
Onun sözlərinə görə, cənab Əliyevlə keçirilmiş görüşdə Xəzər dənizinə dair məsələlər də müzakirə edilib.
"Xəzərlə bağlı bəzi problemləri aradan qaldırmaq üçün sürətlə işlər görülməlidir. Neft, qaz və digər sahələrdə müştərək fəaliyyəti zəruri sayırıq. Bizim üçün ekosistem də çox önəmlidir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə Xəzərlə bağlı bir Mərkəzin yaradılmasını da təşviq edirik,” APA prezidentlərin mətbuat konfransında çıxışlarından sitat gətirib.
Görüşlərdən öncə cənab Ruhanının rəsmi qarşılanma mərasimi olub, president.az saytı məlumat verir.
Bakıya rəsmi səfəri gələrkən o, Tehran hava limanında jurnalistlərə deyib ki, strateji regional və beynəlxalq məsələlər müzakirə mövzusu olacaq, İRNA bildirib.
Cənab Ruhan Rusiya prezidenti Vladimir Putinlə görüşü isə sabah baş tutmalıdır.
Agentlik yazır ki, son vaxtlar Tehran və Moskva arasında "siyasi və müdafiə məsələləri ən yüksək səviyyədədir".
Həmçinin deyilir ki, Rusiyanın İrana S-300 havadan müdafiə sistemlərini vermək qərarı alması Moskvada "Tehrana inamı" artıracaq.
İran mətbuatı yazır ki, Rusiyanın İranla xarici siyasi münasibətləri dostluğa görə deyil, ABŞ-a qarşı müxaliflik əsasında formalaşır. Həmçinin Rusiya "İranın İslam ölkələrində nüfüzundan istifadə etmək istəyir", Mardom Salari qəzeti yazıb.




